Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Aprelin 28-də Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk həqiqi üzvü, fədakar alim akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyi qeyd olunub.
Səhiyyə Nazirliyinin rəhbərliyi bu münasibətlə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Səhiyyə Nazirliyinin rəhbər şəxsləri əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub və tər çiçəklər düzülüb.
Həmçinin görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin də məzarları üzərinə tər çiçəklər qoyulub.
Akademik Zərifə xanım Əliyevanın tədqiqatları və alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində mühüm mərhələ təşkil edir. Azərbaycan oftalmologiya elmini dünyada tanıtdıran Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Xəbəri paylaş