Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesusu qəbul edib.
AZƏRTAC xəbər verir ki, Tedros Gebreyesus COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb və bu konfrans çərçivəsində əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini deyib.
Prezident İlham Əliyev COP29-a hazırlıqla bağlı vaxtın az olmasına baxmayaraq, Azərbaycan tərəfindən bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri işlərin görüldüyünü qeyd edib.
Tedros Gebreyesus Azərbaycanın ÜST-yə verdiyi dəstəyə və könüllü maliyyə töhfələrinə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi qurumun müxtəlif ölkələrdə Azərbaycanla birlikdə həyata keçirilmiş layihələrinin önəminə toxunub.
Görüşdə Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlıq məsələlərinə, həmçinin BMT strukturlarının gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.
Söhbət zamanı XII Qlobal Bakı Forumunun və onun gündəliyində duran məsələlərin əhəmiyyəti vurğulanıb.
Xəbəri paylaş