Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrinə işə qəbul prosesini rəqəmsallaşdırıb

Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrinə işə qəbul prosesini rəqəmsallaşdırıb

Səhiyyə Nazirliyi səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan Rəqəmsal Səhiyyə ekosisteminin tətbiqi ilə bağlı tədbirləri davam etdirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası”nın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin“ Vahid Səhiyyə İnformasiya Sistemi”nin (VSİS) “İşə qəbul” altsistemi hazırlanaraq istifadəyə verilib.
Bu barədə nazirliyin Mətbuat xidmətinin məlumatında deyilir ki, dövlət tibb müəssisələrinə işə qəbul prosesinin rəqəmsallaşdırılmasında məqsəd şəffaflıq və aşkarlığın təmin olunması, habelə namizədlərə öz sənədlərini elektron qaydada, vaxt itkisi olmadan, operativ təqdim etmək imkanının yaradılmasıdır.
Tibb işçiləri Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrində öz ixtisaslarına uyğun mövcud vakansiyalar barədə məlumatı Səhiyyə Nazirliyinin rəsmi internet resurslarında (https://sehiyye.gov.az/tibb-iscileri/insan-resurslari/ və ya https://kabinet.e-health.gov.az/modul/miq/vacancies) verilən elanlar vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, tibb işçilərinin işə qəbulu vakant vəzifənin olduğu tibb müəssisəsi tərəfindən müsahibə əsasında aparılır. Müsahibənin iki forması mövcuddur: daxili və ümumi müsahibə. Tibb müəssisəsinin rəhbəri vəzifədə yüksəliş yolu ilə vakant vəzifənin tutulması məqsədilə daxili müsahibənin keçirilməsi üçün vakansiya yarandığı gündən 3 (üç) iş günü müddətində qərar qəbul edir. Daxili müsahibə nəticəsində vakant vəzifə tutulmadıqda tibb müəssisəsinin rəhbərinin qərarı ilə həmin vəzifə ümumi müsahibəyə çıxarılır.
Həm daxili, həm ümumi müsahibədə iştirak etmək üçün namizəd https://sehiyye.gov.az/ saytında vakansiya elan edilən gündən etibarən 15 (on beş) iş günü müddətində VSİS-nin müvafiq altsistemində şəxsi kabinet yaradaraq qeydiyyatdan keçir və uyğun vakansiyaları seçərək, öz ərizəsini təsdiq edir.
Nazirlik tərəfindən VSİS-nin müvafiq altsistemi vasitəsilə namizədin təqdim etdiyi sənədlərin düzgünlüyü qeydiyyat üçün nəzərdə tutulan müddətin bitdiyi tarixdən 5 (beş) iş günü müddətində avtomatlaşdırılmış qaydada yoxlanılır. Bu yoxlanma müsbət nəticələndikdə elektron poçt və (və ya) şəxsi kabineti vasitəsilə müsahibəyə buraxılması barədə namizədə, vakansiyanın aid olduğu tibb müəssisəsinə və tibb müəssisəsinin tabe olduğu quruma məlumat verilir. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçi 1 (bir) iş günündən gec olmayaraq məlumatlandırılır.
VSİS vasitəsilə əldə edilməsi mümkün olan sənədlər istisna olmaqla, işə qəbul edilmək üçün tələb olunan sənədlər aşağıdakılardır:
● xarici ölkələrdə təhsil alan namizədlərə münasibətdə onların xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin surəti;
● elmi dərəcəsinin olduğunu təsdiq edən sənədin (olduğu halda) surəti;
● əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindən təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
● ixtisas dərəcəsinin verilməsi barədə sənədin surəti;
● ixtisası və əmək funksiyası ilə bağlı əlavə təhsili barədə müvafiq sertifikatlar (şəhadətnamələr).
Tibb müəssisəsi tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən namizədin potensial imkanları və vəzifəyə uyğunluğu qiymətləndirilir. Bu qiymətləndirmənin qaydaları və qəbul edilən keçid balları barədə məlumatla müvafiq qərarın yayımlandığı https://e-qanun.az/framework/57500 saytında tanış olmaq mümkündür. Namizədlərin fərdi qaydada qiymətləndirilməsinin balları barədə məlumat onların şəxsi kabinetində (https://kabinet.e-health.gov.az) əlçatan olur.
Tibb işçiləri sistemin istifadə qaydaları haqqında əlavə məlumat almaq üçün Rəqəmsal Səhiyyə Mərkəzinə məxsus 0555313828 nömrəyə vatsap üzərindən yaza və ya [email protected] email ünvanına müraciət edə bilərlər.
Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin Treninq və Monitorinq Bölməsinin mütəxəssisi Aqşin Səmədov mövzu ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib ki, “İşə Qəbul” alt sistemi səhiyyə müəssisələrində kadr seçimi prosesini daha şəffaf, səmərəli və obyektiv həyata keçirmək məqsədilə tətbiq olunub. Sistem vasitəsilə tibb müəssisələrinin vakant yerləri elan edilir və namizədlər uyğun olduqları vəzifələrə müraciət edə bilirlər. O bildirib ki, işə qəbul prosesinin əsas mərhələlərindən biri müsahibədir: “Müsahibə səhiyyə müəssisəsində komissiya üzvləri tərəfindən keçirilir və namizədlərin bilik və bacarıqları müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilir. Bu zaman hər bir namizədə eyni vakansiya üzrə eyni suallar verilir. Namizədin cavabları hər bir meyar üzrə 2 (qeyri-kafi), 3 (kafi), 4 (yaxşı) və ya 5 (əla) balla qiymətləndirilir. Əgər namizəd hər hansı meyar üzrə 2 bal alarsa, müsahibədən uğursuz keçmiş hesab edilir. Bütün meyarlar üzrə topladığı ballar yekun qiymətləndirməyə daxil edilir və nəticə sistemə ötürülür. Müsahibə başa çatdıqdan sonra sistem bütün namizədlərin yekun ballarını avtomatik müqayisə edir və ən yüksək bal toplayan namizədi seçir. Seçim nəticələri namizədlərə sistem üzərindən fərdi qaydada bildirilir”.
A.Səmədovun sözlərinə görə, namizədlər öz təhsil, bilik və bacarıqlarına uyğun olan bir neçə vakant vəzifəyə eyni anda müraciət edə bilərlər: “Bu, səhiyyə sahəsində işləyən kadrlar üçün daha geniş iş imkanları yaradır və müəssisələrə daha çox namizəd arasından seçim etməyə şərait yaradır. Sistem müsahibə vaxtlarının üst-üstə düşməsinin qarşısını alır. Bir namizəd üçün artıq bir tibb müəssisəsində müsahibə vaxtı təyin edildikdə, digər tibb müəssisələri həmin tarixdə eyni namizədi müsahibəyə dəvət edə bilmir. Bu mexanizm həm namizədlər, həm də səhiyyə müəssisələri üçün işə qəbul prosesini daha səmərəli və nizamlı edir”.
“Səhiyyə Nazirliyinin VSİS sistemi çərçivəsində fəaliyyət göstərən “İşə Qəbul” alt sistemi işə qəbul prosesinin tam elektronlaşdırılmasını təmin edərək bir sıra üstünlüklər yaradır. Belə ki, mərkəzləşdirilmiş sistem sayəsində bütün səhiyyə müəssisələrinin vakansiyaları vahid platformada toplanır və namizədlər üçün əlçatan olur. Seçim şəffaf və obyektiv qiymətləndirmə əsasında edilir, müsahibə nəticələri sistemdə qeyd olunur və seçim reytinq əsasında aparılır. Uyğunluğun yoxlaması avtomatlaşdırılmış aparılır, yəni namizədlərin təhsili, iş təcrübəsi və ixtisas göstəriciləri sistem tərəfindən avtomatik filtrasiya edilir. Namizədlərin diplom, sertifikat və digər sənədləri avtomatik yoxlanılır, bu da saxta sənəd təqdim edilməsinin qarşısını alır. Sistem həmçinin effektiv idarəetmə modelidir, belə ki, müəssisələr real vaxt rejimində vakansiyalar və müraciət edən namizədlər haqqında məlumat əldə edə bilir. Sistemin interfeysi istifadəçi üçün rahatdır, o həm işəgötürənlər, həm də namizədlər üçün müraciətlərin statusunu izləmək və bildirişlər almaq imkanı yaradır. Sistem insan faktorunu minimuma endirərək səhiyyə müəssisələrinin ən uyğun kadrları daha sürətli və səmərəli şəkildə seçməsinə imkan yaradır. Elektronlaşdırılmış işə qəbul mexanizmi səhiyyə sahəsində insan resurslarının idarə edilməsini müasir tələblərə uyğunlaşdıraraq optimallaşdırır”, - deyə Aqşin Səmədov əlavə edib.







Fevral 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova