Nazirlər Kabineti rezidentura təhsili ilə bağlı qərarlar qəbul etdi

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Qərar imzalayıb.
Sənədə əsasən, adı çəkilən qaydalarda bir sıra dəyişikliklər edilib. Belə ki, onun 1.4-cü bəndi aşağıdakı redaksiyada verilir:
“Rezidentura təhsili Azərbaycan Respublikası Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkim-mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur”.
Qaydaların 3.2-ci bəndində “bu Qaydaların əlavəsi” sözləri “müvafiq təhsil proqramları” sözləri ilə əvəz edilib.
Qaydalara əlavə - “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti” ləğv olunub.
Nazirlər Kabinetinin qəbul etdiyi “Ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların təsnifatının təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli, “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarının ləğv edilməsi barədə” Qərarına görə isə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən, ali təhsilin bakalavriat, əsas (baza ali) tibb, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların təsnifatları təsdiq edilib.
“Ali təhsilin əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə ixtisasların Təsnifatı”na hərbi tibb (6100001), stomatologiya (6100002) və tibb (6100003) ixtisasları daxildir.
“Ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların Təsnifatı”na görə isə rezidenturada 44 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.
Bu Qərara əsasən, əvvəllər bu sahədə qəbul olunmuş bəzi sənədlərin qüvvədən düşdüyü bəyan edilib.
Xəbəri paylaş