Valyuta.com

Şəki səhiyyəsi ilə tanışlıq

Şəki səhiyyəsi ilə tanışlıq

Səhiyyə Nazirliyi geniş ictimaiyyəti regionlardakı tibb müəssisələrində yaradılmış şərait və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti ilə tanış etmək məqsədi ilə mediaturlar təşkil edir. Bu qəbildən növbəti səfər Şəki rayonuna baş tutub.
Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov jurnalistlərlə görüşündə bildirib ki, 6 korpusdan ibarət olan bu tibb müəssisəsində təcili tibbi yardım, iki cərrahiyyə, reanimasiya, onkoloji xəstəliklər, göz xəstəlikləri, dializ, diaqnostika, laboratoriya və poliklinika şöbələri fəaliyyət göstərir: “Xəstəxananın 100 çarpayılıq cərrahiyyə korpusu, 320 çarpayılıq terapevtik korpusu var. Səhiyyə ocağı dünyanın aparıcı ölkələrində, tibb elminin ən son nailiyyətləri əsasında istehsal edilmiş, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunub. Burada müasir anesteziya və laboratoriya avadanlığı, ultrasəs müayinəsi, hemodializ, rentgenoqrafiya, kompüter tomoqrafiyası, süni nəfəs aparatları quraşdırılıb”.
Baş həkim qeyd edib ki, hazırda Şəkidə fəaliyyət göstərən 65 tibb müəssisəsində ümumilikdə 620 çarpayı yeri var: “Rayonun səhiyyə ocaqlarında 238 həkim və 1 100 nəfər orta tibb işçisi çalışır. Son dövrlərdə xəstəxanaya 6 yeni həkim cəlb edilib. Bu gün gənc kadrların rayon xəstəxanalarında çalışması üçün bütün lazımi şərait yaradılıb. Belə ki, rayonda yeni istifadəyə verilən kənd məntəqələrində gənc mütəxəssislərin yaşaması üçün zəruri avadanlıqla təmin edilmiş evlər hazırlanıb. Şəkinin 185 min əhalisi var. Bu il ərzində rayonun tibb müəssisələrində 600 min nəfər ambulator tibbi xidmətə, 8 min nəfər isə stasionar müalicəyə cəlb olunub”.
Xəstəxananın Təcili tibbi yardım şöbəsi gün ərzində 10-15 ağır xəstə qəbul edə bilir. Bu bölgədə ağır qəzalar zamanı xəstələr Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilir. Ümumi reanimasiya şöbəsində eyni vaxtda 12-24 nəfərə qədər xəstəyə tibbi xidmət göstərilə bilir.
Hemodializ şöbəsində Şəki, Oğuz və Qax rayonlarından müraciət edən xəstələr müalicə alırlar. Hazırda şöbədə ümumilikdə bu bölgədən 60 xəstə müalicə olunur. Onlardan ən yaşlısının 70-dən yuxarı, ən gəncinin isə 23 yaşı var. Ən uzun müddət müalicə alan xəstə beş ildir ki, hemodializ seansları qəbul edir.
Jurnalistlərə məlumat verilib ki, Şəki və ətraf rayonlarda onkoloji xəstəliklər üzrə yeganə laboratoriya da məhz Şəki Rayon Mərkəzi Xəstəxanasında yerləşir.
Patositomorfologiya laboratoriyanın yaradılmasının təşəbbüskarı olan həkim patomorfoloq İntiqam Əmrahov deyib ki, xəstəxanda onkoloji xəstəliklərin hüceyrə və toxuma səviyyəsində yoxlanılması üçün hər cür şərait var: “Bu gün bölgədə müxtəlif onkoloji xəstəliklərin hüceyrə (sitoloji) və toxuma (histoloji) səviyyəsində diaqnozunun qoyulduğu yeganə laboratoriya Şəki Rayon Mərkəzi Xəstəxanasındadır. Əməliyyat zamanı orqanlarda istər onkoloji, istərsə də qeyri-onkoloji xəstəliklərin dəqiq diaqnozu bu laboratoriyada aparılır”.
Həmçinin qeyd olunub ki, regionun rütubətli olması səbəbindən burada vərəm xəstəliyi ilə bağlı müraciətlər də çox olur. Onların müalicəsi klinik protokollara uyğun həyata keçirilir.
Şəki endemik zona olduğundan əhali arasında endemik ur xəstəliyinə də çox rast gəlinir. Xəstəxanada region əhalisinə xidmət göstərən 70 çarpayılıq endokrinoloji şöbə də fəaliyyət göstərir. Hazırda rayonda 3343 nəfər şəkərli diabet xəstəsi var. Onlar dövlət tərəfindən zəruri dərmanlarla təmin olunurlar.
Səhiyyə ocağının oftalmoloqu Gülnarə Məmmədova isə deyib ki, azyaşlı uşaqlarda daha çox refraksiya anomaliyaları, yaşlı və şəkər xəstələrində göz dibində dəyişiklik müşahidə edilir: “Yaş qrupuna görə daha çox qocalarda qlaukoma, mirvari suyu artıb. Xəstəxanada gün ərzində 100 nəfərdən çox pasiyent qəbul edirik. Ən son tibbi avadanlıqlar sayəsində gözün müxtəlif xəstəliklərinin cərrahi əməliyyatlarla aradan qaldırılması da mümkündür”.
Cərrahi şöbənin fəaliyyəti ilə bağlı jurnalistlərin suallarını xəstəxanada uzun illərdir çalışan cərrah Xaliq Yusifov cavablandırıb. O bildirib ki, əməliyyat zamanı birbaşa Səhiyyə Nazirliyi ilə, lazımi mütəxəssislərlə canlı bağlantı qurmaq, aparıcı mütəxəssislərdən zəruri məlumatlar almaq mümkündür: “Təcili cərrahi əməliyyatlarla yanaşı, xəstəxanamızda planlaşdırılmış cərrahi prosedurlar – açıq və laparoskopik üsullarla əməliyyatlar da həyata keçirilir. Bu gün xəstəxanada gənc və savadlı cərrahlara ehtiyacımız var”.
Tibb ocağında cərrahiyyə blokları ən son tibbi avadanlıqla təmin edilib. Burada quraşdırılmış xüsusi sensorlu monitorlar vasitəsilə cərrahiyyə bloklarında işıqlandırma və havalandırma rejiminə vahid mərkəzdən nəzarət olunur.
Şəki Regional Perinatal Mərkəzinin direktoru Ruziyyə Hüseynova vurğulayıb ki, rayonda son illərdə ana ölümü qeydə alınmayıb: “Mərkəz 7 rayona xidmət göstərir. Burada 22 həftəni keçmiş, hər hansı patologiyası olan hamilələr, çəkisi 500 qramdan çox olan və həyat əlamətləri olan yenidoğulmuşlar müalicə edilir.
Mərkəzin Yenidoğulmuşlar şöbəsinə son 3 ay ərzində 488 körpə daxil olub, onlardan 9-u əkiz olub. 55 yenidoğulmuş isə Reanimasiya şöbəsində saxlanılır”.
Həkim göndərişi ilə mərkəzə müraciət edən hamilələr Qəbul şöbəsinə daxil olduqdan sonra ana bətnində dölün ürəyinin kardioqramması çıxarılır, xarici və daxili müayinələr aparıldıqdan sonra isə doğum şöbəsinə yola salınır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov media nümayəndələri üçün təşkil edilən səfərlərin davam edəcəyini deyib: “Mediaturların məqsədi jurnalistləri və onların vasitəsilə bütün əhalini regionlarda səhiyyənin vəziyyəti ilə tanış etməkdir. Həmçinin istəyirik ki, gənc həkimlərimiz rayon xəstəxanalarındakı ən son vəziyyəti görsünlər, regionlarda işləməkdən çəkinməsinlər, öz qüvvələrini burada yaşayan və onlara ehtiyacı olan əhali üçün sərf etsinlər”.
Mediaturların silsilə şəklində davam etdiriləcəyini bildirən P.Abubəkirov bundan əvvəl jurnalistlərin Lerikdə səhiyyənin vəziyyəti ilə tanış olduqlarını, növbəti səfərin isə Quba rayonuna planlaşdırıldığını söyləyib.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova