Azərbaycan səhiyyə naziri ÜST Avropa Regional Komitəsinin sessiyasında ikitərəfli görüşlər keçirib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 74-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirib.
İlk olaraq ÜST-nin Baş direktoru doktor Tedros Adhanom Gebreyesus ilə görüş baş tutub. Görüşdə Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqələrin qurulmasına xüsusi qiymət verdiyini diqqətə çatdırıb və ötən müddət ərzində ÜST-nin Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.



Öz növbəsində doktor Tedros Adhanom Gebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ÜST ilə əməkdaşlığa verdiyi önəmi yüksək qiymətləndirib. ÜST-nin Baş direktoru gələcəkdə də təşkilatın Azərbaycanla birgə layihələrinin uğurla reallaşdırılacağına əminlik ifadə edib.
Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin yenidən seçilmiş sədri Hans Henri Klüge ilə görüş keçirilib. Hans Henri Klugeni bu vəzifəyə seçilməsi münasibətilə təbrik edən Teymur Musayev ölkəmizin nüfuzlu səhiyyə qurumları, o cümlədən ÜST ilə yüksək səviyyəli əlaqələri olduğunu xüsusi vurğulayıb. İnsan sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edən təşəbbüslərin gələcəkdə də uğurla həyata keçiriləcəyinə əminlik ifadə olunub.
Sessiya çərçivəsində həmçinin Latviyanın səhiyyə naziri Hossam Abu Merinin və Rumıniyanın səhiyyə naziri Aleksandru Rafilanın rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşlər olub. Görüşlər zamanı xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolu vurğulanıb. Eyni zamanda, səhiyyə sahəsində əməkdaşlığın daha da inkişafı üçün geniş potensialın mövcudluğu qeyd edilib.
Görüşlərdə Azərbaycanın nümayəndə heyətinə xalqımızın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi münasibətilə təbriklər ünvanlanıb. COP29 kimi mötəbər tədbirin mahiyyəti vurğulanaraq, Azərbaycanın hər zaman mühüm beynəlxalq tədbirləri ən yüksək səviyyədə təşkil etdiyi bildirilib.
Xəbəri paylaş