Səhiyyə Nazirliyində “GE Healthcare” şirkətinin regional direktoru ilə görüş olub

Səhiyyə Nazirliyində ABŞ-nin “GE Healthcare” şirkətinin Rusiya və MDB ölkələri üzrə prezidenti və icraçı direktoru Yelena Legezinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, görüşdə Azərbaycanın səhiyyə naziri Teymur Musayev “GE Healthcare” şirkətinin dünyada tibbi avadanlıq və texnologiyaların aparıcı istehsalçılarından biri olduğunu qeyd edib: “Şirkətin dünyanın qabaqcıl xəstəxanalarının yüksəkkeyfiyyətli diaqnostik vizualizasiya avadanlığı, MRT və ultrasəs aparatları, müasir İT həlləri ilə təmin edilməsi sahəsində zəngin təcrübəsi mütəxəssislərə diferensial diaqnostika zamanı dəqiq məlumat əldə etməyə imkan verir. Bundan əlavə, “GE Healthcare” texnologiyaları həkimlərin və tibb müəssisələrinin səmərəliliyini artırmağa və bir çox xəstəliklərin müalicəsinin dəqiq üsullarını seçməyə kömək edir”, - deyə nazir vurğulayıb. Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın inkişaf edəcəyinə əminliyini ifadə edib.
“GE Healthcare” şirkətinin Rusiya və MDB ölkələri üzrə prezidenti Yelena Legezina isə belə görüşlərin təcrübə və bilik mübadiləsi baxımından vacibliyini vurğulayıb. Nümayəndə heyətinin rəhbəri şirkətin Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Qeyd olunub ki, “GE Healthcare” şirkəti tibbi görüntüləmə və informasiya texnologiyaları sahəsində zəngin təcrübəsi ilə yanaşı, tədqiqat və innovasiyalara fəal sərmayə qoyur, eyni zamanda, aparıcı tibb müəssisələri və səhiyyə mütəxəssisləri ilə əməkdaşlıq edir. Bundan əlavə, ixtisaslaşmış mütəxəssis və ekspertlərə tibbi avadanlıqlarla işləmək vərdişlərinə yiyələnməsinə kömək göstərmək məqsədilə “GE Healthcare” şirkəti Rusiya, Qazaxıstan və Özbəkistanda “GE Healthcare Academy” tədris mərkəzini açıb.
Görüş zamanı tərəflər müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq üçün potensial imkanları müzakirə ediblər.
Xəbəri paylaş