Azərbaycan Endouroloji Cəmiyyətinin II Konqresində ən son elmi yeniliklər müzakirə olunub

Bakıda Azərbaycan Endouroloji Cəmiyyətinin II Konqresi keçirilib.
Bu sahədə aparıcı yerli və xarici mütəxəssislərin qatıldığı tədbir Azərbaycan Tibb Universitetinin (ATU) Urologiya kafedrasının 50 illik yubileyinə həsr olunub.
Konqresdə Azərbaycan səhiyyə naziri Teymur Musayev çıxış edərək ölkəmizdə urologiya sahəsində əldə olunan nailiyyətlərdən və bu sahənin perspektivlərindən bəhs edib.
Səhiyyə naziri bildirib ki, son illər Azərbaycan Respublikası Ümummilli Lider Heydər Əliyevin siyasi kursu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti, bacarıqlı rəhbərliyi və gərgin zəhməti sayəsində hərtətəfli inkişaf edir. Ölkəmizin iqtisadi qüdrətinin artması maliyyə resurslarını sosial tərəqqiyə, əhalinin rifahının yaxşılaşdırılmasına yönəltməyə imkan verir. Bu tərəqqini ən bariz şəkildə ölkə səhiyyəsinin inkişafında, dövlət rəhbərliyinin əhalinin sağlamlığına diqqət və qayğısında görmək mümkündür.
Nazir vurğulayıb ki, son 20 ildə səhiyyəyə ayrılan büdcə vəsaiti 30 dəfə artırılıb, 700-dən çox səhiyyə müəssisəsində təmir-tikinti işləri aparılıb. Həmin müəssisələrin 70 faizdən çoxu regionların payına düşür.
"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva vətəndaşların sağlamlığına həssaslıqla yanaşır, müxtəlif sosial təşəbbüslərlə çıxış etməklə yanaşı, həm də onlara dəstək verir.

Səhiyyənin yeni maliyyələşmə mexanizmi olan icbari tibbi sığorta 2021-ci il aprelin 1-dən bütün ölkə ərazisində tətbiq olunur. Xidmətlər zərfi çərçivəsində 3315 sayda tibbi xidmət göstərilir. Bu xidmətlər siyahısında müasir uroloji əməliyyatlar da yer alır", - deyə Teymur Musayev qeyd edib.
Səhiyyə naziri endourologiyanın diaqnostika və müalicə baxımından üstünlüklərindən, Azərbaycanda bu sahənin inkişafından danışıb, konqresin işinə uğurlar arzulayıb.
Sonra Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli Urologiya kafedrasının fəaliyyətini və elmə verdiyi töhfələri vurğulayıb.
Tədbirdə çıxış edən akademik Südeyif İmamverdiyev ATU-nun Urologiya kafedrasının 50 illik tarixinə nəzər salaraq, kafedranın keçdiyi inkişaf yolundan və bu sahədə yetişən tanınmış mütəxəssislərdən bəhs edib.
Azərbaycan Endouroloji Cəmiyyətinin sədri, professor Rauf Nağıyev çıxış edərək ölkəmizdə endourologiyanın inkişafı və cəmiyyətin bu sahəyə verdiyi töhfələrdən ətraflı söz açıb.
Tədbirdə dünyanın nüfuzlu urologiya mütəxəssisləri, o cümlədən professor Ateş Kadıoğlu (Türkiyə), professor Tomas Knoll (Almaniya), professor Bhaskar Somani (Böyük Britaniya), professor Athanasios Papatsoris (Yunanıstan) və digər tanınmış alimlər müasir endourologiyanın aktual məsələləri ilə bağlı məruzələr təqdim ediblər.
Konqres çərçivəsində urologiya sahəsində ən son elmi yeniliklər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb və multidisiplinar əməkdaşlıq imkanları dəyərləndirilib.