Valyuta.com

Azərbaycanda Vaxtından Əvvəl Doğulmuşlar Günü keçirildi

Azərbaycanda Vaxtından Əvvəl Doğulmuşlar Günü keçirildi


Azərbaycanda hər 10 uşaqdan biri vaxtından tez doğulur

Noyabrın 17-si 2009-cu ildə Yenidoğulmuşlara qulluq üzrə Avropa Fondu tərəfindən Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü kimi təsis olunub. Hazırda dünyanın 200-dən çox ölkəsində, o cümlədən Azərbaycanda bu gün müxtəlif tədbirlərlə qeyd edilir. Bu il belə tədbirlərdən biri Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Respublika Perinatal Mərkəzində keçirilən toplantı oldu.
Tədbirdə çıxış edən Mərkəzin direktoru, Səhiyyə Nazirliyinin mamalıq-ginekologiya üzrə baş mütəxəssisi Sevinc Məmmədova qeyd edib ki, hər il dünyada 15 milyona yaxın uşaq – orta hesabla, doğulan hər 10 körpədən biri vaxtından əvvəl dünyaya gəlir: “Bu cür körpələrdə yetkinsizliklə əlaqədar bir sıra problemlər, fəsadlar yarana bilər. Belə hallarda ana və uşağa xüsusi qulluq və tibbi yardım tələb olunur. Valideynlərə isə psixoloji dəstək lazımdır. Məhz bu cür problemlərə cəmiyyətin diqqətini cəlb etmək üçün belə bir gün təsis edilib”.
S.Məmmədova Azərbaycanda da hər 10 uşaqdan birinin vaxtından tez doğulduğunu deyib, erkən doğuşların müxtəlif səbəblərindən danışıb: “Antenatal dövrdə düzgün nəzarətin olmaması, hamiləlikdən əvvəl qadının sağlamlığında olan problemlər, hamiləlik vaxtı meydana gələn müəyyən fəsadlar hamiləliyin erkən sonlanması ilə nəticələnə bilir. Vaxtından əvvəl doğuşlar ana və uşaq ölümlərinə də səbəb ola bilər. Bu da hamiləlikdən öncəki hazırlıqlardan asılıdır. İlk gündən həkim nəzarətində olan hamiləliklərdə ana və uşaq ölümlərinə az rast gəlinir”.
Mərkəzin direktoru son illər Azərbaycanda təbabətin bütün sahələrində olduğu kimi, ginekologiyada da müasir texnologiyalardan istifadə edildiyini, süni mayalanma mərkəzlərinin meydana gəldiyini, irsi xəstəliklərin tez bir zamanda aşkarlandığını, diaqnostika işi yaxşılaşdığından erkən doğuş hallarının qeydiyyatının tam əhatə olunduğunu deyib. Bildirib ki, uşağı vaxtından tez doğulan analar körpələrinin sağlamlığına daim nəzarət etməli, peyvəndlərini vaxtlı-vaxtında vurdurmalı, ildə bir dəfə mütləq şəkildə dispanserizasiyadan, dövri müayinələrdən keçirməli, hər hansı bir xəstəliyə səhlənkar yanaşmamalıdırlar. Onlar vaxtında həkimə müraciət etməli, uşaqları tam sağalana qədər həkim nəzarətində saxlamalıdırlar.
S.Məmmədova vurğulayıb ki, hər cütlük ailə qurmazdan əvvəl mütləq müayinədən keçməlidir. Hamiləlik baş verdikdə isə qadın məsləhətxanalarında qeydiyyata düşmək, həkimin təyinatlarına əməl etmək zəruridir.
Baş ginekoloq bildirib ki, hamilə qadınların və onların ailələrinin düzgün olmayan davranışı bir sıra hallarda faciə ilə nəticələnir: “Oktyabr ayı ərzində hamiləlik zamanı iki ölüm hadisəsi qeydə alınıb. Araşdırmalar nəticəsində müəyyənləşib ki, ötən ay Tovuz rayonunda baş vermiş ana ölümü hadisəsi əslində intihar olub. Belə ki, 24-25 həftəlik hamilə olan qadının hamiləliyindən iyirminci həftəyə qədər heç kimin xəbəri olmayıb. Məhz həmin vaxt qadın baş ağrısı şikayəti ilə həkimə aparılıb, hamilə olduğu məlum olub və qeydiyyata alınıb. Ona müəyyən müayinələr təyin edilib və xəstə evə buraxılıb. Bundan 4 həftə sonra isə qadın telefonla anasına zəng edərək “Gəlin məni aparın, yoxsa özümü öldürəcəyəm” deyib və elə danışığını bitirməmiş dünyasını dəyişib. Cəsədin məhkəmə-tibbi ekspertizasının nəticəsinə görə, xəstə kimyəvi maddə ilə özünü zəhərləyib. Patoloji rəyə görə, ölümün əsas səbəbi amin qrup kimyəvi maddə olub”.
Ötən ay baş verən ikinci hadisə isə Bakının Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Kliniki Xəstəxanasında qeydə alınıb. S.Məmmədovanın dediyinə görə, qadının təkrar hamiləliyi olsa da, o, həkimə müraciət etməyib və heç bir qadın məsləhətxanasında qeydiyyatda olmayıb: “Bu, qadının 7-ci hamiləliyi sayılırdı, qeysəriyyə yolu ilə sonlanan 4-cü hamiləliyi olacaqdı. Üçüncü qeysəriyyə kəsiyindən sonra onun uşaqlığı üzərində üç çapıq var idi və həkimlər bundan sonra ona doğuşu qadağan etmişdilər. Həkimlərin məsləhətinə riayət etməyən qadın uşağın 40-ı çıxmamış təkrar hamilə qalıb və bunu hamıdan gizlədib. Qohumları yalnız hamiləliyin 5-6-cı ayında bundan xəbər tutublar və qadına hamiləliyini sonlandırmağı təklif etsələr də, o buna razılıq verməyib. Üstəlik, cift də düzgün yerləşməyib. Hamiləliyin 5-6 aylığından başlayaraq cift çapıq nahiyəsindən çölə doğru invalizə edib. Bu hala “ciftin ətə batması” deyilir. Qadın ağrılarla əlaqədar 2-3 dəfə müalicə üçün 3 saylı Şəhər Kliniki Xəstəxanasına hospitalizasiya olunub. Hər dəfə həkimlər hamiləliyi bitirməyi təklif etsələr də, bundan imtina edib. Sonuncu dəfə hamiləliyin 33-cü həftəsində xəstəxanaya yerləşdirilib, 1 həftə burada yatdıqdan sonra kəskin ağrılar başlayıb. Həkimlərin səylərinə baxmayaraq, qanaxmanı saxlamaq mümkün olmayıb, buna görə qadın mütəxəssislərin nəzarəti altında əməliyyata götürülüb, onun gedişində xəstədə kəskin ürək-damar çatışmazlığı baş verib və o, dünyasını dəyişib. Ancaq uşaq sağ qalıb. Meyit yarılmadığından möhürlənmiş məhkəmə-tibbi ekspertiza rəyi yoxdur. Amma həmin qadının stasionarda yatan zaman olan bütün müayinələrinin nəticələri dölyanı mayenin emboliya ehtimalını göstərir. Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu Aydın Qədirov da bu barədə rəy verib”.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin neonatologiya üzrə baş mütəxəssisi, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov da yarımçıq doğuşların səbəblərinin müxtəlif olduğunu, burada hamiləlikdən öncəki hazırlığı, hamiləlikdən əvvəl və hamiləlik vaxtı ananın orqanizmində yaranan problemləri əsas amil kimi dəyərləndirib: “Vaxtından əvvəl və az çəkili doğulan uşaqların bir neçə faizində sonrakı dövrdə tənəffüs problemləri, kəskin respirator infeksiyalara tez yoluxmaq halları, dayaq-hərəkət sistemində, yaxud nevroloji problemlər müşahidə olunur. Vaxtında tədbir görülsə, belə körpələrin nisbi sayını xeyli azalda bilirik. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, hamiləliyin vaxtından əvvəl sonlanmasının əsas səbəblərindən biri hamiləlik zamanı infeksiyalardır. Hər bir anada antenatal dövrdə yaranan problemlər vaxtından əvvəl doğuşun baş verməsinə səbəb ola bilər”.
R.Hüseynov 8 aylığında doğulan uşaqların 7 aylıqda doğulan uşaqlara nisbətən yaşamaq şansının daha az olduğunu da diqqətə çatdırıb. Buna səbəb kimi 8 aylıq uşaqlarda sinir sisteminin daha həssas olmasını, vaxtından çox əvvəl doğulan körpələrdə isə onun bir o qədər inkişaf etmədiyini göstərib.
Bütün dünyada vaxtından əvvəl doğuşlarda ölüm hallarının çox olduğunu vurğulayan baş neonatoloq elmin inkişafı sayəsində dünyada, o cümlədən Azərbaycanda belə uşaqların fəsadsız sağ qalması faizinin də ilbəil artdığını bildirib.
Çıxışlardan sonra uşaqlara hədiyyələr paylanılıb.

Azərbaycanda Vaxtından Əvvəl Doğulmuşlar Günü keçirildi


Pediatriya İnstitutu uşaqların sağlamlığının keşiyində

Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda da qeyd edildi. İnstitutun baş həkimi Tamilla Şahbazova öncə bu gün münasibətilə vaxtından əvvəl doğulmuş və bu tibb müəssisəsində müalicə alan uşaqların valideynlərini təbrik etdi, onlara övladlarının həyat uğrunda mübarizədən hər zaman qalib çıxmalarını arzuladı.
Baş həkim Pediatriya İnstitutuna Azərbaycanın hər yerindən – ölkəmizdə fəaliyyət göstərən perinatal və doğuşayardım mərkəzlərindən uşaqların qəbul olunduğunu dedi. O, vaxtından əvvəl doğulan uşaqların vəziyyəti stabilləşənə qədər – bir sutkadan 2-3 ayadək xüsusi küvezlərdə saxlanıldığını diqqətə çatdırdı. T.Şahbazova məlumat verdi ki, bədən kütləsi 2800 qramdan 4500 qrama kimi, hestasiya yaşı (hamiləliyin müddəti) 37 həftədən çox olan uşaqlar vaxtında, bu göstəricilərdən biri az olduqda isə vaxtından qabaq doğulmuş sayılır: “ Uşaqda hər hansı həyat əlaməti varsa, çəkisi 500 qramdan az deyilsə, o, diri doğulmuş kimi qiymətləndirilir və həkimlər onun yaşaması üçün bütün zəruri tədbirləri görməlidirlər. Elmi Tədqiqat Pediatriya İnstitutunun bugünkü təchizatı, burada çalışan mütəxəssislərin hər birinin yüksək bilik və təcrübəyə sahib olması bizə vaxtından əvvəl doğulan uşaqları qorumağa imkan verir”.
Gənc qadınlara, hamilələrə özlərinin və körpələrin sağlamlığı naminə məsuliyyətli olmağı, vaxtlı-vaxtında həkimə getməyi, mütəxəssis məsləhətlərinə ciddi yanaşmağı tövsiyə edən natiq Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günündə bütün körpələrin vaxtında, sağlam doğulmasını və böyüməsini arzuladı.
Tədbirin sonunda valideynlərə uşaqlar üçün oyuncaqlar və pamperslər hədiyyə edildi.

Sumqayıtda vaxtından tez doğulan körpələrə lazımi qulluq olunur

Sumqayıt şəhər 1 nömrəli Doğum Evində də Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü münasibətilə tədbir keçirilib.
Toplantıda Doğum Evinin baş həkimi ölkə Prezidentinin sərəncamları ilə təsdiq edilmiş ana və uşaq sağlamlığı üzrə dövlət proqramlarının icrasından, həmin sənədlərə əsasən Azərbaycanda diridoğulmanın beynəlxalq meyarlarının tətbiq edilməsindən, yarımçıq, çox az çəki ilə doğulan uşaqlara qulluğun təşkili istiqamətində görülən işlərdən danışıb və bu sahədə müsbət nəticələr əldə olunduğunu qeyd edib. Bildirilib ki, hazırda şəhərdə fəaliyyət göstərən hər 2 doğum evində əsaslı təmir aparılıb, müasir müalicə-diaqnostika avadanlıqları və dərman preparatları ilə təminat, həmçinin bu sahədə işləyən kadrların təkmilləşdirilməsi işi xeyli yaxşılaşıb.
Bir müddət əvvəl çox az çəki ilə doğulmuş və doğum evindən çəki artımı ilə kafi vəziyyətdə evə yazılmış körpələrin anaları tədbirdə çıxış edərək, hazırda uşaqlarının normal inkişaf etməsindən söhbət açıblar.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova