Nazirlər Kabineti qan xidməti müəssisələri ilə bağlı qərarlar qəbul etdi

Azərbaycan Respublikası Nazirlər Kabineti özünün 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Qərar qəbul edib.
Sənədə əsasən, həmin siyahı yeni redaksiyada verilib. Belə ki, siyahıya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan qurumlardan Respublika Qan Bankı (RQB) üzrə RQB-nin Gəncə, Şəki və Quba bölmələri, Milli Onkologiya Mərkəzinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin və Bakı Sağlamlıq Mərkəzinin qanköçürmə şöbələri daxildir.
Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin tabeliyində olan tibb müəssisələrindən siyahıya Mərkəzi Klinik Xəstəxananın qanköçürmə şöbəsi salınıb.
Həmçinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan qurumlardan Bakı şəhəri üzrə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının, Respublika Neyrocərrahiyyə Xəstəxanasının, Mərkəzi Neftçilər Xəstəxanasının, Yeni Klinikanın, Kliniki Tibbi Mərkəzin, Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzinin, Nərimanov, Nizami, Sabunçu Tibb Mərkəzlərinin qanköçürmə şöbələri siyahıda yer alıb.
Sumqayıt şəhəri üzrə TƏBİB-in tabeliyindəki Sumqayıt 1 nömrəli Şəhər Xəstəxanasının qanköçürmə şöbəsi siyahıya daxil edilib. Burada həmçinin Şirvan və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanalarının, Ağdam, Ağdaş, Ağcabədi, Ağsu, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Şabran, Goranboy, Göyçay, Hacıqabul, Xaçmaz, Göygöl, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qax, Qəbələ, Qobustan, Qusar, Lerik, Lənkəran, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şamaxı, Şəmkir, Tovuz, Tərtər, Ucar, Yevlax, Zaqatala və Zərdab Rayon Mərkəzi Xəstəxanalarının qanköçürmə şöbələri yer alıb.
Naxçıvan Muxtar Respublikası üzrə siyahıya daxil edilən müəssisələr Qan Bankı və Qan köçürmə Mərkəzi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Naxçıvan Sağlamlıq Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin, eləcə də Şərur və Culfa Regional Tibb Mərkəzlərinin qanköçürmə kabinələridir.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 26 dekabr tarixli 241 nömrəli və “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın həcminin və Qaydasının, qan, qan komponentləri və dərman preparatlarının, qan komponentləri hazırlamaq üçün vasitələrin Siyahısının və miqdarı”nın təsdiq edilməsi haqqında” 2005-ci il 29 dekabr tarixli 242 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə” Qərar da imzalayıb.
Sənədə əsasən, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərə göstərilən tibbi yardımın Qaydası”nın 1-ci hissəsində “Gəncə və Şəki rayonlararası qanköçürmə mərkəzlərinin” sözləri “Respublika Qan Bankının Gəncə və Şəki bölmələrinin” sözləri ilə əvəz edilib. Qərarlarda həmçinin texniki dəyişikliklər olunub.
Nazirlər Kabinetinin qəbul etdiyi daha bir Qərar “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında” adlanır.
Bu sənədə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Respublika Qan Bankı” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 iyul tarixli 151 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə qərara alınıb ki, adı çəkilən siyahıda I bölmənin 1-1.2-1-1.9-cu bəndləri ləğv edilsin.
Həmçinin “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın III bölməsinə aşağıdakı məzmunda 6-cı hissə əlavə edilib:
“6. Respublika Qan Bankı
6.1. Respublika Qan Bankının Gəncə bölməsi
6.2. Respublika Qan Bankının Şəki bölməsi
6.3. Respublika Qan Bankının Quba bölməsi
6.4. Respublika Qan Bankının Sumqayıt bölməsi
6.5. Respublika Qan Bankının Lənkəran bölməsi
6.6. Respublika Qan Bankının Bərdə bölməsi
6.7. Respublika Qan Bankının Şirvan bölməsi
6.8. Respublika Qan Bankının Mingəçevir bölməsi”.
Xəbəri paylaş