Valyuta.com

“Zorakılıq və media”

“Zorakılıq və media”

Beynəlxalq TURAZ Akademiyası Konqresi keçirilib

Bakıda “Zorakılıq və media” mövzusunda, məişət zorakılığı, qadınlara və uşaqlara qarşı zorakılıq və istismar məsələlərinin müzakirə edildiyi Beynəlxalq TURAZ Akademiyası Konqresi keçirilib.
Radio və Televiziya Üst Qurulu (RTÜK), TURAZ Elmi Birliyi, İnönü Universiteti və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı ilə baş tutan toplantıda əvvəlcə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsi anılıb, hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Konqresin açılış mərasimində ATU-nun rektoru Gəray Gəraybəyli çıxış edərək, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin və əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. O, ötən il Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana dəstəyini, müharibədən sonra isə qazilərin müalicəsində qardaş ölkənin mütəxəssislərinin yaxından iştirak etməsini qardaşlıq və dostluğun bariz nümunəsi adlandırıb. Tibb Universiteti ilə Türkiyənin müxtəlif universitetləri arasında əməkdaşlıq protokolları imzalandığını, təcrübə mübadiləsinin aparıldığını və hazırda universitetdə 800-ə yaxın Türkiyə vətəndaşının təhsil aldığını qeyd edib. Rektor bu konqresin də iki ölkə arasındakı əməkdaşlıq çərçivəsində keçirildiyini vurğulayıb. Hibrid formatda, həm canlı, həm də onlayn təşkil olunan tədbirdə iştirak etmək üçün qardaş Türkiyədən 100 nəfərlik heyətin Bakıya gəldiyini, əlavə olaraq, Türkiyə və digər xarici ölkələrdən yüzlərlə iştirakçının da internet üzərindən toplantıya qatıldığını söyləyib, konqresin işinə uğurlar arzulayıb.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycan və Türkiyə arasında, digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində əməkdaşlıq mövcud olduğunu, hələ müstəqilliyin ilk illərində imzalanan protokollar nəticəsində yüzlərlə azərbaycanlı həkimin qardaş ölkədə təhsil aldığını, bilik və bacarıqlarını artırdığını, yüzlərlə azərbaycanlı xəstənin Türkiyədə müalicə olunduğunu diqqətə çatdırıb. Nazir müavini həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi dövründə Türkiyə Cümhuriyyətinin öz dəstəyini əsirgəmədiyini qeyd edib. Bildirib ki, Azərbaycana ilk COVID-19 testləri də Türkiyədən gətirilib. Birinci Qarabağ müharibəsində minlərlə azərbaycanlının itkin düşdüyünü xatırladan E.Ağayev məlumat verib ki, indi onların bəzilərinin qalıqları tapılıb və türkiyəli mütəxəssislərlə birlikdə cəsədlərin şəxsiyyəti müəyyən ediləcək.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib ki, peşəkar araşdırma, jurnalistika olmadan demokratik mühit formalaşa bilməz. Bununla belə, o, kütləvi informasiya vasitələrini şiddət, zorakılıq halları ilə əlaqədar xəbərlər yayımlayarkən diqqətli olmağa, mənfi halların təşviqinə yol verməməyə, həmçinin hadisə qurbanlarının şərəf və ləyaqəti məsələsini nəzərə almağa çağırıb. Səbinə Əliyeva həmçinin Ombudsman Aparatı tərəfindən jurnalistlərin peşə hazırlığının yüksəldilməsinə dəstək vermək, onların hüquqi biliklərini artırmaq, maarifləndirmə işini genişləndirmək məqsədilə keçirilən müxtəlif tədbirlərdən danışıb.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ölkələrimiz arasındakı münasibətlərdən və iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin əlaqələrin hər sahədə daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən C.Bağçı mədəni diplomatiyanı, parlament və humanitar sahələrdə əlaqələri daha da inkişaf etdirmək üçün səyləri artırmağın vacibliyini vurğulayıb. Səfir konqresin mövzusuna diqqət çəkərək, belə halların yaşandığı üçün təəssüfləndiyini və hər cür şiddətə qarşı olduğunu söyləyib.
RTÜK sədri Ebubekr Şahin və Türkiyə Respublikası Mətbuat Reklam Agentliyinin rəhbəri Rıdvan Duran medianın şiddətə təsiri və zorakılığın media üzərində effektindən bəhs edib və bəzən yayılan xəbərlərə görə xəbərdarlıq və cərimələrin tətbiqindən danışıblar. Bildirilib ki, kütləvi informasiya vasitələrində yayılan bir çox şiddətə meyilli və lazımsız xəbərlər vətəndaşlara təsirsiz ötüşmür. Ona görə də cəza tədbirlərinin bu baxımdan önəmli olduğu qeyd olunub.
Amasya Universitetinin rektoru Süleyman Elmacı, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, TURAZ Elmi Birliyinin İdarə Heyətinin sədri Osman Celbiş, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, ATU-nun Patoloji anatomiya kafedrasının müdiri Ədalət Həsənov mediada yayılan xoşagəlməz və zorakılığa meyilli xəbərlərin cəmiyyətə mənfi təsirindən danışıb, konqresin panel sessiyalarının belə halların qarşısının alınması üçün həll yollarının araşdırılması, müzakirəsi istiqamətində əhəmiyyətli rol oynayacağını bildiriblər.
Tədbir öz işini panel sessiyalarla davam etdirib.
Sessiyalarda türkiyəli və yerli mütəxəssislərin məhkəmə tibbi ekspertiza və patoloji anatomiyaya dair ən aktual problemlər və bu sahədə tətbiq edilən son metodlarla bağlı məruzələri dinlənilib, fikir mübadiləsi aparılıb. Konqresdə məhkəmə təbabəti və patoloji anatomiyaya dair elmi-tədqiqat işlərinin nəticələri ilə yanaşı, mütəxəssis mübadiləsi məsələləri də müzakirə olunub.шаблоны для dle 11.2





Sentyabr-2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova