Valyuta.com

Qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir

Qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir

“Azərbaycanda ötən il noyabr ayının sonlarından indiyədək qızılcaya yoluxma halları aşkarlanır. Şübhəli xəstələrin laborator müayinələri nəticəsində dekabr ayında 55 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Bu xəstəlik əsasən (93 faizdən artıq) 20-40 yaşlı peyvənd olunmamış əhali arasında aşkarlanıb.Tək-tək hallarda uşaqlarda da qızılcaya yoluxma öz təsdiqini tapıb. Yoluxma faktlarının əksəriyyəti Bakı şəhərində müşahidə edilib”.
Bu haqda bizə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) direktor müavini Afaq Əliyeva məlumat verdi. O bildirdi ki, qızılcaya yoluxan insanlar vaxtilə peyvənd edilməyənlərdir: “Bu xəstəliyin profilaktikasında əsas məsələ peyvəndin aparılmasıdır. Əgər uşaq və ya böyük peyvənd olunubsa, onda xəstəliyə qarşı uzunmüddətli immunitet yaranır və yanında xəstə insan olsa da, ona yoluxmur. Buna görə də valideynlərə tövsiyə edərdik ki, hər hansı səbəbdən uşaqlarını təqvimə uyğun peyvənd etdirməyiblərsə, hələ də gec deyil. Onlar ərazi tibb müəssisələrinə müraciət edərək, 10 yaşa qədər uşaqları peyvənd etdirə bilərlər. Çünki ölkəmizdə uşaqların sayına uyğun, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən kifayət qədər təhlükəsiz qızılca-məxmərək əleyhinə kombinə olunmuş vaksin var”.
A.Əliyeva Azərbaycanda peyvənd təqviminə əsasən uşaqların 12 aylığında və 6 yaşında qızılca və məxmərək əleyhinə vaksinasiyasının həyata keçirildiyini dedi. Planlı peyvəndlə əhatə olunmanın səviyyəsinin hər il 97,8-98 faiz olduğunu söylədi: “2006-cı ildə 35 yaşadək olan insanlar arasında immunlaşdırma kampaniyası aparıldı. Həmin il peyvəndləmə göstəricisi 95 faizdən yuxarı oldu və bunun hesabına ölkəmizdə 2008-ci ildən 2013-cü ilədək qızılca xəstəliyi qeydə alınmadı. 2013-cü ilin yanvar-iyul aylarında Rusiyadan və Avropa ölkələrindən gətirilmə yolu ilə yoluxma nəticəsində qızılca xəstəliyi ilə bağlı kiçik alovlanma baş verdi, ancaq onun qarşısı vaxtında alındı. 2013-cü ilin iyul ayından sonra isə Azərbaycanda qızılcaya yoluxma halı olmamışdı. Hazırda qızılca 2006-cı ildə ölkədə aparılan kampaniya zamanı və uşaq yaşlarında müxtəlif səbəblərdən peyvənddən kənarda qalan insanlar arasında qeydə alınır”.
Respublika GEM-in direktor müavini Avropa ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinə yoluxanların sayının həddən çox olduğunu diqqətə çatdırdı: “Uzun illərdir ki, Avropa ölkələrində qızılcanın yayılması prosesi dayanmır. Ölkəmizin əhalisi də xarici ölkələrə səfərlər edirlər. Ona görə də insanların sağlamlığı üçün onların peyvənd edilməsi çox vacibdir”. O bütün bunları nəzərə alaraq, artıq Səhiyyə Nazirliyinin böyüklərin immunizasiyası məqsədilə ölkəmizə qızılca-məxmərək əleyhinə vaksinin gətirilməsi ilə bağlı sifariş etdiyini də dedi: “Vaksinlər gətirildikdən sonra Səhiyyə Nazirliyinin verəcəyi əmrə müvafiq olaraq, 18 yaşdan yuxarı olan şəxslər ərazi üzrə poliklinikalarda peyvənd ediləcəklər. Vaksinlərin Azərbaycana təxminən martın sonu – aprelin əvvəllərində gətirilməsi nəzərdə tutulur”.
A.Əliyeva bildirdi ki, Azərbaycanda səpkili xəstələrin aşkar olunması, onların laborator müayinələrə cəlb edilməsi üçün epidemioloji nəzarət aparılır, qızılca xəstəliyinə şübhəli bütün hadisələr diqqətlə araşdırılır. Onun sözlərinə görə, rayon gigiyena və epidemiologiya mərkəzləri də uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsinə nəzarət edir, Respublika GEM-ə peyvəndləmə işi ilə bağlı davamlı məlumat verirlər. Bir sözlə, hazırda ölkəmizdə qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Yanvar 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova