Valyuta.com

COVID-19: epidemik prosesin və əksepidemik mübarizənin xüsusiyyətləri

COVID-19: epidemik prosesin və əksepidemik mübarizənin xüsusiyyətləri

XX əsrdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işləyib hazırladığı və həyata keçirdiyi bir sıra Qlobal Strategiya və proqramların nəticəsində təbii çiçək, difteriya, qızılca, poliomielit kimi təhlükəli infeksiyalar ləğv olunub, bəzi digər infeksiyalarla (göy öskürək, epidemik parotit, məxmərək, vərəm, malyariya və s.) xəstələnmə minimuma endirilib. Keçən əsrdə meydana çıxmış çox təhlükəli İİV infeksiyası ilə mübarizədə və onun müalicəsi sahəsində mühüm uğurlar əldə edilib. ÜST-nin 1996-cı ildə keçirilmiş sessiyasında belə bir tezis səslənib: «Biz yoluxucu xəstəliklərin qlobal partlayışı ərəfəsində yaşayırıq. Heç bir ölkə infeksiyadan kifayət qədər qorunmayıb və heç bir ölkə artıq bu problemi danmaq iqtidarında deyil».
Mikrobiologiya sahəsində Nobel mükafatı laureatı J.Lederberq qeyd edirdi ki, infeksiyalar üçün milli sərhədlər yoxdur və biz harada isə infeksiyanın közərməsinə fikir verməsək, bu bizə baha başa gələcək. 2019-cu ilin sonundan yeni koronavirus infeksiyasının tüğyan etməyə başlaması bu tezisi bir daha təsdiq etdi. ÜST 2019-cu ilin sonunda Çinin Uhan şəhərində naməlum patogen tərəfindən törədilən 44 pnevmoniya hadisəsi haqqında məlumat yaydı. Bu patogen CoV-2019, hazırda isə SARS-CoV-2 ştamı adlandırılır. 2020-ci ilin mart ayında ÜST dünya üzrə koronavirus infeksiyasının yayılma səviyyəsini çox yüksək kimi qiymətləndirdi və bunu pandemiya adlandırdı. Hazırda koronavirus infeksiyası (COVID-19) dünyanın 250 ölkəsində qeydə alınıb, infeksiya ilə daha çox yoluxma halları ABŞ, Braziliya, Hindistan və Cənubi Afrika Respublikasındadır. Dünyada 14 milyondan artıq insan bu virusa yoluxub, 600 minə yaxın insan bu infeksiyadan dünyasını dəyişib və 7 milyondan artıq insan sağalıb.
Koronavirus ailəsinin (Coronaviridae) ilk nümayəndəsi olan toyuqların infeksion bronxiti virusu çoxdan ABŞ-da toyuq fermalarında qeydə alınırdı və 1936-cı ildə Amerika tədqiqatçıları IBV adlandırılan bu xəstəliyin virus təbiətini sübut etdilər. 1949-1951-ci illərdə koronavirusların digər bir növü olan siçanların hepatit virusu (MHV) təsvir edildi. 1965-1967-ci illərdə isə ingilis tədqiqatçıları yoluxucu zökəm zamanı xəstədə rinoviruslarla yanaşı, digər agentləri aşkarladılar və kəskin respirator xəstəliyi olan könüllülərdən bir sıra ştamları əldə etdilər. Bu ştamların morfologiyasını tədqiq edən ingilis alimləri müəyyənləşdirdilər ki, onlar bir-birinə oxşayırlar. Virus hissəciklərinin səthindəki sancağa bənzər çıxıntılar tac formasını əmələ gətirdiklərindən bu virusa koronavirus adı verildi.
Həm insanlarda, həm də heyvanlarda – quşlarda və məməlilərdə parazitlik edə bilən, pantropizmə malik olan koronavirusların (CoV) bir sıra növləri qeyd olunur. O cümlədən, insanın kəskin respirator xəstəliyini, toyuqların infeksion bronxitini, siçanların hepatitini, donuzların yoluxucu qastroenteritini, hemaqlütinasiyaedici ensefalomielitini və s. törədən koronavirus növləri var.
İnsan koronavirusunun 7 növü məlumdur:
1. HCoV – 229E – α-CoV (1960)
2. HCoV – NL63 – α-CoV-A (Niderland, 2004)
3. HCoV – OC43 – β-CoV (1967)
4. HCoV – HKU1 – β-CoV-A (Qonkonq, 2005)
5. SARS – CoV1 – β-CoV-B (2002)
6. MERS – CoV – β-CoV-C (2015)
7. SARS – CoV2 – β-CoV-B (2019)
COVID-19 pandemiyasını törədən insan koronavirusu HCV (SARS-CoV-2) Coronaviridae ailəsinə aiddir və Baltimor təsnifatına əsasən (+) genomlu, IV qrupa aid olan birzəncirli RNT tərkibli virusdur. O, dairəvi, bəzən ellips formasında olub, ölçüsü 60-220 nm-dir. Səthində 12-24 nm ölçüdə bir-birindən aralı sancağabənzər çıxıntılar var və bu ona tac formasını verir.
SARS-CoV-2 infeksiyası zamanı proqnoz birmənalı deyil. Ölənlərin əksəriyyətini 60 yaşdan yuxarı və xroniki xəstəliyi olan pasiyentlər təşkil edir. SARS-CoV-1 (2003) və MERS-CoV (2012) infeksiyaları ilə müqayisədə bu infeksiyadan letallıq çox aşağıdır.
Görkəmli sovet mikrobioloqu N.Qamaleya hesab edirdi ki, infeksiya ilə mübarizədə ən etibarlı meyar epidemioloji meyardır. Hələ 1988-ci ildə Ümumdünya Səhiyyə Assambleyasının qəbul etdiyi Qətnamədə əhalinin sağlamlığına nail olmağın Qlobal strategiyasında epidemioloji müayinələrin aparılmasının müstəsna əhəmiyyəti göstərilib. Bu sənəd bütün dövlətləri infeksiyaya qarşı profilaktik proqramların hazırlanmasında epidemioloji məlumatlardan geniş istifadə etməyə çağırır.
Sovet epidemioloqu L.Qromaşevski qeyd edirdi ki, “sosial amil (insan) bir tərəfdən yoluxucu xəstəliklərin epidemik yayılmasının səbəbi, digər tərəfdən isə onlarla mübarizədə yeganə vasitə ola bilər”. Bu mənada, koronavirus infeksiyası ilə mübarizədə əsas infeksiya mənbəyi olan insan amili mərkəzi yer tutur. Buraya həm xəstə insanın təcrid olunması, həm təmasda olanlar və virus daşıyıcıları üzərində epidemioloji müşahidə aparılması, həm də sağlam insanların xəstəliyə yoluxmaması istiqamətində həyata keçirilən tədbirlər daxildir.
Koronavirus infeksiyasının profilaktikası məqsədilə ÜST bir sıra tövsiyələr irəli sürür:
- şəxsi gigiyena tədbirlərini maksimum yerinə yetirmək;
- təmasları maksimum azaltmaq;
- insanların kütləvi toplanma məkanlarından uzaq olmaq;
- yüksək hərarət, öskürək, təngnəfəslik olan zaman dərhal həkimə müraciət etmək;
- xəstə aşkar edildikdə onun təcili izolyasiyası (hospitalizasiyası) və onunla təmasda olanlar üzərində karantin tədbirlərinin aparılması;
- əhalinin müxtəlif təbəqələrinin bu infeksiya haqqında lazımi bilgilərlə müntəzəm məlumatlandırılması (KİV ilə çıxışlar, reklam çarxları, müxtəlif yaddaş broşuralarının və bukletlərin yayılması və s.).
Azərbaycanda COVID-19 infeksiyasına qarşı əksepidemik mübarizənin təşkili alqoritmini tərtib etmək üçün xüsusilə infeksiyanın yayılması baxımından əhəmiyyət kəsb edən bir sıra epidemioloji xüsusiyyətlər nəzərə alınmalıdır.
Payız-qış aylarında digər kəskin respirator virus infeksiyalarının mövsümi artması onların COVID-19 infeksiyasına qoşulması ehtimalını artırır. Ona görə də kəskin respirator xəstəlik simptomları qeyd olunan insanların ilk növbədə koronavirusa görə müayinəsi aparılmalıdır.
COVID-19 infeksiyasının əhali arasında dövr etməsi göstəricisini müəyyən etmək üçün il ərzində seroepidemioloji monitorinq aparılmalıdır. Bu məqsədlə əhalinin müxtəlif risk qruplarında (uşaqlar, yaşlılar, yanaşı xəstəlikləri olanlar və s.) və obliqat qrupuna daxil olan kontingent (hər gün müəyyən sayda əhali qrupu ilə təmasda olan peşə işçiləri) arasında koronavirusa qarşı 3 növ anticisimlərin (AC) – virusneytralizəedici, komplementbirləşdirici və antihemaqlütininlərin səviyyəsinin dinamikada izlənməsi vacibdir. Belə ki, elmi tədqiqatların nəticələri göstərir ki, virusneytralizəedici AC və antihemaqlütininlərlə müqayisədə komplementbirləşdirici AC-in aşkar edilməsi rekonvalessensiya (sağalma) dövrü üçün səciyyəvi olub, yaxın vaxtlarda keçirilmiş infeksiyanın göstəricisidir. Hələ 1972-ci ildə Bradburn və Somerset bu AC-in miqdarının 14%-i keçmədiyini qeyd etmişlər. İndi də Rusiya epidemioloqları xəstəlikdən sağalanlarda spesifik AC-in 14% halda meydana çıxdığını göstərirlər. 1971-ci ildə Kaye müəyyənləşdirib ki, OC-43 CoV-a qarşı antihemaqlütininlər qanda 7 il ərzində qalır, komplementbirləşdirici AC səviyyəsi isə keçirilmiş infeksiyadan sonra 1-9 ay ərzində kəskin şəkildə azalır. Odur ki, bu AC-in aşkar edilməsinə görə virusun əhali arasında dövr etmə səviyyəsi haqqında fikir yürütmək olar. Xəstəliyin ilkin dövründə komplementin birləşmə reaksiyası (KBR) neytrallaşma reaksiyasına (NR) nisbətən daha həssas olur. Ona görə də əhalinin immun strukturunun öyrənilməsi üçün HATR və NR, infeksiya ocağında isə KBR-dən istifadə etmək məqsədəuyğundur.
COVID-19-a görə epidemioloji nəzarət sistemində 2 mühüm göstəricinin də nəzərə alınması vacib məqamlardandır.
1. Epidemik hədd – son 5-10 ildə hər ilin mövsüm ayında hər təqvim həftəsi üçün summar xəstələnmənin ən yuxarı göstəricisi.
2. İmmun təbəqələşmə – COVID-19-a qarşı əhali arasında yaranmış kollektiv immunitetin faizlə miqdarı göstəricisi. İdeal variant əhalinin 60%-də AC-lərin olmasıdır.
COVID-19 infeksiyasının ötürülmə mexanizmində 3 ötürülmə yolu çox vacibdir:
– virus daşıyıcılıq (simptomsuz, «sağlam»). COVID-19-u yüngül formada, yaxud simptomsuz keçirənlər infeksiyanın ötürülmə halqasında potensial təhlükəli qrupdur. Çox zaman məhz bu qrup epidemioloji nəzarətdən kənarda qalır;
– ailədaxili ötürülmə yolu;
– xəstəxanadaxili (nozokomial) ötürülmə yolu (daha çox tibb personalına aiddir). Məsələn, İsraildə COVID-19 palatalarında müəyyən dalğa uzunluqlu ultrabənövşəyi bakterisid lampalar quraşdırılıb. Bu palatalarda həkimlərin və tibb personalının yoluxma faktı qeydə alınmayıb.
Epidemioloq E.Belyayevin «epidemik proses» haqqında təliminə əsasən, hava-damcı mexanizmi ilə ötürülən yoluxucu xəstəliklərə qarşı tədbirlər əsasən epidemik prosesin 3-cü halqasına, yəni həssas təbəqəyə, daha doğrusu, qeyri-həssas təbəqənin formalaşmasına yönəlməlidir. Bu isə spesifik profilaktika vasitəsi sayılan vaksinlər sayəsində həyata keçirilir.
COVID-19 infeksiyasının idarə olunan infeksiya kimi profilaktikasında vaksinlərdən istifadənin labüdlüyü aydındır. COVID-19 pandemiyası başlandığı vaxtdan dünyanın 50-yə yaxın elmi mərkəzində bu infeksiyaya qarşı peyvənd hazırlanması istiqamətində elmi tədqiqatlar intensiv şəkildə aparılmaqdadır.
COVID-19-a qarşı spesifik profilaktika məqsədilə peyvəndləmənin Milli Peyvənd təqviminə daxil edilməsi məsələsi gündəmə gələ bilər. Milli Peyvənd Təqvimlərinin hazırlanması zamanı regional (iqlim, mövsüm) və epidemioloji xüsusiyyətlər (epidemik hədd, kollektiv immunitetin vəziyyəti, yaş, risk qrupları və s.) nəzərə alınmalıdır.
Qeyd etmək lazımdır ki, COVID-19 pandemiyasının elə ilk günlərindən dövlət başçısı cənab İlham Əliyevin şəxsində Azərbaycan dövləti donor ölkə kimi bu infeksiya ilə mübarizə üçün ÜST-yə maliyyə dəstəyi göstərdi. Azərbaycan Prezidentinin bir sıra sərəncam və göstərişləri sayəsində ölkəmiz bəzi inkişaf etmiş ölkələrlə müqayisədə COVID-19 infeksiyasından daha az xəstələnmə və ölüm göstəriciləri ilə nisbi qənaətbəxş epidemioloji vəziyyətə nail oldu. COVID-19-a qarşı ölkədə təşkil edilən və həyata keçirilən profilaktik və əksepidemik mübarizədə Səhiyyə Nazirliyinin məqsədyönlü fəaliyyəti də qeyd edilməlidir.
İnanırıq ki, bəşəriyyətin daha bir təhlükəli infeksiya hesab edilən SARS-CoV-2 üzərində qələbə qazanacağı gün uzaqda deyildir.

S.Fərəcova,
V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent
L.Rüstəmova,
Virusologiya şöbəsinin müdiri, t.ü.f.d., dosent
шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova