Valyuta.com

Koronavirus nədir və niyə təhlükəlidir?

Koronavirus nədir və niyə təhlükəlidir?

2019-cu ilin dekabrında Çində ilk dəfə aşkar edilmiş və 2020-ci ilin yanvar ayında alovlanması baş vermiş 2019-nCoV koronavirusuna yoluxanların dünya üzrə ümumi sayı 9 692 nəfərə çatıb. Onlardan 1527 nəfərin vəziyyəti ağırdır. Bu virusdan ölüm hallarının da sayı artır – artıq 213 nəfər vəfat edib. Bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 15 mindən çoxdur. İndiyədək 176 nəfər sağalaraq, xəstəxananı tərk edib. Virusa ən çox yoluxma və ölüm halları Çinin Hubey vilayətində qeydə alınıb - 5806 yoluxma və 204 ölüm. Bunlar yanvarın 31-nə olan məlumatlardır.
Çindən başqa, daha 19 ölkədə (Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri və Finlandiyada) ümumilikdə 100-ə yaxın adamın virusa yoluxması təsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Hubey sakinləri, ya da bu yaxınlarda orada səfərdə olanlardır.
Hazırda alovlanması müşahidə edilən bu virus tipi koronaviruslar ailəsinə aiddir. Bu ailəyə insanlara, pişiklərə, itlərə, quşlara, iri buynuzlu mal-qaraya, donuzlara və dovşanlara yoluxan 40 virus növü daxildir.
İlk dəfə 1965-ci ildə kəskin rinitli xəstədə ayırd edilən koronavirus bu adı tacşəkilli görüntüsünə görə alıb.
Yaxın keçmişdə bir neçə dəfə koronavirus xəstəlikləri alovlanmaları baş verib. Bunlardan 2003-cü ildə SARS kəskin respirator sindromu epidemiyası zamanı yoluxanların 9%-i, 2012-ci ildə MERS Yaxın Şərq respirator sindromu epidemiyasında isə hətta 35%-i vəfat edib.
Bəs, koronavirus alovlanmaları niyə belə qəfil və bu qədər təhlükəli olur?

Təhlükəli koronaviruslar haradan peyda olur?


Mütəxəssislər hesab edirlər ki, SARS, MERS və 2019-nCoV koronavirus epidemiyalarında infeksiyanı yayan insanlar deyil, heyvanlar olub. Çin Dövlət Səhiyyə Komissiyasının məlumatına əsasən, koronavirusun yeni ştammının vəhşi heyvanlardan yayıldığı yəqin edilib. Ümumiyyətlə, müxtəlif heyvanlar insan üçün təhlükəli olan bir çox virusların daşıyıcısıdır. Ancaq xoşbəxtlikdən, insanın birbaşa heyvandan yoluxması az baş verir.
Böyük Britaniyanın Varvik Universitetinin professoru Endryu İston bildirir ki, əksər hallarda növlərarası baryer olur və adətən o, virus üçün keçilməzdir: “Lakin immunitetin zəifləməsi və ya hansısa digər amilin təsiri ilə nadir yoluxma halları baş verə bilər. Təhlükə əksər hallarda virusun qeyri-adi mutasiyası ilə bağlı olur. Virus müəyyən tərzdə dəyişməlidir ki, ona uyğun olmayan yeni mühitdə yaşayıb inkişaf edə bilsin. Koronavirus insana nadir hallarda keçir, amma bu zaman vəziyyət çox ciddiləşə bilər”.
Alim qeyd edib ki, koronavirusların heç də hamısı insan üçün təhlükəli deyil: “Biz daim onların az aqressiv növləri ilə üzləşirik. Ancaq bir növdən başqasına yoluxanlar ciddi təhlükə mənbəyi ola bilərlər”.

"Növlərarası" koronaviruslar niyə belə təhlükəlidir?


Professor E.İston vurğulayıb ki, virus bir canlı növündən digərinə, məsələn, heyvandan insana yoluxanda onun özünü necə aparacağını, hadisələrin gedişini öncədən proqnozlaşdırmaq mümkün deyil: “Əslində, virusun yeni mühitdə özünə yer eləməsində qeyri-adi bir şey yoxdur. Lakin bu prosesin ilkin mərhələlərində o, çox güclü olur. Çünki virus gözlənilmədən heyvandan insana keçəndə, insanın immun sistemi onunla əvvəllər üzləşmədiyinə görə, onunla mübarizəyə, ona müqavimət göstərməyə hazır olmur".
Tək koronavirusların deyil, hər cür virusların bir canlı növündən digərinə keçməsi ciddi problemlər yaradır. Məsələn, 1918-1919-cu illərdə baş vermiş, ən ağır “ispan” qrip pandemiyasının insanlara quşlardan yoluxması güman edilir. O zaman 50 milyonadək insan bu virusun qurbanı olmuşdu.
Hazırkı koronavirus epidemiyasının o dərəcədə ağır nəticələr törədəcəyini deməyə bu gün elə bir ciddi əsas yoxdur. Bununla belə, insanların heyvanlardan əvvəlki yoluxma halları göstərir ki, hadisələrin ən ağır gedişinə hazır olmaq lazımdır.

Koronavirus çox sürətlə yayıla bilərmi?


“Yaxşı ki, heyvandan insana ötürüldükdən sonra ilkin mərhələlərdə virus insandan insana sürətlə yayıla bilmir. Bu, virusun qarşısında daha bir sədd, daha bir maneədir", - deyən Endryu İston, bununla belə, xəbərdarlıq edib ki, sonrakı mərhələdə yoluxma çox sürətlə baş verə bilər və belə olduqda vəziyyət çox ciddi hal alır: "Viruslar, o cümlədən koronaviruslar çox sürətlə mutasiya olurlar. Mutasiyanın davam etməsi virusa insanlar arasında sürətlə yayılmağa imkan verəcək. Bu isə o deməkdir ki, qısa müddətdə epidemiya böyük əraziləri əhatə edə bilər. Buna görə yayılmanın qarşısını alan tədbirlər görmək zəruridir”.
Alim bildirib ki, bəzən immuniteti zəif olanlar xəstələnsələr də, sağlam adam yoluxmaya bilər: “Bəzi viruslar çox sürətlə, bəziləri, əksinə, yavaş yayılır. İndi cavab tapmalı olduğumuz əsas suallardan biri bu yeni koronovirusun hansı tipə aid olmasıdır”.

Virus yayıldıqda nə etməli?


Təəssüf ki, heç də həmişə dərmanların köməyi ilə virusun yayılmasının qarşısını almaq olmur. Ekspert deyir ki, effektiv virusəleyhinə preparatlar çox deyil. Lakin ümumi gigiyena qaydaları, əlləri yumaq, tibbi maskalardan istifadə etmək kimi sadə tədbirlər səmərəli ola bilər. Yoluxmuş adamları tez aşkarlamaq, onlara tibbi yardım göstərmək də infeksiyanın yayılması ehtimalını azaldır: “SARS və MERS koronaviruslarının alovlanmasından sonra belə xəstəliklərin yayılmasının qarşısını almaq üçün beynəlxalq səviyyədə fəaliyyət mexanizmləri işlənib hazırlandı. Buna görə də artıq cavab tədbirləri çox sürətlə görülür.


ÜST koronavirusla bağlı qlobal fövqəladə vəziyyət elan edib


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Çin Xalq Respublikasında meydana çıxan və digər ölkələrə yayılan yeni koronavirus epidemiyası ilə bağlı yanvarın 30-da ikinci dəfə Beynəlxalq Tibbi Sanitariya Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin iclasını keçirib.
Toplantıda yeni koronavirusla bağlı qlobal fövqəladə vəziyyət elan olunub.
ÜST-nin açıqlamasında fövqəladə vəziyyətin üzv dövlətlərə konkret tövsiyələrlə bağlı olduğu qeyd edilib. Bu tövsiyələrin məqsədi virusun ölkələrin sərhədlərini aşaraq daha da yayılmasının qarşısını almaqdır. Təşkilatın rəhbəri Tedros Adhanom Gebreyesus bildirib ki, hazırda Çinin hüdudlarından kənarda infeksiya hallarının sayı hələ ki azdır, lakin zəif səhiyyə sisteminə malik bir ölkədə bu virusun yayılmasının necə nəticələnəcəyini təsəvvür etmək mümkün deyil.
İclasda Çin Xalq Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi mövcud vəziyyət və həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında məlumat verib, ölkə daxilində koronavirusla bağlı rəqəmləri açıqlayıb. ÜST-nin Katibliyi digər ölkələrdəki vəziyyətə dair ümumi məlumat verib. Bildirilib ki, artıq digər ölkələrdə xəstəliyə yoluxanlar arasında Çinə səfər etməyənlər var. Çinin xaricində üç ölkədə virusun insandan insana ötürülməsi halı qeydə alınıb, onlardan biri ağır dərəcəlidir, ölüm halları olmayıb.
Həmçinin bəyan olunub ki, yeni növ koronavirusa dünya üzrə yoluxma hallarının sayı 17 il bundan əvvəl tüğyan etmiş SARS pandemiyasını aşıb. Belə ki, ÜST-nin məlumatına görə, SARS virusuna 2002-2003-cü illərdə 8096 nəfər yoluxmuş, 774 nəfər ölmüşdü.
Fövqəladə Hallar Komitəsi Çin hökumət orqanlarının bu məsələdə liderliyini və siyasi öhdəlik götürməsini, şəffaflığını, mövcud epidemiyanın araşdırılması və nəzarətdə saxlanması üçün göstərdiyi səylərini alqışlayıb. Çin digər ölkələrin sürətli şəkildə diaqnoz qoyması və özlərini qoruya bilməsi üçün virusu tez bir zamanda müəyyənləşdirib və genetik ardıcıllığını paylaşıb. Bu, diaqnostik alətlər dəstinin qısa müddətə hazırlanmasına şərait yaradıb.
Komitə hesab edir ki, xəstəliyin erkən diaqnostikası, təcridi və müalicəsini təmin etməklə, eləcə də təmas yollarının izlənməsi və risklərə uyğun sosial uzaqlaşdırma tədbirlərinin təşviqi ilə virusun yayılmasına müdaxilə etmək mümkündür. Komitə epidemiyanın hazırda İctimai Səhiyyə sahəsində Beynəlxalq Fövqəladə Vəziyyət meyarlarına cavab verdiyini qəbul edib və Müvəqqəti Tövsiyələr hazırlanmasını məsləhət görüb.
Baş direktor zəruri hesab edərsə, Fövqəladə Hallar Komitəsi üç ay ərzində və ya daha tez yenidən toplaşacaq.
Qeyd edək ki, bundan əvvəl ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus və ÇXR-in Sədri Si Cinpin görüşərək, yeni koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə ediblər. Pekində təşkil olunmuş görüşdə ÜST nümayəndələri Çinin epidemioloji xidmətlərinin hazırlığını, xüsusən də epidemiyanın episentri olan Uhan şəhərində tətbiq olunan operativ yanaşma tədbirlərini yüksək qiymətləndiriblər.

Təsirli epidemioloji tədbirlər üçün virus tədqiq olunmalıdır


ÜST-nin nümayəndəsi Kristian Lindmeyer Cenevrədə keçirilən brifinqdə bəyan edib ki, təsirli epidemioloji tədbirlər görmək üçün xəstəliyə tutulan insanın yoluxmadan sonra hansı mərhələdə ətrafdakılar üçün təhlükəli olmasını başa düşmək vacibdir. Hazırda alimlər hesab edirlər ki, inkubasiya dövrü 1-14 gün çəkir, lakin bunda tam əminlik yoxdur, əlavə tədqiqatlara ehtiyac var. ÜST daha təsirli epidemioloji tədbirlərin işlənib hazırlanmasından ötrü yeni koronavirusun xüsusiyyətlərinin öyrənilməsi üçün Çinə texniki dəstək verməyi davam etdirir.
ÜST təmsilçisinin sözlərinə görə, müəyyən edilib ki, xəstəlik əsasən hava-damcı yolu ilə ötürülür. Lakin virus bir müddət (dəqiq zaman kəsiyi hələ ki məlum deyil, azı 30 dəqiqə) əşyaların səthində aktivliyini qoruyub saxlayır. İnfeksiya mənbəyi hələ aşkarlanmayıb. Xəstəliyin ağırlığına gəlincə, bir çox hallarda söhbət mülayim simptomatikanın təzahüründən gedir. Yalnız yoluxanların beşdəbirində xəstəlik ağır keçir.


Azərbaycanda koronavirusa yoluxma halı yoxdur


Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə bəyanatla bildiriblər ki, Çində yayılan koronavirus Azərbaycan ərazisində aşkarlanmayıb.
Səhiyyə Nazirliyindən məlumat verilib ki, koronavirus epidemiyasının ilk aşkarlandığı Çinin Uhan şəhərindən Azərbaycana gələnlərin sərhəd-keçid məntəqələrində yoxlanışından sonra onların tibbi müşahidədə saxlanılması üçün xüsusi müəssisə ayrılıb.
Uhan şəhərində təhsil alan 4 azərbaycanlı tələbə ölkəyə gətirilib. Onlar digər insanlarla ünsiyyətdə olmamaq üçün Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin xüsusi ayırdığı keçiddən keçiblər. Tələbələr xüsusi ayrılmış tibb müəssisəsində həkim nəzarətinə alınıblar. Həkimlərin verdiyi məlumata əsasən, tələbələrin heç birində koronavirus xəstəliyinin əlamətləri yoxdur: “ÜST koronavirusun inkubasiya müddətini 14 gün təyin edib, yəni bu müddətdə koronavirus özünü büruzə verə bilər. Həmin müddətə karantin təyin edilib. Tələbələrin yerləşdirildiyi tibb müəssisəsində onlar üçün hər cür şərait yaradılıb. Əgər 14 gün ərzində tələbələrin səhhətində hər hansı bir dəyişiklik olmasa, onlar evlərinə buraxılacaqlar”.
Daha bir şübhəli hal Bakıdakı universitetlərdən birində təhsil alan çinli tələbə ilə bağlıdır. Belə ki, yanvarın 12-dən 19-na qədər Çin Xalq Respublikasında olan tələbə Azərbaycana qayıdandan sonra yanvarın 27-də respirator infeksiyası ilə Kliniki Tibbi Mərkəzə müraciət edib. Mərkəzdə ona dərhal lazımi tibbi yardım göstərilib. Xəstədən alınan analizlər laboratoriyaya göndərilib.
Xəstəxananın baş direktoru Ədalət Dadaşovun verdiyi məlumata görə, xəstənin vəziyyəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.

Koronavirusdan qorunmaq üçün tövsiyələr


ÜST, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirusdan qorunmaq üçün tövsiyələrini açıqlayıb.
Ən başlıca tövsiyə əlləri tez-tez, xüsusən də xəstələrə qulluq edərkən, həmçinin öskürdükdən və asqırdıqdan sonra axar su və sabun ilə yumaq, spirt tərkibli təmizləyici (dezinfektant) istifadə etməkdir.
Xəstələnməkdən qorunmaq üçün xəstə insanlarla, ev, ferma və ya vəhşi heyvanlarla birbaşa təmasdan, xüsusilə onların gözlərinə, burnuna və ya ağzına toxunmaqdan çəkinmək, qidaların təhlükəsizliyinə diqqət etmək, ət məhsullarını və yumurtanı tam bişirmək, çiy ət və bişmiş qidalar üçün müxtəlif doğrama taxtalarından və bıçaqlardan istifadə etmək, əlləri heyvanlara və heyvan məhsullarına, çiy və bişmiş qidalara toxundurduqda yumaq, xəstə və sahibsiz heyvanlarla, korlanmış ətlə, ümumi və maye tullantılarla təmasdan çəkinmək tövsiyə olunur. Ət emalı sahəsində çalışanlar gündə ən azı bir dəfə avadanlıq və iş sahəsini dezinfeksiya etməli, heyvanlar və heyvan məhsulları ilə işləyərkən qoruyucu xələt, əlcək və qoruyucu maska geyinməli, işdən sonra qoruyucu geyimləri çıxarmalı, yuyub iş yerində saxlamalı, ailə üzvlərini çirklənmiş geyim və ayaqqabının təsirinə məruz qoymamalıdırlar.
Respirator virus əlamətləri olan xəstələr başqalarını xəstələnməkdən qorumaq üçün öskürərkən və ya asqırarkən ağız və burnu dəsmalla, köynəyin qolu və ya dirsək bükümü ilə örtməli, istifadə olunmuş dəsmalları qapalı zibil qutusuna atmalı, əllərini tez-tez yumalıdırlar.

www.bbc.com, azertag.az, wikipedia.org saytlarının materialları əsasında
шаблоны для dle 11.2





]Yanvar2020

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova