Naftalanda tibbi xidmətin təşkili Nazirlər Kabinetinin sənədində əks olunub

Baş nazir Əli Əsədov “Naftalan” Kurortu haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarını imzalayıb.
Sənəddə bildirilir ki, “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 308 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti “Naftalan” Kurortu haqqında Əsasnamə” təsdiq edib.
Əsasnamədə bildirilir ki, “Naftalan” kurortu müalicəvi Naftalan neftinə malik olan, müalicə-sağlamlıq müəssisələri, qurğuları və turizm infrastrukturu obyektləri yerləşən xüsusi mühafizə olunan təbiət ərazisidir. Kurortun ərazisində Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılan Naftalan nefti ilə müalicə, profilaktika, diaqnostika və digər tibbi xidmətlər (tibbi turizm) və müalicə-sağlamlaşdırma yerlərindən istifadə etməklə müalicə-sağlamlaşdırma xidmətləri göstərilir.
Qeyd olunur ki, kurortun təşkili və ləğvi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Turizm Agentliyinin, habelə Naftalan Şəhər İcra Hakimiyyətinin rəy və təklifləri nəzərə alınmaqla Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
Kurortun öyrənilməsi, istifadəsi, inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsini Səhiyyə Nazirliyi, mühafizəsi sahəsində isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
Səhiyyə Nazirliyi sanatoriya-kurort müəssisələrində müalicə-profilaktika işinin təşkilinə nəzarət edir, elmi-metodik və konsultativ yardım göstərir.
Əsasnamənin “Kurortun inkişafı və tikinti işlərinin aparılması” bölməsi müvafiq sahədə məsələləri tənzimləyir.
“Kurortun sanitariya mühafizəsi” adlanan 3-cü bölmədə digər məsələlərlə yanaşı qeyd olunur ki, kurortun sanitariya mühafizə zonasında sanitariya mühafizə qaydalarına riayət olunması üzərində nəzarət Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.
“Təbii müalicə ehtiyatlarından istifadə və kurortun abadlaşdırılması” bölməsində vurğulanır ki, müalicəvi Naftalan neftinin istifadəsinə (onun resurslarına müvafiq olaraq və texnoloji istismar sxemi əsasında) və kimyəvi tərkibinə nəzarət səlahiyyətləri daxilində Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bələdiyyələr tərəfindən həyata keçirilir.
“Kurortda tibbi xidmətin təşkili” adlanan 5-ci bölmədə bildirilir ki, kurortda müalicə Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, elmi cəhətdən əsaslandırılmış metodika əsasında həyata keçirilir. Müalicə-sağlamlaşdırma məqsədi ilə müalicəvi Naftalan neftindən istifadə olunması Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş konkret göstəriş və əks-göstərişlərə uyğun həyata keçirilir. İstirahət və müalicə məqsədilə göstərilən xidmətlərdən istifadə edən şəxslərdə yoluxucu və digər xəstəliklər aşkar edildikdə və ya onların sağlamlıq vəziyyətinin kəskin pisləşdiyi hallarda onlar yerli tibb müəssisələrinə hospitalizasiya olunurlar.
Xəbəri paylaş