Prezident İlham Əliyev səhiyyə ilə bağlı bir sıra sənədlər imzaladı
![Prezident İlham Əliyev səhiyyə ilə bağlı bir sıra sənədlər imzaladı](/uploads/posts/2024-12/prezident-00041.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi ““Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanunu imzalayıb.
Sənəddə hər iki qanunda tibbi sığorta hadisələri zamanı dərman və tibb vasitələri ilə təchizat məsələləri müəyyən olunub.
Dövlət başçısı həmçinin bu Qanunun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman verib.
Sənəddə müəyyən edilir ki, “Tibbi sığorta haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini kim və ya hansı qurumlar həyata keçirir.
Fərmanda həmçinin Nazirlər Kabinetinə yeni Qanunun tətbiqi ilə bağlı tapşırıqlar verilib.
Sənəddə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi barədə dəyişikliklər edilib. Eləcə də “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında müvafiq dəyişikliklər olunub.
Dövlət başçısının imzaladığı daha bir sənəd – 24 dekabr 2024-cü il tarixli Fərman başqa məsələlərlə yanaşı, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsini nəzərdə tutur. Belə ki, Əsasnamənin 8.5-2-ci bəndində “hesabat” sözü “məlumat” sözü ilə əvəz edilir.
Prezident İlham Əliyevin imzaladığı daha bir sənəd “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Fərmandır.
Sənəddə “Respublika Qan Bankı” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 iyul tarixli 151 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alınıb ki, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 2-ci hissəsində “Mərkəzi Qan Bankının Gəncə bölməsi, Mərkəzi Qan Bankının Şəki bölməsi, Mərkəzi Qan Bankının Quba bölməsi, Mərkəzi Qan Bankının Sumqayıt bölməsi, Mərkəzi Qan Bankının Lənkəran bölməsi, Mərkəzi Qan Bankının Bərdə bölməsi, Mərkəzi Qan Bankının Şirvan bölməsi, Mərkəzi Qan Bankının Mingəçevir bölməsi” sözləri “Respublika Qan Bankı (Respublika Qan Bankının Gəncə, Şəki, Quba, Sumqayıt, Lənkəran, Bərdə, Şirvan və Mingəçevir bölmələri” sözləri ilə əvəz edilsin.
Həmçinin dövlət başçısının 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın “Dövlət Proqramına dair Tədbirlər Planı” hissəsinin 2.5.16-cı yarımbəndində (hər dörd halda) “Mərkəzi” sözü “Respublika” sözü ilə əvəz olunub.
Dəyişiklik edilən daha bir sənəd “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”dir. Prezident İlham Əliyevin bu barədə verdiyi Fərmana görə, Nizamnamənin 4.7.8-1-ci yarımbəndindən “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.6-cı bəndi nəzərə alınmaqla” sözləri çıxarılıb.
Dövlət başçısının imzaladığı növbəti sənəd “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Qanundur. Yeni Qanuna əsasən, “Tibbi sığorta haqqında” Qanunun 15-11.4-cü maddəsinin birinci və ikinci cümlələrindən “və yük” sözləri çıxarılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni qəbul edilmiş Qanunun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman da verib.