Valyuta.com

Uşağın ilk üç yaşında sağlamlığı və inkişafı valideynlərdən asılıdır

Uşağın ilk üç yaşında sağlamlığı və inkişafı valideynlərdən asılıdır

Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova uşaqların erkən inkişaf dövrü ilə əlaqədar valideynləri maraqlandıran sualları cavablandırıb.

- Uşaqlarda erkən inkişaf dövrü dedikdə, hansı yaş aralığı nəzərdə tutulur və nə üçün ən önəmli dövrlərdən sayılır?
- Erkən uşaqlıq dövrü 0-8 yaşları əhatə edir, bu illər ərzində uşağın inkişafı təkrarolunmaz sürətlə baş verir və məhz bu səbəbdən bu dövr çox əhəmiyyətlidir – bu zaman uşağın beyni hər saniyə inkişaf edir və hər saniyə orada 700-ə qədər neyron əlaqələri yarana bilər, bu da uşağın əqli inkişafını, gələcəkdə təhsilalma qabiliyyətini, karyera qurma, qazanc əldəetmə imkanlarını, hətta gələcəkdə nə dərəcədə xoşbəxt olmağını istiqamətləndirir. Bu neyron əlaqələri nə qədər çox yaranarsa, bir o qədər də uşaq öz potensialını tam reallaşdıra biləcək. Burada xüsusi rolu mayalanmadan 3 yaşa qədər olan dövr oynayır ki, 3 yaşlı uşağın beyninin strukturu böyüklərdə olduğunun 80 faizinədək artıq formalaşmış olur. Ona görə də məhz bu dövr ərzində uşağın sağlamlıq və inkişafına yönəldilən qayğı nə dərəcədə çox olarsa, bir o qədər də onun bütün gələcək həyatının güclü təməli qoyulmuş olacaq.

- Bəs, bu dövrdə fiziki inkişafa təsir edən amillər hansılardır?
- Bu yaş dövrünün 5 əsas faktoru var ki, uşağın həm fiziki, həm əqli, həm emosional, həm də sosial inkişafını şərtləndirir. İlk növbədə, sağlamlıq – vaxtında və tam həcmdə göstərilən antenatal (hamiləlik dövründə) tibbi xidmətlər və doğuşa yardım, yenidoğulmuşa düzgün qulluq üzrə valideynlərin təlimləndirilməsi, körpənin tibb işçiləri tərəfindən doğuşdan sonra və mütəmadi olaraq müayinələri və hər hansı problemlərin erkən aşkarlanması, immunlaşdırma, uşaqlıq dövründə xəstəliklərin düzgün müalicəsi. İkinci amil qidalanmadır. Burada xüsusi rolu ana südü ilə qidalanma oynayır. Həyatının ilk bir saatı ərzində ana südü (ağız südü) ilə əmizdirilən uşaqlarda neonatal (həyatının ilk ayı) dövrdə infeksion xəstəliklərə tutulma riski 17 faiz, neonatal dövrdə ölüm riski isə 30 faizədək azalır. Üçüncü amil – təhlükəsiz ətraf mühit. Körpənin doğulduğu andan 3 yaşınadək onun ətraf mühiti ailə və evidir. Həmin mühit uşaq üçün təhlükəsiz olmalıdır. Burada söhbət həm fiziki (elektrik naqilləri, qaz, məişət tullantıları, kimyəvi maddələr), həm də psixoloji təhlükələrdən (baxımsızlıq, uşağa qarşı biganəlik, onunla ünsiyyətin və ona qarşı sevginin olmaması, uşağa qarşı zorakılıq, ailədə zorakılığın şahidi olması) gedir. Məsələn, ailədə zorakılığın şahidi olması uşağı toksik stresə məruz qoyur və onun beyninin inkişafı dayanır, çünki neyronlar arasında əlaqələr bu stresə görə yaranmır. Dördüncü faktor – böyüklər tərəfindən uşağın tələbatlarına uyğun olan qayğı – onunla sevgi əsasında ünsiyyətin qurulması, səsinə səs verilməsi, ağlamasına diqqət verilməsi və onun ehtiyaclarına həssas, diqqətlə yanaşılmasıdır. Beşinci amil uşağın inkişafına təkan verilməsi və erkən təlimdir. Burada həyatının ilk anlarından uşaqla danışmaq, ona mahnı oxumaq, həzin musiqi dinlətmək, danışdıqda gözünə baxmaq, üzünə gülümsəmək. Bütün bunlar inkişafı dəstəkləyir.

- Körpənin düzgün inkişafını təyin edən göstəricilər hansılardır?
- Cəmiyyət olaraq aşağıdakı göstəricilər vacibdir: Ana südü ilə qidalanmanın erkən başlanması (həyatın birinci saatı ərzində) – bu göstərici Azərbaycanda körpələr arasında cəmi 42 faizdir (3 ayadək ana südü ilə qidalanma). Ölkəmizdə bu rəqəmlərin daha da çox olması üçün UNICEF ilə birgə layihələr həyata keçiririk. Altı ayadək yalnız ana südü ilə qidalanma – bu göstərici Azərbaycanda 28 faizdir. Uşaqlar arasında inkişaf geriliyinin və ya məhdud sağlamlıq imkanlarının 3 yaşadək aşkarlanması və erkən müdaxilə xidmətlərinin göstərilməsi. İmmunizasiya ilə əhatə. Valideynlərin uşaqla həftə ərzində ən azı 3-4 fərqli inkişafetdirici fəaliyyətlə məşğul olması. Uşaqlar üçün evdə mövcud kitabların sayı. Uşaqların məktəbəqədər təhsilə cəlb olunması.

- Uşaqların qatı qidaya keçmə dövründə nələrə diqqət etməliyik?
- Uşaqların menyusuna 6 ayından başlayaraq qatı qidalar əlavə edilməlidir. Burada əsas məqamlar: qidaları tədricən əlavə etmək (hər bir növü ayrıca); birinci tərəvəz purelərindən başlamaq; qida kifayət qədər qatı olmalıdır ki, uşağın enerji tələbatlarını ödəsin; hər bir növ qidanın əlavə edilməsi az miqdardan (yarım qaşıqdan) başlayır və tədricən artırılır; 6-23 aylıq uşaqlar gündə ən azı 4 müxtəlif növ qida qəbul etməlidir (onun biri heyvan mənşəli, 1-2 meyvə-tərəvəz); ana südü ilə qidalanma davam edirsə, 6-8 aylıq uşaqlar qatı qidaları gündə 2-3 dəfə; 9-23 aylıq uşaqlar gündə azı 3-4 dəfə qəbul etməlidir (ehtiyac və istək olarsa, əlavə 1-2 qəlyanaltı da verilə bilər).

- Cəmiyyət uşaqların düzgün inkişafına necə yardımçı ola bilər?
- Uşaqların düzgün inkişafı üçün sosial mühit ilk öncə valideynlər üçün dəstəkverici olmalıdır. Uşağın ilk üç yaşında sağlamlığı və inkişafı birbaşa valideyndən asılıdır. Lakin valideynin diqqəti məişət, sosial, iqtisadi problemlərə yönəlibsə, o, uşağın inkişafı ilə məşğul ola bilməyəcək və bu uşağın ən vacib illərində ona lazımi qayğı göstərilməyəcək. İşsizlik, maliyyə problemləri, valideynin aşağı təhsil səviyyəsi və maarifsizliyi uşağın inkişafına birbaşa mənfi təsir göstərir. Bütün bunlar kompleks şəkildə həll olunmalıdır. Ailə (bütün üzvləri, ailə mühiti, ailədə münasibətlər və s.) mərkəzə qoyularaq, onların həllinə də kompleks yanaşma lazımdır.шаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova