Valyuta.com

İlisunun ilıq «göz yaşları»

İlisunun ilıq «göz yaşları»
Qaxın müalicəvi termal suları hansı xəstəliklərə çarədir?

Təbii mineral sulardan istifadə etməklə bir sıra xəstəliklərin müalicə olunması hələ çox qədimlərdən məlumdur. Bu müalicə növü dünyada ən çox XIX əsrdə daha populyar olub, lakin sonralar digər metodlarla müqayisədə ikinci plana keçib.
Yer üzündəki müalicəvi sulardan söz düşəndə əsrarəngiz təbiətə, əvəzolunmaz yeraltı və yerüstü sərvətlərə, zəngin flora və faunaya malik olan Azərbaycanımızın adını çəkməmək mümkün deyil. Biz də dünyanın incilər xəzinəsində öz yeri olan ölkəmizin minbir dərdə dəva olan təbii şəfa mənbələri haqqında oxucularımıza həmin yerlərdən hazırladığımız canlı yazılarla məlumat verməyi qərara aldıq.
Beləliklə, bu silsilədən olan ilk yazımızda Qax rayonunun şimal-şərqində, Böyük Qafqaz dağlarının cənub ətəklərində, Kürmük və Hamamçay dərələrinin birləşdiyi yerdə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən İlisu kəndinin müalicəvi-termal suları haqqında söhbət açacağıq.

“Duman, gəl get bu dağlardan…”

Biz Qax rayonunun mərkəzindən keçib üzü İlisu kəndinə sarı yön alanda səhər saatları idi. Əlbəttə, bu yerlərin gözəl təbiəti, adamı valeh edən dağları, dərələri, meşələri, çayları, bulaqları haqqında istənilən qədər danışmaq olar. Yolu düşənlər bilir ki, əsasən təbiətin oyanan vaxtı – Dədə Ələsgər demişkən, «bahar fəsli, yaz ayları gələndə» bu gözəl məkan cənnəti xatırladır. Amma sən demə, payızla qışın yolayrıcında da buralar ayrı bir aləm olur. Öz yaşıl donunu payıza hədiyyə eləmiş meşələr, qışın ağappaq yorğanını başına çəkmiş dağlar, çayların həzin musiqisinə qucaq açmış dərin dərələr… Sanki bir qış nağılı…
İlisuda bizi hər kəsdən əvvəl qatı duman qarşıladı. Kəndin ortası ilə üzüyuxarı yavaş-yavaş irəliləyirik. «Bəlkə o tərəflərdə – termal sular çıxan yerdə hava açıqdır» ümidi ilə yolumuza davam edirik. Amma sanki ana təbiətin vaxtsız gəlmiş qonaqlara acığı tutub – duman getdikcə daha da qatılaşır…
Əlbəttə, dağda duman olar, sözsüz, bunun da öz gözəlliyi var. Amma belə hava bizim işimizə heç yaramırdı, çünki qatı duman seyr etdiyimiz gözəl mənzərələrin şəklini çəkməyə imkan vermirdi. Vəziyyəti belə görüb kəndin içində, yol kənarında söhbətləşən 3-4 nəfər ağsaqqalın yanında maşını saxladıq, onlarla hal-əhval tutduq. Nə məqsədlə gəldiyimizi öyrənən sakinlər yuxarı qalxdıqca dumanın daha da qatılaşacağını bildirdilər, sabahı gözləməyi məsləhət gördülər, hətta gecələmək üçün bizi öz evlərinə də dəvət etdilər. Biz də «məsləhətli don gen olar» deyib, geriyə – 12 kilometrlik məsafədə yerləşən rayon mərkəzinə qayıtmağı qərara aldıq. Ancaq əvvəlcə İlisu əhli ilə bir xeyli söhbətləşdik.

Kənd sakinləri və maraqlı rəvayətlər

Söhbət zamanı öyrəndik ki, sən demə, qış aylarında «İlisu hamamı» deyilən yerə – termal suların mənbəyinə getmək çox müşkül məsələdir. Mənzil başına çatmaq üçün yolun bir hissəsini maşınla, yarısını atla, təxminən 1 kilometrini isə piyada qət etmək lazımdır.
Fürsətdən istifadə edib, İlisunun müalicəvi suları haqqında həmsöhbətlərimizin fikirlərini öyrəndik. Bu isti sular haqqında, öz bildikləri, eşitdikləri kimi xeyli söhbət açan kənd sakinləri həmin suyun, doğrudan da, min bir dərdin dərmanı olduğunu bildirdilər. Müsahiblərimizdən biri bu barədə bir rəvayət də danışdı: «Burada Təkəduran (təkə, yəni dağ keçisi – Q.N.) deyilən bir yer var. Rəvayətə görə, neçə əsrlər bundan əvvəl bir ovçu gedib orada daşların üstunə duz tökər və duza görə oraya yaxınlaşan təkələri ovlayarmış. Bir gün o, bir təkəni ayağından vurur, lakin ovun arxasınca getsə də, onu axtarıb tapa bilmir. Bir də görür ki, yaralı təkə həmin isti suda bir az yatıb, sonra isə durub və heç axsamadan qaçıb gedir. Yəni o su onun ayağının yarasını sağaldıb».
Həmsöhbətimizin sözlərinə görə, həmin termal sular çıxan yer həm də müqəddəs, inanılan bir ziyarətgah kimi qəbul olunur: «Bu niyyətlə gələnlər də çoxdur. Məsələn, orada gərək spirtli içki içməyəsən. Əgər içsən, mütləq bir fəlakətlə üzləşəcəksən. Dəfələrlə şahidi olmuşuq ki, orada gedib içənlər ya qar uçqununun altında qalıb, ya yol qəzasında ölüb, ya da onları sel aparıb. Allahın möcüzəsidir, buna necə inanmayasan?»
Söhbət əsnasında kənd sakinləri hamılıqla bildirdilər ki, termal sular barədə İlisunun yuxarı tərəfində yerləşən «Uludağ» Turizm və İstirahət Kompleksinin direktoru Zabit Əhmədov daha geniş məlumat verə bilər. Onların sözlərinə görə, özü də bu kəndin sakini olan Zabit müəllim həmin suları analiz etdirmək üçün neçə illərdir çalışır. Onunla söhbət eləməyi də sonraya saxlayıb, sabah havanın açılacağı ümidilə qayıtdıq rayon mərkəzinə.
Amma səhər duranda yenə eyni mənzərə ilə qarşılaşdıq. Dünənki hava şükürlü imiş, İlisu bir yana dursun, ondan xeyli aşağıda yerləşən Qax şəhərində də dumandan göz-gözü görmürdü. Təbiət sanki yazı-yayı buraxıb, qışda buraya səfər elədiyimiz üçün bizdən acığını çıxırdı. Neyləmək olardı? Yenə yön aldıq İlisuya. Və nəhayət, gedib çıxdıq dünən bizə deyilən ünvana…

Nəhayət, «Uludağ»da…

«Tibb qəzeti»nin əməkdaşlarını burada görməkdən məmnun olduğunu deyən «Uludağ» Turizm və İstirahət Kompleksinin direktoru Zabit Əhmədov qatı dumana görə gileyləndiyimizi görüb bizə səmimi təsəlli verdi: «Yayda buraya hamı gələr, oğul odur qışda gələ! Əslində, hər il bu vaxt buralar qarla örtülü olur. Amma görünür təbiət sizi çox istəyir ki, pişvazınıza qarla yox, dumanla çıxıb». Belə ürəkaçan sözlərdən xoşlanaraq, çay süfrəsi arxasında söhbətə başladıq…
Zabit Əhmədov bildirdi ki, İlisu termal suları əvvəllər çox yerdən çıxarmış. Lakin sonralar müxtəlif təbiət hadisələri nəticəsində onlar yerini, istiqamətini dəyişib, bəlkə də yeraltı axır. İndi əsas iki bulaq var. Onlardan birinin suyu isti, digərininki nisbətən ilıqdır. Bəlkə də elə buna görə xalq arasında onlara «Oğlan bulaq» və «Qız bulaq» adı verilib: «Bulağın lap gözundə, yəni suyun çıxdığı yerdə temperatur 38-41 dərəcə arasında dəyişir. Möcüzə burasındadır ki, Azərbaycanda çıxan termal suların əksəriyyətinin temperaturu – istər çox isti olsun, ya bir az soyuq, fərqi yoxdur – müxtəlif vaxtlarda dəyişir. Amma burada ilin 12 ayı həmin temperatur sabitdir.
Buradan bulaqlara qədər 6 kilometr məsafə var. Böyük çətinliklə həmin suları borular vasitəsilə, asma üsulla çəkib bizim kompleksə gətirmişik. Buraya gəlib çatanda suyun temperaturu yayda 34, soyuq aylarda isə 28 dərəcə olur».

İlisu termal suları hansı xəstəliklərə çarədir?

Zabit Əhmədov onu da bildirdi ki, tarixi mənbələrə görə, İlisu termal sularını ilk dəfə 1824-cü ildə iki nəfər alman alimi, daha sonra 1866-cı ildə K.A.Nikitin tədqiq edib. 1887-ci ildə isə Q.V.Struve tərəfindən onun kimyəvi tərkibi öyrənilib və məlum olub ki, bu sularda radon var: «Radon Mendeleyev cədvəlində VIII qrupun elementidir. O, radiumun çox qısa yaşama müddəti olan (yarımparçalanma dövrü 3,8 sutka) parçalanma məhsuludur. Təsirsiz qazlara aiddir, rəngi, dadı, iyi yoxdur. Məlum olduğu kimi, radon təbiətdə ən nadir elementlərdən biridir. Bu qaz radioaktiv filiz mədənlərində, radioaktiv maddələrin parçalanması zamanı əmələ gəlir. Əsasən tibb sahəsində tətbiq olunur. Onun müalicə təsiri göstərən əsas amili alfa-şüalanmadır ki, bundan periferik sinir sisteminin, dayaq-hərəkət sisteminin, damar, ginekoloji, həmçinin bir sıra dəri xəstəliklərinin, yanıqlardan sonrakı fəsadların müalicəsində istifadə olunur».
Müsahibimizin sözlərinə görə, radon vannaları əsasən müalicə vasitəsi kimi tətbiq olunur: «Suda həll olmuş radon sakitləşdirici, ağrıkəsici və iltihaba qarşı təsir göstərir, yüksək qan təzyiqini aşağı salır, sinir, endokrin və immun sistemlərinin fəaliyyətini normallaşdırır, damar və əzələ sistemlərinin spazmalarını aradan qaldırmağa kömək edir, regenerasiya proseslərini stimullaşdırır. Radon vannalarının qəbulu ürək fəaliyyətini yaxşılaşdırır, qan təzyiqini normallaşdırır. O həmçinin maddələr mübadiləsinin pozulmasından, şəkərli diabetdən, podaqradan və piylənmədən əziyyət çəkən xəstələrin müalicəsində əhəmiyyətlidir. Bu vannalar dəri xəstəliklərinin müalicəsi zamanı yaxşı təsir gəstərir, sinir sisteminin fəaliyyətini stimullaşdırır, daxili sekresiya vəzilərinin fəaliyyətini normallaşdırır. Bunlardan əlavə, radon vannası qanın laxtalanma və mikrosirkulyasiya proseslərinə müsbət təsir göstərir.
Sizə şəxsən şahidi olduğum bir faktı deyim. Buraya bir xəstə gətirmişdilər. Ayağı açılmırdı, əsa ilə gəzirdi. Həkimlər ona 12 vanna qəbul eləməyi məsləhət görmüşdülər. Amma cəmisi 6-cı vannadan sonra ayağı açıldı və kişi durub gəzə-gəzə getdi evinə. Həmçinin buraya uşağı olmayan ailələr gəlir və əksər hallarda övlad sahibi olurlar. Bunun mütləq bir elmi əsası olmalıdır. Fikrimcə, İlisu termal sularının geniş şəkildə tədqiqata ehtiyacı var. Araşdırmaq, öyrənmək lazımdır ki, axı, sirr nədədir?»

Bəs alimlərimiz nə deyir?

Zabit Əhmədovdan alimlərimizin İlisu termal suları ilə bağlı tədqiqat aparıb-aparmadıqlarını da soruşduq. Müsahibimiz bildirdi ki, o özü 2008-ci ildə bu sulardan nümunələr götürərək Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutuna təqdim edib: «Xahiş elədim ki, dəqiq analiz aparıb, suyun tərkibi barədə bizə məlumat versinlər. Bir qədər sonra həmin institutun Geoloji mühitin qamma-spektrometriyası şöbəsinin Radiometriya bölməsindən rəsmi cavab gəldi. Bizə verilən «Sınaq protokolu»nda göstərilir ki, aparılan analizlər nəticəsində radonun qatılıq dərəcəsinin «Oğlan bulaq» termal suyunda 1770 bq/m3 (47,84 nKu/1), «Hamam» termal suyunda isə 2380 bq/m3-ə (64,33 nKu/1) bərabər olduğu təyin edilib və azradonlu su kimi onlardan balneoloji müalicə üçün istifadə oluna bilər.
2009-cu ildə isə bu suların nümunələrini analiz məqsədilə Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutuna təqdim elədik. Həmin institutun Kurort sərvətlərinin öyrənilməsi şöbəsindən yazılı şəkildə bildirdilər: «Bu sular qələvi mühitə malik (pH – 8,6), az minerallaşmış (M-1,9 q/1), kimyəvi tərkibinə görə hidrokarbonatlı-xloridli natriumludur. Orqanoleptik göstəricilərinə görə isə rəngsiz, dadsız, iysiz, şəffaf və çöküntüsüzdür. Tərkibindəki komponentlərə görə, təbii mineral müalicəvi süfrə suyudur və AZŞ-216-2006-ya əsasən, bu su Ukraynanın «Krım» suyunun analoqudur. Sudan mədənin sekretor funksiyasının normal və yüksək fəaliyyəti zamanı, mədənin və onikibarmaq bağırsağın yüngül formalı yaraları zamanı, xroniki kolit və enterokolitlər, qaraciyərin və öd yollarının xroniki xəstəlikləri, xroniki pankreatit, maddələr mübadiləsinin pozulması ilə əlaqədar olan xəstəliklər (şəkərli diabet, piylənmə, podaqra və sair) zamanı, sidik yollarının xroniki xəstəlikləri zamanı istifadə oluna bilər». Rəydə o da öz əksini tapmışdı ki, suyun müalicəvi əhəmiyyətini nəzərə alıb, ondan əsasən vannalarla müalicə şəklində istifadə etmək məsləhət görülür».
Zabit Əhmədov onu da qeyd etdi ki, suyun tərkibinin müəyyən edilməsi hələ onun tam tədqiq edilməsi demək deyil: “Fikrimcə, İlisunun min bir dərdə dərman olan bu möcüzəvi termal suları, onların müalicəvi təsirinin mexanizmi əsaslı şəkildə öyrənilməlidir. Düşünürəm ki, Azərbaycanın bu və digər müalicəvi sularını burada qoyub, termal vannalar üçün xaricə – Rusiyaya, Çexiyaya və s. getməyin mənası yoxdur. Ölkəmizin əsrarəngiz, möcüzəvi təbiətində hər bir xəstəliyin çarəsini tapmaq mümkündür”.
Q.NURİYEVшаблоны для dle 11.2





Oktyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova