Parlamentin komitə iclaslarında səhiyyə ilə bağlı bir sıra qanunlara dəyişikliklər müzakirə edilib

Milli Məclisin Səhiyyə komitəsinin keçirilmiş növbəti iclasında komitənin sədri Əhliman Əmiraslanov Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Səhiyyə Nazirliyinin nümayəndələrinin də iştirak etdiyi iclasda qanun layihəsi barədə danışan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sənəddə təklif olunan dəyişiklikləri zəruri edən amillərdən söz açıb, onların əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, dəyişikliklər səhiyyəmizin mühüm sahəsi olan praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin yüksəldilməsi və peşə yararlılığının yoxlanılması işinin təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.
Tibb mütəxəssislərinin peşəkarlığının qiymətləndirilməsinin bəzi aktual məsələlərinə toxunan komitə sədri bu sahədə xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması ilə bağlı fikirlərini bölüşüb.
Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, beynəlxalq tibb elminin yenilənən inkişafı nəzərə alınmaqla səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən layihədə 4 hüquqi akta ümumilikdə 34 dəyişiklik təklif olunur. Qeyd edilib ki, Əmək Məcəlləsinə, “Özəl tibb fəaliyyəti haqqında”, “Dərman vasitələri haqqında” qanunlara ediləcək dəyişikliklər “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərdən qaynaqlanır. Milli Məclisin şöbə müdiri bildirib ki, qanun layihəsi Səhiyyə Nazirliyinin təşəbbüsü ilə hazırlanıb.
O, layihə hazırlanarkən öyrənilən dünya təcrübəsindən söz açıb, qanunvericiliyimizdə ilk dəfə təsbit edilən “Davamlı peşəkar inkişaf (DPİ)” anlayışını, DPİ üzrə minimum kredit ballarının toplanılması mexanizmini şərh edib. A.Vəliyev tibb işçilərinin sertifikasiyası prosesi və qaydalarına təklif olunan yenilikləri və əsas müddəaları təqdim edərkən diqqətə çatdırıb ki, layihəyə əsasən, tibb işçilərinə öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etməyə şərait yaradılır. Yəni onların peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə alternativ DPİ mexanizmi tətbiq olunacaq. Bu məqsədlə də Qanunun 46-cı maddəsinin 3-cü hissəsi yeni redaksiyada verilir.
Bundan başqa, layihədə sertifikasiya prosesinin təkmilləşdirilməsi üçün təklif olunan bir sıra prosedur və terminoloji dəqiqləşdirmələr barədə ətraflı məlumat verən Adil Vəliyev vurğulayıb ki, bu layihənin qəbul edilməsi hər zaman insanların sağlamlığının keşiyində duran həkimlərin və tibb işçilərinin davamlı təhsil yolu ilə inkişaf etmələrinə böyük töhfə olacaq.
Qanun layihəsinin müzakirəsində deputatlar Məlahət İbrahimqızı, Soltan Məmmədov, Pərvanə Vəliyeva, İlham Məmmədov, Kamaləddin Qafarov, Müşfiq Məmmədli çıxış ediblər. Çıxışçılar təklif olunan dəyişikliklərin ölkəmizdə tibb mütəxəssislərinin bilik və bacarıqlarının artırılmasını təmin edəcəyinə, nəticədə, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə mühüm töhfələr verəcəyinə inamlarını ifadə ediblər. Deputatlar sənəddə əks olunan məsələlərlə bağlı fikirlərini bildiriblər, bəzi qeydlərini səsləndiriblər.
Komitə sədri Əhliman Əmiraslanov, Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova qaldırılan məsələlərə aydınlıq gətiriblər.
İclasa yekun vuran komitə sədri Əhliman Əmiraslanov layihədə nəzərdə tutulan və mütərəqqi müddəalarla zəngin olan tənzimlənmələrin tibb mütəxəssislərinin peşəkar inkişafını stimullaşdırdığını, onların peşəkarlığının yüksəldilməsinə və beynəlxalq peşəkar mühitə inteqrasiyasına hüquqi zəmin yaratdığını vurğulayıb.
Sonda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında da müzakirəyə çıxarılıb. Burada əsasən sertifikasiya imtahanından keçə bilməyən tibb işçiləri üçün iş yerinin və aylıq vəzifə maaşının altı ay müddətində saxlanılması, bu sahədə fəaliyyətin davamlılığının təmin olunması, işçilərin hüquqlarının qorunması, tibb işçilərinin peşə fəaliyyətinin davam etdirilib-etdirilməməsi ilə bağlı məsələnin daha aydın və konkret şəkildə tənzimlənməsi nəzərdən keçirilib.
Qeyd edilib ki, səhiyyə və əmək qanunvericiliyinin təkmilləşdirilməsi, tibb mütəxəssislərinin peşəkarlığının yüksəldilməsi və bu sahədə davamlı inkişafa nail olunması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış qanun layihəsi bir çox aparıcı ölkələrin, o cümlədən Rusiya, Türkiyə, Sinqapur və digər dövlətlərin təcrübəsinə əsaslanaraq işlənib. Sənəd səhiyyə sistemində peşəkar bacarıqların qiymətləndirilməsi və keyfiyyətli xidmətin təmin olunması baxımından əlavə mexanizm rolunu oynayacaq.
Xəbəri paylaş