"Tibbi sığorta haqqında" qanuna dəyişiklik edildi

İyul ayında Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasları keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Rəqabət Məcəlləsində, "Sosial sığorta haqqında", "Polis haqqında", "Tibbi sığorta haqqında", "Notariat haqqında", "İcra məmurları haqqında", "İcra haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "İnzibati icraat haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Nağdsız hesablaşmalar haqqında" və "Siyasi partiyalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, sənəd hazırda Milli Məclisin müzakirəsinə təqdim edilmiş "Xüsusi icra məmurları haqqında" qanun layihəsinə uyğunlaşdırmaq məqsədilə hazırlanıb.
Bu məsələ ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa rəhbərlik etdikləri komitələrin qanun layihəsi barədə müsbət rəylərini diqqətə çatdırıblar.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Parlamentin növbəti plenar iclasında həmin qanun layihəsi ikinci oxunuşda təqdim olunub. Komitələrin qanun layihəsi barədə müsbət rəyləri diqqətə çatdırıldıqdan sonra o, səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclasında qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Xəbəri paylaş