Yeddinci çağırış Milli Məclisin ilk iclasları keçirilib

Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında təşkilati məsələlərə baxılıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi xəbər verib ki, iclasın əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nitq söyləyib.
Milli Məclisin ən qocaman deputatı kimi iclasa sədrlik edən Ziyad Səmədzadə Yeddinci çağırış Milli Məclisin ilk iclasını açıq elan edib.
Sonra Milli Məclisin Daxili Nizamnaməsinin müvafiq maddələrinə əsasən, parlamentin Hesablayıcı komissiyası yaradılıb, onun sədri, katibi və üzvləri seçilib.
Deputat Sahibə Qafarova Milli Məclisin sədri, Əli Əhmədov parlament sədrinin birinci müavini, Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov Milli Məclis sədrinin müavinləri seçiliblər.
Parlamentin İntizam Komissiyası yaradılıb.
Sonra deputatlar Milli Məclisin komitələrinin sədrlərini və sədr müavinlərini müəyyənləşdiriblər. Əhliman Əmiraslanov Səhiyyə komitəsinin sədri, Rəşad Mahmudov sədr müavini təsdiq ediliblər.
Parlamentin payız sessiyasının ilk iclasında isə komitələrin tərkibi müəyyənləşib.
Səhiyyə komitəsi deputatlar Günay Əfəndiyeva, Məlahət İbrahimqızı, Kamaləddin Qafarov, Müşfiq Məmmədli, İlham Məmmədov, Soltan Məmmədov, Anatoliy Rafailov, Pərvanə Vəliyevadan ibarət olacaq.
Milli Məclisin VII çağırış payız sessiyasının ilk iclasında sessiyanın qanunvericilik işləri planı da təsdiqlənib. Həmçinin Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası yaradılıb.
Xəbəri paylaş