“Elektron hökumət” portalına dərmanlarla bağlı iki informasiya resursu qoşulacaq

“Dərman vasitələrinin dövlət reyestri” və “Dərman vasitələrinin təqib və izləmə sistemi” “Elektron hökumət” portalına qoşulacaq. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəsinə – “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na müvafiq bəndlər əlavə olunub.
Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” 2014-cü il 1 may tarixli 118 nömrəli və “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2016-cı il 14 mart tarixli 125 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” Qərarda bildirilir ki, qərar Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 3 iyun tarixli 81 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.
Həmçinin “Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin 3-cü hissəsində bir sıra dəyişikliklər edilib. Belə ki, 3.1.9-cu yarımbənddə “dezinfeksiya vasitələrini, immunobioloji preparatları istifadə təlimatlarına və farmakopeya məqalələrinə” sözləri “tibb vasitələrini, dərman maddələrini, immunobioloji preparatları və tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrini istifadə təlimatlarına, farmakopeya məqalələrinə və klinik protokola” sözləri ilə əvəz olunub. 3.1.9-1-ci yarımbəndə “dərman vasitəsinin” sözlərindən sonra “və dərman maddəsinin” sözləri əlavə edilib, “dərman vasitələrinin” sözləri “onların” sözü ilə əvəz olunub. 3.1.9-2-ci yarımbəndə birinci halda “dərman vasitələrinin” sözlərindən sonra “və dərman maddələrinin” sözləri əlavə edilib, ikinci halda isə “dərman vasitələrinin” sözləri “onların” sözü ilə əvəz olunub. 3.1.11-ci yarımbənddə “dezinfeksiya vasitələrinin” sözləri “tibb vasitələrinin, dərman maddələrinin və” sözləri ilə əvəz edilib. 3.2.1-ci yarımbəndə “dərman vasitələrindən” sözlərindən sonra “və dərman maddələrindən” sözləri əlavə olunub.
Xəbəri paylaş