Azərbaycan səhiyyə naziri Astanada bir sıra görüşlər keçirib

Astanada Türk Dövlətləri Təşkilatı (TDT) səhiyyə nazirlərinin V iclası çərçivəsində Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin bir sıra çoxtərəfli və ikitərəfli görüşləri baş tutub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Qazaxıstanın Baş naziri Oljas Bektenovun TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri ilə görüşü zamanı ölkələrimiz arasındakı münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb. Bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna diqqət və dəstəyi qeyd edilib.
Səhiyyə naziri Teymur Musayev ötən il dekabrın 25-də Bakı – Qroznı marşrutu ilə uçuş edən “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğradığı zaman zərərçəkənlərin xilas edilməsi üçün köməklik göstərən Qazaxıstan Səhiyyə Nazirliyi və digər dövlət qurumlarının əməkdaşlarına, həmçinin qardaş ölkənin vətəndaşlarına təşəkkürünü bildirib.
Ölkələrimiz arasındakı münasibətlərin ikitərəfli qaydada inkişafı ilə yanaşı, beynəlxalq platformalarda da uğurlu əməkdaşlığın davam etdiyi diqqətə çatdırılıb. Azərbaycanın səhiyyə naziri TDT çərçivəsində ölkəmizin irəli sürdüyü təşəbbüslərin Qazaxıstan tərəfindən dəstəkləndiyinə görə minnətdarlığını bildirib.
Qazaxıstan Prezidentinin köməkçisi Tamara Duysenova ilə keçirilən görüşdə Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr arasında son illərdə müxtəlif sahələrdə, o cümlədən səhiyyə sahəsində əlaqələrin dinamik inkişaf etdiyi vurğulanıb.
Azərbaycanın səhiyyə naziri Teymur Musayevin Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova ilə görüşündə tibb müəssisələrinin akkreditasiyası, fövqəladə vəziyyətlərdə təcili tibbi yardım, səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf perspektivləri müzakirə olunub.
Teymur Musayev həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional direktoru Hans Henri Klüge ilə görüşüb. Görüşdə tərəflər Azərbaycanın ÜST ilə səmərəli əməkdaşlığını müsbət dəyərləndiriblər.
Xəbəri paylaş