Valyuta.com

Vaksinlər ağırlaşmadan və ölümdən qoruyur

Vaksinlər ağırlaşmadan və ölümdən qoruyur

Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə üzrə işçi qrupunun üzvü Səbinə Babazadə peyvəndin vacibliyi və vaksinasiya prosesinin təşkili ilə bağlı müsahibə verib.

- Ölkəmizdə vaksinasiya prosesi necə gedir?
- Fevralın 8-dən etibarən yaşı 65-dən yuxarı, fevralın 17-dən isə 50 və daha yuxarı yaşda olan şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilir. Martın 3-dən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ümumtəhsil müəssisələrinin pedaqoji və texniki heyətinin peyvəndlənməsinə başlanılıb. İlkin olaraq, Bakı şəhərindəki ümumtəhsil müəssisələrində pedaqoji və texniki heyət mərkəzləşdirilmiş qaydada vaksinasiya olunacaq. Bu məqsədlə paytaxtın ümumtəhsil məktəblərində 10 vaksinasiya məntəqəsi yaradılıb. Qeyd edək ki, pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin peyvənd olunması zəruridir.
Vaksinasiya prosesində iştirak etmək istəyənlər randevu.its.gov.az saytında qeydiyyatdan keçdikdən sonra poliklinikaya müraciət edə bilərlər. Qeydiyyat prosesində çətinlik çəkən vətəndaşlara bu işdə də yardım göstərilir. Vətəndaş poliklinikaya zəng edərək, şəxsi məlumatlarını qeydiyyat şöbəsindəki tibb işçisinə verir və onlar qeydiyyat sisteminə daxil edilir. İlk doza üçün qeydiyyatdan keçdikdən sonra hər 2 dozanın tarixi və saatı mesaj şəklində vətəndaşa göndərilir. İkinci qeydiyyatın olmaması vətəndaşlar üçün də asanlıq yaradır.

- Peyvəndlənmə zamanı hansı çətinliklərlə rastlaşırsınız?
- Vətəndaşlar bəzən vaksinasiya olunmağa gəldikdə növbə gözləməklərindən narazılıq edirlər. Qeyd etmək istəyirəm ki, peyvənddən öncə bir neçə yoxlanış, məlumatların alınması prosesi müəyyən vaxt aparır. Gözləmənin əsas səbəblərdən biri isə qeydiyyatdan keçməmiş vətəndaşların müraciəti ilə yaranır. Onların bir-bir qeydiyyata alınması bəzən həqiqətən çətinliklər törədir, gözləmələrə və nəticədə müəyyən narazılıqlara səbəb olur. Buna görə vətəndaşlardan xahiş edirik ki, bizim işə yardım məqsədilə qabaqcadan qeydiyyatdan keçsinlər və ya bu prosesdə onlara yardımçı olmaq üçün yaxınlarına müraciət etsinlər.

- Vaksin vurulduqdan sonra hər hansı bir şikayətlə sizə müraciət edən olubmu?
- Təkcə COVID-19 vaksini yox, bütün vaksinlərin vurulmasından sonra müəyyən yan təsirlər özünü göstərə bilər. Halsızlıq, qısa müddətli baş ağrıları, yüngül hərarət və ya inyeksiya yerində az miqdarda ağrı baş verə biləcək normal hallardır. Bəzən vaksinin həyəcanından təzyiq də qalxır. Bu hallar bütün vaksinlərdə mümkündür. Ancaq indiyədək “CoronaVac” vaksini ilə bağlı hər hansı ciddi bir vəziyyətlə və yaxud şikayətlə qarşılaşmamışıq.

- Bəzi insanların vaksindən imtina etmələrini necə dəyərləndirirsiniz?
- Peyvənd infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə üsuludur. Hazırda vaksinasiya prosesi strategiyaya uyğun olaraq uğurla davam edir. Strategiyada yer almış əhali qruplarına aid, sağlamlıq şərtləri uyğun olan hər bir vətəndaş dövlət hesabına vaksinasiya edilə bilər və biz də bunu məsləhət görürük. Peyvənd ilk növbədə həmin şəxsin özünü və yaxınlarını yoluxmadan qoruyur. Kütləvi yoluxma hallarını və ölüm saylarını unutmamalıyıq. Vaksinlər bizi ağırlaşma hallarından və ölüm hadisələrindən qoruyur, həm də səhiyyənin üzərinə düşən yükü azaldır. Vətəndaşları etibarlı mənbələrə - rəsmi qurum və nümayəndələrin fikirlərinə əsaslanmağa çağırırıq. Bəzən sosial şəbəkələrdə paylaşılan yanlış informasiyalar insanlarda narahatlıq və çaşqınlığa səbəb olur. Bəzi səhifələrin öz izlənmə saylarını artırmaq məqsədilə paylaşdıqları, həqiqəti əks etdirməyən yazılar ajiotaj yaradır. Bu tip paylaşımlar bəzən ciddi psixoloji gərginliyə gətirib çıxarır ki, bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Vətəndaşlara tövsiyəmiz budur ki, belə həssas mövzularda yalnız rəsmi məlumatlara inansınlar. COVID-19-a qalib gəlməyin yeganə yolu qısa zaman ərzində kütləvi peyvəndləmə aparmaqla koronavirusa qarşı kollektiv immunitet qazanmaqdır.шаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova