Səhiyyə Nazirliyinin rəhbərliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etdi

Müasir tariximizin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 33-cü ildönümü günündə Səhiyyə Nazirliyinin rəhbərliyi faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin rəhbər şəxsləri və tibb ictimaiyyətinin nümayəndələri Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.
Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.