Azərbaycan Respublikasının Prezidenti İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında Fərman verib

Azərbaycan Respublikasının Prezidenti İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında Fərman verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-21.1-1-ci maddəsinə uyğun olaraq qərara alınıb ki, İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 941 690 000,00 manat məbləğində təsdiq edilsin. Bu Fərmanla həmin xərclərin maliyyələşmə mənbələri aşağıdakı kimi müəyyənləşib:
- icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri (2 571 690 000,00 manat);
- icbari tibbi sığorta fondunun büdcəsinin əvvəlki illərdə istifadə olunmamış vəsaitlərindən (qalığından) 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait (370 000 000,00 manat).
Müəyyən edilib ki, 2025-ci ildə icbari tibbi sığorta fondunun gəlirləri dövlət büdcəsindən ayırmalar (1 416 405 000,00), işəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları (909 060 000,00), fiziki şəxslərdən sığorta haqları üzrə daxilolmalar (17 000 000,00), avtomobil benzininin, dizel yanacağının, maye qazın Azərbaycan Respublikasının ərazisinə idxalı və daxili istehlakı, alkoqollu içkilərə və tütün məhsullarına tətbiq olunan aksizlər üzrə daxilolmalar (140 625 000,00) və digər daxilolmalar (88 600 000,00) hesabına formalaşır.
Fərmanla həmçinin icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərclərinin istiqamətləri də müəyyən edilib. Belə ki, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin Aparatının (filial, idarə) saxlanılma xərcləri 33,5 milyon manat, “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin xərcləri 84 691 708 manat, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin saxlanılma xərcləri 47,3 milyon manat, icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği 2 655 721 292 manat, sair xərclər 20 milyon manat, sığorta ehtiyatları 96 877 000 manat, yeni növ koronavirus (COVID–19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərcləri 3,5 milyon manat, bank xərcləri 100 000 manat nəzərdə tutulub.
Müəyyən edilib ki, İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin “Əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması” yarımbəndində nəzərdə tutulmuş vəsaitin ödənilməsini “Tibbi sığorta haqqında” Qanunun 15-11.2-ci maddəsinə əsasən Maliyyə Nazirliyi həyata keçirir.
İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin “Səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılan vəsait” yarımbəndində nəzərdə tutulmuş vəsaitin ödənilməsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) ilə razılaşdırılmış aylıq və rüblük bölgü əsasında Maliyyə Nazirliyi həyata keçirir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinin xərclər smetasında nəzərdə tutulmuş məbləğlə İTSDA-nın həmin qurumlara ödədiyi sığorta ödənişlərinin məbləği arasında kəsir yarandığı halda, həmin kəsir aylıq əsaslarla icbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin 3.4.1-ci yarımbəndində nəzərdə tutulan vəsait hesabına maliyyələşdirilir. İTSDA tərəfindən tibb müəssisələrinin smetaları əsasında ödənilən vəsaitin xərclənməmiş hissəsi büdcə ilinin sonunadək Agentliyə qaytarılır.
Naxçıvan Muxtar Respublikası üzrə nəzərdə tutulan vəsaitin bölgüsü Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin “Səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə ayrılan vəsait” bəndində nəzərdə tutulan vəsaitin bölgüsünü Nazirlər Kabineti həyata keçirir.
Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.







Fevral 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova