İki ölkənin tənzimləyici qurumları arasında qarşılıqlı anlaşma Memorandumu imzalanıb

Müasir dünyada əczaçılıq sahəsi getdikcə qloballaşır və bu amil beynəlxalq əməkdaşlığı daha da zəruri edir. Bu səbəbdən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) rəhbərliyi digər ölkələrin əczaçılıq sahəsinin tənzimləyici qurumları ilə əməkdaşlığının genişləndirilməsini daim diqqətdə saxlayır. AEM-dən verilən məlumata görə, artıq Qazaxıstan, Belarus, Ukrayna və Özbəkistanın əczaçılıq sahəsində requlyator qurumları ilə qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalanıb və əczaçılıq sahəsinin bir sıra istiqamətləri üzrə əməkdaşlıq dinamik olaraq inkişaf etdirilir.
Bu prosesin davamı olaraq, Özbəkistan Respublikasının Daşkənd şəhərində Amerika Farmakopeyasının və Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Əczaçılıq Məhsullarının Təhlükəsizliyi Mərkəzi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi arasında qarşılıqlı anlaşma və əməkdaşlıq Memorandumu imzalanıb.
Sənəddə dərman və tibb vasitələrinin ekspertizası, onların keyfiyyətinə nəzarətin təkmilləşdirilməsinə dair təcrübə mübadiləsi, dərman və tibb vasitələrinin qeydiyyatı və dövriyyəsi sahəsində beynəlxalq standartların tətbiq edilməsinə dair tövsiyələrin hazırlanmasında dəstək, dərman vasitələri ilə bağlı farmakonəzarətin həyata keçirilməsi, dərman və tibb vasitələrinin əlavə təsirlərinə monitorinqin keçirilməsi sahəsində məlumat mübadiləsi, elmi və praktik tədbirlərdə, konfrans, simpozium, seminar və forumlarda qarşılıqlı iştirak və s. istiqamətlərdə əməkdaşlıq və təcrübə mübadiləsinin təmin edilməsi öz əksini tapıb.
Xəbəri paylaş