Valyuta.com

Baş infeksionist: Vaksinlərin qoruyuculuq müddətinin yarım ildən çox olacağı gözlənilir

Baş infeksionist: Vaksinlərin qoruyuculuq müddətinin yarım ildən çox olacağı gözlənilir

COVID-19 əleyhinə vaksinlər müxtəlifdir və hər peyvənd istehsalçısı məhsulunun koronavirusa yoluxmadan qoruma müddətini fərqli göstərir. Məsələn, “Sputnik V” vaksininin qoruyuculuq müddətinin 2 ilə qədər olduğu deyilir. Lakin bu məlumatların doğruluğunu zaman göstərəcək. Ümumi olaraq, vaksinasiyanın təsirinin ən azı yarım il olacağı gözlənilir. Bəzi tədqiqatlara görə, bu müddətin 6-8 ay və ondan çox olacağı da güman edilir. Lakin bununla bağlı da tam məlumat yoxdur.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19: vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib.
Baş infeksionist bildirib ki, vaksin vurdurmazdan əvvəl nə vaxtsa infeksiyaya yoluxub-yoluxmamağı müəyyənləşdirmək məqsədilə qan analizi verməyə ehtiyac yoxdur. Çünki xəstəliyə yoluxub sağalmaq vaksinasiya üçün əks-göstəriş deyil. Belə insanlar müəyyən müddətdən sonra vaksinasiya olunarsa, bu, immunoloji yaddaşı bir qədər də təzələyir və həmin şəxslərin qorunma şansı çoxalır. Araşdırmalara görə, xəstəliyi keçirib sağalan insanlarda vaksindən sonra əmələ gələn anticisimlərin səviyyəsi daha yüksək olur. Ona görə də analiz verilməsinə ehtiyac yoxdur. Lakin hər kəs özü haqqında fərdi məlumat almaq üçün analiz verə bilər.
Təyyar Eyvazov qeyd edib ki, hər bir vaksinin özünün mütləq və nisbi əks-göstərişləri var. Mütləq əks-göstəriş odur ki, hansısa şəxsə heç zaman vaksin vurmaq olmaz. Bu, əsasən vaksinə və ya onun tərkibində olan hər hansı bir komponentə qarşı əvvəlki hansısa vaksinasiyada ağır, anafilaktik reaksiyanın olması və ya müəyyən peyvənddən sonra ağır postvaksinal fəsadların baş verməsi zamanı olur. Belə hallar çox azdır. Ölkəmizdə COVID-19 əleyhinə vaksinasiya yanvarın 18-dən etibarən başlanılıb, indiyədək güclü allergik reaksiya qeydə alınmayıb, Səhiyyə Nazirliyinə bu barədə məlumat daxil olmayıb. Nisbi əks-göstərişlər isə müvəqqəti xarakter daşıyır. Məsələn, qrip və ya başqa bir infeksion xəstəlik keçirənlərə prosesin ağırlığından asılı olaraq yalnız 2-4 həftə sonra vaksin vurmaq olar. Xəstəliyin kəskin dövründə vaksin vurdurmaq olmaz. Bundan başqa, xroniki xəstəliyin kəskinləşməsi vaxtı peyvənd vurulmamalıdır, onu xəstəlik normallaşandan sonra vurdurmaq olar. Onkoloji xəstələr də aktiv müalicə zamanı vaksin vurdura bilməzlər.
Səhiyyə Nazirliyinin baş infeksionisti deyib ki, yeni növ koronavirus əleyhinə vaksin vurdurandan sonra immunitet dərhal formalaşmır. Bunun üçün ikinci dozadan sonra ən azı 2 həftə keçməlidir. Fərddən asılı olaraq, bu müddət uzun da ola bilər. Yalnız bundan sonra immunitet formalaşmış hesab olunur.
O bildirib ki, vaksinlərin effektivliyi 100 faiz deyil: “Bəzi insanlarda vaksin vurulandan sonra da COVID-19-a yoluxma halı qeydə alına bilər. Lakin həmin vətəndaşlar xəstəliyi daha yüngül keçirəcək və ölüm istisna olacaq”.
Bərpa müddəti haqqında isə baş mütəxəssis bildirib ki, koronavirus infeksiyasına yoluxub sağalan insanlarda müəyyən əlamətlər bir müddət davam edir. COVID-19-un ən çox müşahidə edilən simptomlarından biri iy və dadbilmənin itməsidir. Bir aydan sonra əksər insanlarda bu hisslər tam və ya hissəvi, 3-6 ay ərzində böyük əksəriyyətdə tam bərpa olunur. Az adamlarda bundan artıq vaxt keçsə də, iy və dadbilmə hissi bərpa olunmur. Bu, çox böyük psixoloji sarsıntıya səbəb ola bilər. Belə halda təkcə selikli qişa yox, iybilmə-dadbilmədə iştirak edən reseptor aparat da zədələnir ki, bunun da bərpası az sayda insanlarda bir müddət davam edir. Xəstəliyi keçirən insanların üçdəbirində isə ümumi halsızlıq, zəiflik, iş qabiliyyətinin azalması, diqqəti cəmləməkdə çətinlik, yaddaş və yuxu pozulması, bədən, əzələ ağrıları, subfebril hərarət bir müddət müşahidə olunur. Belə halların keçməsi üçün zaman lazımdır.
Təyyar Eyvazov çıxışında deyib ki, xəstəliyi ağır keçirən, ağciyərlərin dərin zədələnməsi olan və sonrakı müddətlərdə fibrozlaşma gedənlərdə bərpa prosesi insanın rezervindən asılıdır: “Yəni xəstə cavandırsa və yanaşı xəstəlikləri yoxdursa, bərpa prosesi sürətli gedəcək və az qalıq əlamətlərlə yekunlaşacaq. Lakin yaşlıdırsa və yanaşı xəstəlikləri varsa, onun bərpası problemlidir. Bu, bəzən əlilliyə də səbəb ola bilər”.шаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova