Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişikliklər edilib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin tələbə qəbulu və təhsillə bağlı bir sıra qərarlarına dəyişikliklər edilməsi barədə Qərar imzalayıb.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 39 nömrəli, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 8 fevral tarixli 40 nömrəli, “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın təsdiq edilməsi və “Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 20 may tarixli 229 nömrəli, “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 20 may tarixli 230 nömrəli, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 23 mart tarixli 106 nömrəli və “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 aprel tarixli 156 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə bu Qərarda tibb təhsilinə aid bəndlər də var.
Belə ki, Nazirlər Kabineti Elm və Təhsil Nazirliyinin təklifinə əsasən qərara alıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda “ali təhsil müəssisələrinə sənəd qəbulu” sözləri “yaz və yay sessiyalarının hər birində ali təhsil müəssisələrinə imtahanda iştirak üçün qeydiyyat” sözləri ilə əvəz edilsin.
Qaydaların 3.9-2-ci bəndi ləğv olunub, həmçinin Qaydalara 1 nömrəli əlavə - “İxtisas qrupları və ixtisaslar” yeni redaksiyada verilib. Burada tibb təhsilinin də daxil olduğu IV ixtisas qrupuna aşağıdakı ixtisaslar aiddir:
1. Biologiya müəllimliyi
2. Kimya müəllimliyi
3. Kimya və biologiya müəllimliyi
4. Psixologiya
5. Biologiya
6. Biotexnologiya
7. Ekologiya
8. Kimya
9. Su bioehtiyatları və akvakultura
10. Bağçılıq və tərəvəzçilik
11. Baytarlıq təbabəti
12. Bitki mühafizəsi
13. Əczaçılıq
14. Fizioterapiya
15. İctimai səhiyyə
16. Qidalanma və diyetologiya
17. Tibb bacısı (qardaşı) işi
18. Hərbi tibb
19. Stomatologiya
20. Tibb
Yeni Qərar Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul Qaydaları”nda da dəyişiklikləri nəzərdə tutur.
Qaydaların 3.5-ci bəndi aşağıdakı redaksiyada verilib:
“3.5. Magistratura səviyyəsi üzrə Azərbaycan İdman Akademiyasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına, “ADA” Universitetinə, Moskva Dövlət Universitetinin Bakı filialına, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, Hərbi Elmi Tədqiqat İnstitutuna, Hərbi İdarəetmə İnstitutuna, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasına, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına və “Birgə Azərbaycan – Fransız Universiteti (UFAZ)”nə qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər”.
Yeni Qərara əsasən, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nın 4.11-ci və 4.12-ci bəndləri aşağıdakı redaksiyada verilir:
“4.11. Bu Qaydaların 4.10-cu bəndində nəzərdə tutulan ixtisas qrupları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı” ilə müəyyən edilir.
4.12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “Təbiət ixtisasları qrupu”na və “Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisaslar Təsnifatı”na daxil olan ixtisaslar üzrə bakalavriat səviyyəsini (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisəsinə köçürüldüyü ixtisasların siyahısı Nazirlik tərəfindən müəyyən olunur.”.
Xəbəri paylaş