Valyuta.com

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirildi

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirildi

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini Teymur Musayev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva jurnalistlərin suallarına cavab veriblər.
TƏBİB rəsmisi bildirib ki, ölkəmizdə epidemioloji vəziyyət nəzarət altında saxlanılır və müsbət dinamika mövcuddur – koronavirusdan sağalanların sayının yeni yoluxanların sayını ötməsi müsbət dinamikanın göstəricisidir. Onun sözlərinə görə, ən çox yoluxmaların müşahidə olunduğu noyabr-dekabr aylarında aparılan testlər arasında pozitiv nəticələrin payı 30 faizə qədər çatırdı: "Bundan sonra sərt karantin rejimi tətbiq olundu və yoluxmaların sayı azalmağa doğru getdi. Yanvarın ortalarından başlayaraq mərhələli şəkildə yumşalmalar tətbiq olundu. Yanvarın 18-də isə ölkəmizdə vaksinasiya prosesinə başlanıldı. Bundan sonra yoluxmaların sayı artsa da, maksimum yoluxma halı 2000-2500 arasında dəyişdi. Həmin vaxt aparılan testlər arasında pozitiv nəticələrin payı 19 faizə çatırdı. Hazırda isə sərt karantin rejiminə getmədən, sosial həyatda bəzi aktivlikləri saxlamaqla yeni yoluxmaların sayında mərhələli şəkildə enmə müşahidə olunur, yoluxma əmsalı 10 faizə yaxınlaşır. Bu da çox yaxşı nəticədir".
Dünyada COVID-19-la bağlı vəziyyət haqqında məlumat verən Yaqut Qarayeva deyib ki, yer üzündə koronavirusa yoluxanların sayı 155 milyonu, bu xəstəlikdən ölənlərin sayı 3 milyonu ötüb. Qlobal miqyasda gündəlik 800 mindən çox yeni yoluxma qeydə alınır, ən çox yoluxma halları ABŞ, Hindistan və Braziliyada baş verir.
Son həftələr Hindistanın koronavirusa görə daha çox gündəmdə olduğunu deyən departament rəhbəri oradan gələn məlumatların hər kəsi narahat etdiyini söyləyib: “Orada gündəlik yeni yoluxma və ölüm hallarında rekordlar qeydə alınır. Hindistanda COVID-19-un mutasiya etmiş yeni ştamı rəsmi olaraq təsdiqlənib. Hindistan ştamının xəstəliyin gedişatına, ağırlıq dərəcəsinə təsiri haqqında rəsmi araşdırmalara əsaslanmış məlumatlar hələ ki yoxdur. Azərbaycanda bu cür testlərin aparılması imkanı olan laboratoriyalar mövcuddur. Yeni məlumatlar olduğu zaman ictimaiyyətə açıqlanacaq", - deyə Y.Qarayeva bildirib.
Onun sözlərinə görə, istər pandemiyanın başlanğıc mərhələsində, istərsə də indi yeni yoluxmaların və ümumi yoluxmaların yaş qrupları üzrə bölgüsü, demək olar ki, dəyişməyib və eyni faizlərlə davam edir. Ən çox yoluxma halları sosial aktiv yaş qruplarında - yaşı 30-59 arası olan vətəndaşlarda qeydə alınır. Ölkəmizdə qadınlar arasında daha çox yoluxma müşahidə olunur.
TƏBİB-in departament müdirinin sözlərinə görə, ölkə üzrə yeni yoluxma hallarının 54 faizi Bakıda qeydə alınır. Növbəti yerdə isə Abşeron rayonu dayanır. Digər bölgələrdə xüsusi diqqət cəlb edən dəyişiklik yoxdur, vəziyyət stabil olaraq qiymətləndirilə bilər. Paytaxtın rayonlarına gəlincə, Binəqədi və Xətai rayonlarında yoluxmalar daha çoxdur.
Y.Qarayeva qeyd edib ki, Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyətin stabilliyinə düzgün aparılan karantin siyasəti, vətəndaşlar tərəfindən doğru yanaşma, fiziki məsafənin saxlanılması, maskadan daha çox və düzgün istifadə edilməsi nəticəsində nail olunub. Çalışmalıyıq ki, bu nailiyyətlər itməsin.
Səhiyyə nazirinin birinci müavini Teymur Musayev brifinqdə deyib ki, Nazirlər Kabinetinin 2021-2022-ci illər üçün yeni növ koronavirus (COVID-19) əleyhinə qəbul etdiyi Vaksinasiya Strategiyasının əsas prinsipləri könüllülük, şəffaflıq, təhlükəsizlik və ədalətlilikdir. Həmin şərtləri qorumaq və onlara əməl etməklə yanvarın 18-dən ölkəmizdə vaksinasiya genişmiqyaslı şəkildə və uğurla aparılır.
T.Musayev bildirib ki, artıq səhiyyə işçilərinin 90 faizə qədəri peyvənd olunub. Təhsil sektorunda çalışanların vaksinasiya faizi də həmin rəqəmə yaxınlaşır. Son iki həftə ərzində stasionar koronavirus xəstələrinin sayı getdikcə azalır. Reanimasiyada yatan yaşlı xəstələrin sayı getdikcə azalsa da, hələ arzu olunan sürət yoxdur. Bu, yaşlı əhalinin həmin xəstəliyi daha ağır keçirməsi ilə əlaqədardır.
“Dünyada vaksin uğrunda mübarizə gedir. Ölkələr arasında vaksinlərin bölgüsü qeyri-ədalətli aparılır. Buna baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti və nüfuzu sayəsində ölkəmiz vaksinlərlə davamlı olaraq təmin edilir”, - deyə səhiyyə nazirinin birinci müavini bildirib.
O qeyd edib ki, son vaxtlar beynəlxalq elmi çevrələrdə vaksinasiyanın mövsümi xarakter daşıyacağı ehtimalı irəli sürülür. Bu da o deməkdir ki, hər il mövsümi qrip vaksinasiyası kimi, COVID-19-a qarşı vaksinasiyaya da ehtiyac duyula bilər.
Səhiyyə nazirinin birinci müavininin sözlərinə görə, bununla əlaqədar ölkəmizin rəsmiləri vaksin istehsalçılarının hamısı ilə, o cümlədən Avropa və ABŞ istehsalçıları ilə birbaşa danışıqlar aparırlar. Azərbaycana müxtəlif vaksinlərin gətirilməsi təmin ediləcək.
Teymur Musayev deyib ki, ölkəmizə gətirilən və tətbiq olunan COVID-19 əleyhinə bütün vaksinlər təhlükəsiz və effektivdir. İndiyədək 600 min nəfərə yaxın vətəndaş hər iki dozanı qəbul edib. İki doza alanlar arasında yoluxma sayı çox azdır, yoluxanlar da xəstəliyin ağır formasından tam qorunurlar. O qeyd edib ki, vaksinasiya olunmaq heç də digər qorunma vasitələrindən imtina etmək mənası daşımır. Hazırda maska taxılması, məsafə saxlanılması və digər gigiyenik prosedurlara əməl olunması məcburi və mütləqdir.
Səhiyyə nazirinin birinci müavini vaksinlərin fərqi barədə də danışıb, onların müxtəlif cür hazırlandığını bildirib: “Azərbaycanda koronavirusa qarşı ilk tətbiq olunan Çinin “Sinovac” şirkətinin vaksinidir. Bu, inaktivləşdirilmiş vaksindir. Artıq ölkəmizə “Vaxzevria” və “Sputnik V” vaksinləri də gətirilib və onların da tətbiqinə başlanılır. Ölkəmizdə tətbiq olunan bütün vaksinlər təhlükəsiz və səmərəlidir. Onlar barədə əlimizdə olan məlumatlar mayın 10-dan etibarən Azərbaycanın bütün ərazisində 18 yaşına çatmış vətəndaşların vaksinasiya kampaniyasında iştirak etməsinə əsas verir. Bu, böyük bir imkandır və bu imkan peyvəndlərin kifayət qədər olmasına əsaslanır. Digər bir məsələ ondan ibarətdir ki, könüllülük prinsipi qorunaraq və eyni zamanda, vətəndaşlıq məsuliyyəti hiss edərək, dünyanın qabaqcıl ölkələrində olduğu kimi, bu prosesə kütləvi surətdə qoşulmaqla qısa müddətdə normal həyata qayıtmaq imkanı var. Bu imkanı əldən vermək olmaz və Səhiyyə Nazirliyinin rəsmisi kimi 18 yaşı tamam olan hər bir vətəndaşı həmin kampaniyaya qoşulmağa çağırıram. Nəinki öz sağlamlığı və həyatı, həm də doğmalarının, əzizlərinin həyatını düşünərək bu mühüm kampaniyaya qoşulmaqla ölkəmizin, cəmiyyətimizin normal həyata dönüşünü təmin etmək olar”,- deyə T.Musayev bildirib.шаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova