Valyuta.com

Dünya COVID-19 virusu ilə mübarizəyə qalxıb

Dünya COVID-19 virusu ilə mübarizəyə qalxıb

Dünyanın bir çox ölkəsində sürətlə böyük təhlükəyə çevrilən yeni 2019-nCoV koronavirusuna Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədə keçirilən konfransında “COVID-19” rəsmi adı verilib.
Öz giriş nitqində ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus toplantı iştirakçılarına müraciətlə deyib: “Koronavirus haqqında bizim bilmədiklərimiz hələ çoxdur. Biz sizin bilik və təcrübənizdən istifadə edərək, öz suallarımıza cavab tapmaq, yəqin ki, hələ də bizə məlum olmayan problemləri üzə çıxarmaq istəyirik”.
Forum iştirakçıları qarşısında qoyulan məsələlərdən biri gələcək tədqiqatların “Yol xəritəsi”ni hazırlamaqdır. Bu işə həm alimlərin, həm də donorların cəlb ediləcəyi nəzərdə tutulur. ÜST rəhbəri hesab edir ki, ilk növbədə, laboratoriya materiallarının mübadiləsini qaydaya salmaq vacibdir. Onun sözlərinə görə, vaksinlərin işlənib hazırlanması 18 ay çəkə bilər. Bu səbəbdən beynəlxalq ictimaiyyət əhalini təhlükədən qorumaq məqsədilə köməkçi vasitələrdən istifadə etməlidir.
ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus konfransda həmçinin yeni koronavirusa “COVID-19” rəsmi adının verilməsini də bəyan edib və yeni adı şərh edərək deyib: “Biz elə ad tapmalı idik ki, bu adın birbaşa coğrafi konnotasiyaları və ya heyvanla bağlı referensiyaları olmasın, asan tələffüz edilsin, xəstəliyin törədicisini elmi terminologiya nöqteyi-nəzərindən dəqiq göstərsin”.
Baş direktorun sözlərinə görə, indiki epidemiyanın nəticələri terror aktı ilə müqayisədə daha ciddi ola bilər: “Əgər bu gün bütün ölkələr tədbir görməsələr və COVID-19 virusunu cəmiyyətə bir nömrəli təhlükə hesab etməsələr, onda mən bəşəriyyətin ibrət dərsi götürdüyünə şübhə ilə yanaşacağam”.

Koronavirus epidemiyası hələlik pandemiya deyil

Yeni tip koronavirusun səbəb olduğu pnevmoniya epidemiyası hələlik pandemiya deyil. Epidemiya barəsində yanlış informasiyaya qarşı mübarizə hazırda onun profilaktikası və nəzarətdə saxlanması üçün böyük əhəmiyyət daşıyır. Bunu ÜST-nin Pandemiya və endemik xəstəliklər departamentinin direktoru Silvi Brayan Cenevrədə mətbuat konfransında söyləyib.
O vurğulayıb ki, ÜST-nin tərifinə görə, pandemiya xəstəliyin bütün dünyaya yayılması deməkdir. İndiki infeksiya ocağı pandemiya deyil, çünki hazırda yoluxma hallarının çoxu Çinin Hubey əyalətinin payına düşür.
ÜST-nin departament direktoru bildirib ki, Çin hökuməti epidemiyanın yayılmasının qarşısını almaq üçün, eləcə də ölənlərin sayını azaltmaq məqsədi ilə koronavirusa yoluxanların müalicəsi üçün ciddi tədbirlər görür. Hubey əyalətinin hüdudlarından kənarda və digər ölkələrdə əsas strategiya epidemiyanın yayılmasının qarşısını almaqdır. ÜST hesab edir ki, bu strategiya səmərəlidir və məsləhət görür ki, başqa ölkələr də yoluxma hallarının aşkar edilməsi, yoluxanların təcrid olunması və onların müalicəsi istiqamətində tədbirlər görsünlər. Bundan əlavə, epidemiyanın yayılması riskini azaltmaq üçün yoluxanlarla sıx təmasda olan insanlar nəzarətdə saxlanmalı və təcrid edilməlidir.
S.Brayan deyib: “Epidemiyanın profilaktikası və nəzarətdə saxlanması zamanı şayiələrə və yanlış informasiyaya qarşı mübarizə çox əhəmiyyətlidir”. Onun sözlərinə görə, şayiələr və yanlış informasiya epidemiyaya qarşı mübarizə səylərini heçə endirə bilər.

Koronavirusa qarşı dərmanlar sınaqdan keçirilir

COVID-19 koronavirusuna qarşı dərmanların sınaqlarının nəticələri 3 həftə sonra elan ediləcək. Çindən daxil olan məlumatlar yoluxma hallarının tədricən azaldığını göstərir. Lakin virus əvvəlki kimi çox təhlükəlidir və hazırda bir nömrəli təhdiddir. Görünür, dövlətlər bunu dərk etmirlər və yeni virusa qarşı mübarizəyə və onun əleyhinə vaksin hazırlanmasına vəsait ayırmağa tələsmirlər. Bunu fevralın 20-də Cenevrədə mətbuat konfransında ÜST-nin baş direktoru Tedros Gebreyesus bildirib.
ÜST-nin başçısı vurğulayıb ki, COVID-19 koronavirusunun yayılmasının qarşısını almaq olar, lakin bunun üçün operativ surətdə patogeni üzə çıxarmaq, virusun tədqiqinə, yayılmasının qarşısının alınmasına və yoluxmuş insanların müalicəsinə vəsait ayırmaq lazımdır. Beynəlxalq dəstək, xüsusən vaksinin hazırlanmasına dəstək də gücləndirilməlidir.

Koronavirusun bağlamalar vasitəsilə yayılması mümkün deyil

ÜST bəyan edib ki, Çindən bağlama və məktub alan şəxslərin COVID-19-a yoluxma riski yoxdur. Son təhlillərə görə, koronaviruslar məktub və ya bağlama kimi əşyaların üzərində uzun müddət qalmır.
ÜST-nin Azərbaycandakı nümayəndəliyi isə ölkəmizin əhalisinə müraciət edərək, təşvişə qapılmamağı, yeni koronavirus epidemiyasına dair məlumatları qurumun rəsmi internet səhifəsindən və sosial şəbəkələrdəki səhifələrindən, həmçinin Azərbaycandakı rəsmi qurumlardan əldə etməyi tövsiyə edib.
Qeyd edək ki, indiyədək Çində koronavirusa təqribən 79 min insan yoluxub, 2800-ə yaxın adam bu xəstəlikdən dünyasını dəyişib, 36 mindən çox pasiyent isə bu infeksiyadan sağalaraq xəstəxanalardan evə buraxılıb. Daha 26 ölkədə mindən çox yoluxma faktı qeydə alınıb. Yaponiyanın Yokoqama şəhəri limanında karantində saxlanılan “Diamond Princess” kruiz layneri Çinin hüdudlarından kənarda xəstəliyin yayıldığı ən böyük ocaqdır.шаблоны для dle 11.2





]Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova