Milli Məclisdə səhiyyə ilə bağlı qanun layihələri müzakirə olundu

Milli Məclisdə səhiyyə ilə bağlı qanun layihələri müzakirə olundu

Dekabr ayı ərzində Milli Məclisin payız sessiyasının bir neçə plenar iclasında səhiyyə ilə əlaqəli qanun layihələrinə baxılıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ilk iclasda Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda təqdim edilib. Məcəlləyə edilən dəyişikliklərdə güzəştlərin miqyasının və dairəsinin genişləndirilməsi, o cümlədən tibb turizminin inkişafı məqsədilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə tax-free rejimində ƏDV-nin geri qaytarılması və digər güzəştlər nəzərdə tutulub. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə məlumat verib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dəyişikliklərlə bağlı rəhbərlik etdiyi komitənin rəyini açıqladıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Növbəti iclasda Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) təqdim olunub. Milli Məclisin müzakirəsinə təqdim edilən bir sıra qanun layihələrinin və müxtəlif vaxtlarda qəbul olunmuş qanunların icrası məqsədilə hazırlanmış sənəddə həmin qanunların pozulması ilə bağlı məsuliyyətin yaradılması normaları nəzərdə tutulur. Qeyd olunub ki, həmin qanunların, o cümlədən "Dərman vasitələri haqqında" və digər qanunların icrası və bu qanunlara qəbul edilmiş dəyişikliklər Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik və əlavələrin olunmasını zəruri edir. Bunu nəzərə alaraq, layihədə qadağanedici normalar dispozisiya formasında Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb və cinayət əməlinə və inzibati xətaya görə müvafiq olaraq sanksiyalar təklif olunub.
Müzakirələr zamanı vitse-spiker Ziyafət Əsgərov, komitə sədrləri Əli Hüseynli və Əhliman Əmiraslanov qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim edilib.
Bildirilib ki, layihədə adı çəkilən qanunlarda əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, təhsil, yol hərəkətinin təşkili, iqtisadiyyat sahələrinə aid müvafiq sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə bilməsi və onların EHİS üzərindən təqdim edilməsinin həmin sənədlərin təqdim edilməsinə bərabər tutulması imkanı ilə bağlı müddəalar təklif olunub.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov sənəd barədə bu komitələrin rəylərini təqdim etdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Növbəti plenar iclasda “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinin mahiyyəti barədə məlumat verilib. Bildirilib ki, layihədə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə uyğunlaşdırma xarakterli düzəlişlər edilib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dəyişikliklərlə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Büdcə zərfinə daxil olan bütün qanun layihələrinin üçüncü oxunuşda qəbul edildiyini bildirən Milli Məclisin sədri Sahibə Qafarova çıxış üçün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova söz verib.
Baş nazir Əli Əsədov 2024-cü ildə Vətənimiz üçün siyasi müstəvidə çox önəmli olan tarixi hadisələrdən danışıb. O, diqqətə çatdırıb ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 38,4 milyard manat, xərcləri isə 41,4 milyard manat proqnoz edilir. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2,4%-dir. Büdcə layihəsi müasir Azərbaycan tarixində ən böyük büdcədir. O qeyd edib ki, ümumilikdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 40%-ni üstələyir.
Baş nazir məlumat verib ki, səhiyyə sahəsində aparılan davamlı islahatların nəticəsində cari ildə Tibbi Xidmətlər Zərfi çərçivəsində göstərilmiş xidmətlərin sayında 21% artım olmuşdur.
Gündəliyin sonuncu məsələsi Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi olub.
Məsələ ilə bağlı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib. Bildirilib ki, layihəyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna “tibbi şəhadətləndirilmə”, “elektron kabinet” və “çağırış vərəqəsi” anlayışları əlavə edilir. Təklif olunan dəyişikliklərdə vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı xidmətlərin müvafiq informasiya sistemi vasitəsilə həyata keçirilməsi və hərbi vəzifələrinin icrası ilə əlaqədar vətəndaşlar tərəfindən elektron kabinetlərin yaradılması nəzərdə tutulub. Bundan başqa, layihədə aidiyyəti dövlət orqanları arasında tibbi müayinənin nəticələrinin elektron əldə edilməsi, müvafiq dövlət orqanlarının sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı müddəalar əks olunub.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov layihə ilə bağlı komitələrinin müsbət rəylərini diqqətə çatdırıblar. Deputatlar Vüqar Bayramov və Aydın Hüseynov dəyişikliklərə dair fikirlərini bildirib, qeydlərini səsləndiriblər. Komitə sədri Arzu Nağıyev qaldırılan məsələlərə aydınlıq gətirəndən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Milli Məclisin növbəti plenar iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu komitələrin layihəyə dair müsbət rəy verdiklərini söyləyiblər.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Payız sessiyasının builki son plenar iclasında həmin qanun layihəsinə üçüncü oxunuşda baxılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Səhiyyə komitəsinin məsələ barədə müsbət rəyi səsləndirildikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumat təqdim edilib.
Bildirilib ki, layihədə adı çəkilən qanunlarda əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, təhsil, yol hərəkətinin təşkili, iqtisadiyyat sahələrinə aid müvafiq sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə bilməsi və onların EHİS üzərindən təqdim edilməsinin həmin sənədlərin təqdim edilməsinə bərabər tutulması imkanı ilə bağlı müddəalar təklif olunur.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Səhiyyə komitəsinin, İnsan hüquqları komitəsinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Elm və təhsil komitəsinin sənəd barədə müsbət rəyləri təqdim olunduqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova