Valyuta.com

20-40 yaşlı insanlar qızılcaya qarşı peyvənd olunacaq

20-40 yaşlı insanlar qızılcaya qarşı peyvənd olunacaq

“Azərbaycanda ötən ilin noyabr ayından qızılcaya yoluxma halları aşkarlanır. Laborator müayinələr nəticəsində 2018-ci ilin dekabr ayında 55, 2019-cu ilin yanvar ayında 106, fevralda isə 110 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Xəstəliyə yoluxanların əksəriyyəti, təxminən 93 faizi, vaxtilə peyvənd olunmamış 20-40 yaşlı şəxslərdir. Tək-tək hallarda uşaqlarda da qızılcaya yoluxma öz təsdiqini tapıb. Onlar da müxtəlif səbəblərdən peyvənddən kənarda qalmış uşaqlardır”.
Bu haqda bizə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verdi. O, gücləndirilmiş qaydada əks-epidemik tədbirlərin həyata keçirilməsi, xəstələrin vaxtında izolyasiyası, müayinə və müalicə olunması, peyvənddən kənarda qalan uşaqların vaksinasiyaya cəlb edilməsi və s. nəticəsində son günlər yoluxmanın sayında bir qədər azalma müşahidə edildiyini dedi. Hazırda bu tədbirlərin davam etdirildiyini vurğulayan A.Əliyeva söylədi ki, xəstəliyin profilaktikasında əsas məsələ peyvəndin aparılmasıdır: “Bunu nəzərə alaraq, səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb. Əmrdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə 2019-cu ilin mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhərində, digər şəhər və rayonlarda 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsi tapşırılıb. Sənəddə ambulator-poliklinik müəssisələrdə briqadaların təşkili, peyvənd aparılacaq tibb məntəqələrində müvafiq şəraitin yaradılması əks olunub. Eyni zamanda, əmrdə immunlaşdırma tədbirlərinin həyata keçirilməsində yerli tibb müəssisələrinə metodiki köməklik göstərilməsi, bölgüyə əsasən qızılca-məxmərək vaksininin yerlərə çatdırılması tapşırıqları verilib”.
Direktor müavini qeyd etdi ki, artıq ölkəmizə böyük yaşlı əhali üçün nəzərdə tutulan 160 doza vaksin gətirilib. Onun sözlərinə görə, müxtəlif səbəblərdən peyvənd olunmamış 10 yaşa qədər uşaqlar isə istənilən vaxt ərazi tibb müəssisələrinə müraciət edə bilərlər. Çünki ölkəmizdə uşaqların sayına uyğun, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən kifayət qədər təhlükəsiz qızılca-parotit-məxmərək əleyhinə kombinə olunmuş vaksin var.
Mərkəz rəsmisi Avropa ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd dövlətlərdə qızılca xəstəliyinə yoluxanların sayının həddən çox olduğunu, əhalinin xaricə səfərləri ilə əlaqədar xəstəliyin Azərbaycana gətirilmə hallarının qeydə alındığını diqqətə çatdırdı. O həm böyüklərin immunizasiyası, həm də havanın temperaturunun tədricən yüksəlməsi ilə qızılcaya yoluxma hallarının tədricən azalacağını, təxminən 3 aya qədər tamamilə aradan qalxacağını vurğuladı: “Hazırda insanlar daha çox qapalı şəraitdə olurlar. Qızılcaya yoluxma zamanı isə havanın dəyişdirilməsi çox vacibdir. Payız-qış mövsümü üçün xarakterik olan qızılca xəstəliyi yay mövsümünə yaxın artıq qeydə alınmayacaq”.
A.Əliyeva mövsümi qriplə bağlı da məlumat verdi. O bu ilin 4-5-ci həftələrində 16 nəfərdə A(H1N1) virusunun aşkarlandığını dedi. Qış mövsümü davam etdiyi üçün A tipli mövsümi qrip virusuna yoluxma hallarının müşahidə edildiyini diqqətə çatdırdı. Kəskin respirator virus infeksiyalarına yoluxmanın epidemioloji həddi keçmədiyini, vəziyyətin sabit olduğunu vurğuladı.
Mərkəz rəsmisi Azərbaycanda “koksaki” virusunun yayılması barədə səslənən fikirlərə də münasibət bildirdi. O bu virusun yayılması barədə məlumatların düzgün olmadığını, indiyədək aparılan laborator müayinələr zamanı “koksaki” virusuna yoluxma halının aşkarlanmadığını bildirdi.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Fevral

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova