Teymur Musayev: Türk Dövlətləri Təşkilatı regional əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır

Teymur Musayev: Türk Dövlətləri Təşkilatı regional əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır

Azərbaycanın səhiyyə naziri Astanada türk dövlətləri səhiyyə nazirlərinin V iclasında çıxış edib

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin V iclası keçirilib.
Azərbaycan Səhiyyə Nazirliyi mətbuat xidmətinin və AZƏRTAC-ın yayımladığı məlumatlara görə, Türk Dövlətləri Təşkilatının və Qazaxıstan Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmiz səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Açılış nitqi ilə çıxış edən TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tədbirin mahiyyətini vurğulayaraq bildirib ki, təşkilata üzv dövlətlər arasında səhiyyə sahəsində ikitərəfli və faydalı əməkdaşlıq mövcuddur.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional direktoru Hans Henri Klüge tədbirin əhəmiyyətini vurğulayıb, iclasın işinə uğurlar arzulayıb.
Beynəlxalq tədbirdə TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirləri, ali tibb təhsili qurumlarının rəhbərləri, həmçinin müxtəlif ölkələrdən dəvət olunmuş elm adamlarının iştirak etdiyini bildirən Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova iclasın uğurlu və səmərəli olacağına əminliyini ifadə edib.
İclasda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev türk dünyasının tarixən müxtəlif çətinliklərlə üzləşdiyini, lakin bütün bəşəri sınaqlardan uğurla keçərək daha da gücləndiyini və inkişaf etdiyini vurğulayıb. O, ilk növbədə, ötən il dekabrın 25-də Bakı – Qroznı marşrutu ilə uçuş edən, “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğradığı zaman zərərçəkənlərin xilas edilməsi üçün köməklik göstərən Qazaxıstanın Səhiyyə Nazirliyi və digər dövlət orqanlarının əməkdaşlarına, həmçinin köməkliyini əsirgəməyən qardaş ölkənin vətəndaşlarına təşəkkürünü bildirib. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan xilasedicilərinin və tibb personalının peşəkar fəaliyyətini yüksək qiymətləndirdiyini, onların əsl qəhrəmanlıq göstərdiklərini qeyd etdiyini xatırladıb. Bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə qəzadan dərhal sonra Azərbaycanın dövlət qurumlarından ibarət heyət Aktau şəhərinə ezam edilib. Qəza baş verən gün Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova ilə telefon əlaqəsi saxladığını deyən Teymur Musayev hadisənin baş verdiyi ilk dəqiqələrdən etibarən A.Alnazarova başda olmaqla, Qazaxıstanlı tibb işçilərinin böyük dəstək və fədakarlıq göstərdiklərini vurğulayıb. Bildirib ki, yaralıların sağ qalması və sonradan ölkələrinə təxliyə edilməsi vaxtında və yüksək peşəkarlıqla göstərilən tibbi yardım nəticəsində mümkün olub: “Yalnız Aktauda deyil, Qazaxıstanın bir neçə əyalətində iki gün ərzində minlərlə insan könüllü şəkildə qan verib. Qazaxıstanlı qardaş və bacılarımızın göstərdikləri həmrəylik Azərbaycan xalqının qəlbində böyük iz buraxıb”.
Tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Teymur Musayev Türk Dövlətləri Təşkilatının qısa müddətdə üzv və müşahidəçi ölkələr arasında münasibətlərin, regional əməkdaşlığın dərinləşməsində mühüm rol oynadığını bildirib: “Ortaq tarix, dil, kimlik və mədəniyyət kimi dörd əsas sütun üzərində qurulan təşkilatın beynəlxalq münasibətlər sistemində artan nüfuzu ölkə rəhbərlərinin uzaqgörən siyasətinin, qarşılıqlı inam və dəstəyinin nəticəsidir. 2024-cü ilin sentyabr ayında Ortaq Türk Əlifbasının qəbul edilməsi ən ali səviyyədə göstərilən dəstək sayəsində mümkün olub”.
TDT səhiyyə nazirlərinin IV iclasının Şuşa şəhərində keçirilməsinin tarixi və qürurverici hadisə olduğunu vurğulayan Teymur Musayev iclas çərçivəsində Türktransplant Vahid İnformasiya Sisteminin yaradılmasına dair niyyət protokolunun və digər vacib sənədlərin imzalandığını qeyd edib. Donor və resipiyent məlumatlarının sərhədlərarası mübadiləsini nəzərdə tutan bu protokolun imzalanmasında göstərilən dəstəyə görə üzv dövlətlərə təşəkkürünü bildirib.
Eyni zamanda, nazir söyləyib ki, TDT-nin üzv və müşahidəçi ölkələrinin vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsi builki iclasda birgə fəaliyyətin prioritet istiqamətləri kimi nəzərdən keçirilir. Teymur Musayev həmçinin qeyd edib ki, səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının sürətli tətbiqi TDT çərçivəsində vahid elektron səhiyyə standartlarının hazırlanmasını mümkün edir.
“Prezident İlham Əliyevin “Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərindən birinə çevrilməlidir” ifadəsinin uğurla reallaşdırıldığını görürük. Əminəm ki, hər birimiz bu istiqamətdə səylərimizi əsirgəməyəcəyik”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.
Öz çıxışlarında Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu, Özbəkistanın səhiyyə naziri Asilbek Xudayarov, Qırğızıstanın səhiyyə naziri Erkin Çeçeybayev və Macarıstanın Daxili İşlər Nazirliyi dövlət katibinin müavini Judit Bidlo beynəlxalq tədbirin ölkələr arasında əməkdaşlığın müasir müstəvidə yeni prizmadan inkişafına təkan verəcəyini vurğulayıblar.
AZƏRTAC Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, forumda tərəflər səhiyyə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, tibb və əczaçılıq sənayesində tərəfdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatların rolunun gücləndirilməsi, mütəxəssislər arasında təcrübə mübadiləsi və rəqəmsal texnologiyaların tətbiqi məsələlərini müzakirə ediblər.
Qazaxıstan tərəfi texnologiya transferi, kadr bazasının gücləndirilməsi, tibbi turizmin inkişafı, əczaçılıq istehsalı, transplantasiya və sairə sahələrdə əməkdaşlıq istiqamətlərini müəyyən edən 2025-2026-cı illər üçün Fəaliyyət Planı layihəsini təqdim edib.
Bundan əlavə, TDT üzvü olan ölkələrin səhiyyə sistemlərinin inkişafında beynəlxalq qurumların rolu müzakirə olunub.
Görüşün yekununda beynəlxalq təşkilatlar və özəl sektorla əməkdaşlığa dair birgə Bəyannamə imzalanıb. Sənədə əsasən, təşkilatın səhiyyə nazirlərinin növbəti görüşünün Qırğızıstanda keçirilməsi qərara alınıb. Sənəd tibb təhsilinin standartlaşdırılması, səhiyyədə İKT-nin tətbiqi və pasiyent məlumatlarının mübadiləsini təklif edir.
Forum çərçivəsində həmçinin tibbi təhsil, bioloji təhlükəsizlik və təcili tibbi yardım sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalanıb. TDT işçi qrupunun növbəti illər üçün Fəaliyyət Planları təsdiq edilib.
Həmçinin, tədbir çərçivəsində Astana Tibb Universiteti ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində Anlaşma Memorandumu imzalanıb.
Görüşün yekunları ilə bağlı mətbuata açıqlama verən səhiyyə naziri Teymur Musayev bildirib ki, TDT səhiyyə nazirlərinin bundan əvvəlki – ötən il Şuşada baş tutan IV görüşündən qısa müddət keçməsinə baxmayaraq, böyük həcmdə işlər görülüb: “Təşkilat çərçivəsində Vahid Türk Transplant və Vahid İnformasiya Platformasının işə salınmasına hazırlıq gedir. Bu istiqamətlə paralel olaraq, səhiyyə sektorunda Vahid İnvestisiya Siyasətinin formalaşdırılması məsələsi də gündəmdədir”.
Budəfəki görüşdə ortaq səhiyyə problemlərinin müzakirə olunduğunu söyləyən səhiyyə naziri bildirib ki, TDT-yə üzv ölkələrin ümumi əhalisi 200 milyona yaxındır və burada böyük iqtisadi imkanlar var. Bu amil səhiyyə sahəsində sərmayə qoyuluşuna böyük maraq oyadır: “İstər xəstəxana infrastrukturunun yaradılması, istər əczaçılıq və biotexnoloji istehsalat, istərsə də tibbi avadanlıqların istehsalı sahəsində ortaq sərmayələr mümkündür. Vahid səhiyyə məkanının formalaşdırılması üçün düzgün və optimal siyasətin həyata keçirilməsi vacib amildir”.
Bu məqsədlə alt işçi qruplarının yaradıldığını bildirən Teymur Musayev növbəti görüşədək əsas qərarların qəbul olunacağına ümid etdiyini bildirib.


Xəbəri paylaş



Aprel 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova