Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə Perinatal Mərkəzində olub

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncəyə səfər çərçivəsində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olublar.
AZƏRTAC bildirir ki, Gəncə şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov Gəncə və ətraf regionlardan olan vətəndaşlara xidmət göstərən Perinatal Mərkəz barədə məlumat verib.
Qeyd olunub ki, Perinatal Mərkəz ana olmağa hazırlaşan və zahı qadınlara, dünyaya yeni göz açan körpələrə yüksəkixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən tibb müəssisəsidir.

Tibb müəssisəsindəki şəraitlə tanışlıq zamanı Perinatal Mərkəzə Heydər Əliyev Fondu tərəfindən küvəzlər və ultrasəs müayinə aparatı hədiyyə edilib.
Yeni doğulmuş körpələri ziyarət zamanı analara Fondun hədiyyələri də təqdim olunub.
Qeyd edək ki, səhiyyə sahəsi Heydər Əliyev Fondunun fəaliyyətində prioritet istiqamətlərdən biridir. Fondun “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi layihələri, bir çox xeyriyyə aksiyaları səhiyyə sahəsinə mühüm dəstəkdir. Bu layihələr çərçivəsində paytaxt Bakı ilə yanaşı, bölgələrdə də müasir səhiyyə ocaqları inşa edilir, ən son texnologiyalı tibbi avadanlıqla təchiz olunur.
Xəbəri paylaş