Azərbaycanlı alim Dünya Tibbi Hüquq Assosiasiyasının Baş katibi seçilib

Azərbaycanlı alim Dünya Tibbi Hüquq Assosiasiyasının Baş katibi seçilib

İndoneziyanın Batam şəhərində keçirilən 28-ci Dünya Tibbi Hüquq konqresində azərbaycanlı alim, tibb elmləri doktoru, hüquq elmləri doktoru, məhkəmə-tibbi ekspert, professor Vüqar Məmmədov Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) Baş katibi seçilib.
Onun namizədliyi Assosiasiyanın yeni seçilmiş prezidenti, Belçikalı professor Tyerri Vansvivelt tərəfindən irəli sürülüb. Bu vəzifəyə daha iki ölkədən – İsrail və Macarıstandan alimlərin namizədliyi verilib. Macarıstanlı professor Cudit Şandor öz namizədliyini azərbaycanlı alimin lehinə geri götürüb. Sonra keçirilən seçkidə Assosiasiyanın 33 nəfərdən ibarət İdarə Heyəti üzvləri gizli səsvermə yolu ilə Vüqar Məmmədovu səs çoxluğu ilə Baş katib seçiblər.
Qeyd edək ki, ixtisasca məhkəmə-tibbi ekspert olan Vüqar Məmmədov həm tibb, həm hüquq üzrə elmlər doktorudur, ölkəmizdə və xaricdə yaxşı tanınan alimlərdəndir. Azərbaycan, Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Türkiyə, Pakistan, İndoneziya, Ukrayna, Qazaxıstan, İran, Litvanın 18 universitetində professor və dəvətli professor kimi çalışıb, 54 ölkədə məhkəmə təbabəti, tibbi hüquq, insan hüquqları, bioetika və ətraf mühit hüququ üzrə mühazirələr oxuyub, 360 elmi işin müəllifidir. 2008-ci ildən DTHA-nın üzvü, 2012-ci ildən İdarə Heyətinin üzvü, 2016-cı ildən İcraiyyə Komitəsinin üzvü və xəzinədarı, 2018-ci ildən Birinci vitse-prezidenti, Təhsil komitəsinin rəhbəri, 23-cü (Bakı, 2017), 25-ci (Tokio, Yaponiya) və 27-ci (Vilnüs, Litva) Dünya Tibbi Hüquq konqreslərinin elmi proqramlarının rəhbəri olub. Professor Vüqar Məmmədov həmçinin YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, Ümumdünya Səhiyyə Təşkilatının əlillik, reabilitasiya və köməkçi texnologiyalar üzrə eksperti, İpək Yolu ölkələrinin Məhkəmə Ekspertizaları Assosiasiyasının vitse-prezidentidir, Avropa Səhiyyə Hüququ Assosiasiyasının vitse-prezidenti olmuşdur.
2019-cu ildən o, Haaqada Beynəlxalq Cinayət Məhkəməsində DTHA-nı və ölkəmizi təmsil edib, 2022-ci ildə isə bu məhkəmənin Baş Prokuror Ofisində məhkəmə-tibbi ekspertiza üzrə dəvətli mütəxəssis qismində 6 ay ərzində çalışıb. Hazırda professor Məmmədov Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır, ATU-nun Məhkəmə təbabəti kafedrasında dərs deyir.
DTHA 1967-ci ildə Belçikada tibb və səhiyyədə insan hüquqları, hüquqa aid multikultural və fənnlərarası problemlərin tədqiqatı məqsədilə hüquq, tibb və məhkəmə təbabəti üzrə 9 nəfər dünya şöhrətli mütəxəssis tərəfindən yaradılıb. BMT-nin YUNESKO, Ümumdünya Səhiyyə Təşkilatı, Haaqada Beynəlxalq Cinayət Məhkəməsi, bir çox beynəlxalq və milli peşəkar assosiasiyalarla əməkdaşlıq edir.


Xəbəri paylaş



Mart 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova