Səhiyyə naziri “Dəyişən iqlim şəraitində dayanıqlığın artırılması: Sağlam gələcəyin təmin edilməsi üçün Azərbaycanın “Vahid Sağlamlıq” yanaşması” mövzusunda tədbirdə çıxış edib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dəyişən iqlim şəraitində dayanıqlığın artırılması: Sağlam gələcəyin təmin edilməsi üçün Azərbaycanın “Vahid Sağlamlıq” yanaşması” mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev qeyd edib ki, dəyişən iqlim şəraitində davamlılığın artırılması iqlimlə bağlı problemlərə hazırlıq və bərpa qabiliyyətinin artırılmasını tələb edir: “İqlim dəyişikliyi ilə bağlı sağlamlıq problemlərini vaxtında və effektiv şəkildə həll etmək üçün çoxsahəli milli strategiyalar hazırlanmalıdır. Bu strategiyalar əhalinin sağlamlığının qorunmasına, səhiyyə sistemlərinin uyğunlaşmasının təmin edilməsinə və bununla bağlı risklərin minimuma endirilməsinə yönəldilməlidir”.
Nazirin sözlərinə görə, xəstəliklərin baş verməsini proqnozlaşdırmaq üçün erkən xəbərdarlıq sistemlərinin inkişafı və davamlı səhiyyə sistemlərinin qurulması iqlim dəyişikliyinin təsirlərini minimuma endirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “İqlimlə bağlı xəstəliklərin potensial yayılmasının qarşısını almaq məqsədilə gücləndirilmiş nəzarət proqramları da vacibdir”.
Teymur Musayev bildirib ki, “Vahid Sağlamlıq” yanaşmasının əhəmiyyəti insanların, heyvanların və ekosistemlərin sağlamlığına diqqət yetirməklə, fərdi fənləri aşan qlobal sağlamlıq problemlərinin həllindədir: “Yeni yaranan yoluxucu xəstəliklər, antimikrob preparatlarına qarşı rezistentlik, qida təhlükəsizliyi, ətraf mühitin sağlamlığı və biomüxtəlifliyin qorunması kimi əsas məsələlər bu vahid yanaşmanın tətbiqinin vacibliyini göstərir”.
Nazir Azərbaycanın çoxsahəli əməkdaşlıq, siyasət, təcrübə və təhsil yolu ilə “Vahid Sağlamlıq” Konsepsiyasının həyata keçirilməsində mühüm irəliləyişlər əldə etdiyini vurğulayıb: “Beynəlxalq tibbi-sanitariya qaydaları çərçivəsində bu istiqamətdə atılan mühüm addımlardan biri də 19 texniki sahəni əhatə edən Birgə Xarici Qiymətləndirmədir. 2023-cü ilin may ayında yerli və sektorlararası beynəlxalq ekspertlərdən ibarət qiymətləndirmə qrupunun iştirak etdiyi məsləhətləşmə prosesi vasitəsilə Azərbaycanın imkanları insan sağlamlığı sektoru da daxil olmaqla 19 istiqamətdə yoxlanılıb. Birgə müzakirələr və ərazilərə səfərlər nəticəsində Beynəlxalq tibbi-sanitariya qaydalarının, “Vahid Sağlamlıq” Konsepsiyasının tətbiqinin təkmilləşdirilməsinə və Azərbaycan səhiyyə sisteminin fövqəladə hallar zamanı dayanıqlılığının gücləndirilməsinə yönələn bütün texniki istiqamətlər üzrə qiymətləndirmələrinə dair prioritet addımlar müəyyən edilib”.
“Səhiyyə Nazirliyi milli fəaliyyətlərin səmərəli əlaqələndirilməsini və dəstəklənməsini təmin etmək məqsədilə dövlət və qeyri-hökumət sektoruna aid olan digər maraqlı tərəflər, eləcə də beynəlxalq təşkilatlarla fəal qarşılıqlı əməkdaşlıq edir. Görünməmiş ekoloji problemlər qarşısında “Vahid Sağlamlıq” yanaşması indi həmişəkindən daha aktualdır. Konsepsiya insan, heyvan və ətraf mühitin sağlamlığının qarşılıqlı əlaqəsini tanıyır. Bu da iqlim dəyişikliyinin həyatımızın hər aspektinə - biomüxtəliflikdən başlayaraq ərzaq təhlükəsizliyi və sağlamlığa təsir edən kompleks yanaşmanı nəzərdən keçirərkən xüsusilə vacibdir. “Vahid Sağlamlıq” yanaşmasının qəbulu sağlamlıq problemlərinə davamlı, əsaslı yanaşmanı təmin edir, eyni zamanda, gələcək qlobal təhdidlərə qarşı dayanıqlılığı təşviq edir”, - deyə Azərbaycan Respublikasının səhiyyə naziri fikrini tamamlayıb.
Öz çıxışlarında kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, AQTA-nın sədri Qoşqar Təhməzli və Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və digərləri COP29-un əhəmiyyətini vurğulayıb və qeyd ediblər ki, qlobal səhiyyə ictimaiyyəti iqlim dəyişikliyinin təsirlərinə cavab və qlobal sağlamlıq təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməkdə mühüm rol oynayır. İqlim dəyişikliyinin insan həyatının müxtəlif aspektlərinə təsir etməsi və dövrümüzün ən aktual problemlərindən biri olması diqqətə çatdırılıb. Bildirilib ki, iqlim dəyişikliyi ekosistemlərə və hava şəraitinə birbaşa təsirindən əlavə, insan sağlamlığı üçün də geniş nəticələrə malikdir. Həmçinin, iqlim dəyişməsinin təsirlərini yumşaltmaq məqsədilə innovasiyalardan, o cümlədən qabaqcıl modelləşdirmə, simulyasiya və süni intellektdən istifadənin məqsədəuyğun olduğu vurğulanıb.
Xəbəri paylaş