Valyuta.com

Ümumdünya Diabetlə Mübarizə Günü qeyd edildi

Ümumdünya Diabetlə Mübarizə Günü qeyd edildi

Bakıda Heydər Əliyev Fondunun dəstəyi, Danimarkanın “Novo Nordisk” şirkətinin təşkilatçılığı ilə Ümumdünya Diabetlə Mübarizə Gününə həsr olunmuş tədbir keçirildi.
İtaliya, Danimarka, İran və digər ölkələrdən qonaqların iştirak etdiyi toplantı ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və maarifləndirmə yolu ilə əhalini sağlam həyat tərzinə təşviq etmək məqsədi daşıyırdı.
Tədbirdə Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Soltan Məmmədov Fondun mütəmadi həyata keçirdiyi sosial layihələr, diabet xəstələrinə göstərdiyi yardım, xüsusilə bu xəstəlikdən əziyyət çəkən uşaqlarla əlaqədar gördüyü işlər barədə məlumat verdi: “Heydər Əliyev Fondu ictimaiyyətin diqqətini şəkərli diabetə yönəltmək və onun qarşısını almaq məqsədilə müxtəlif layihələr həyata keçirir, xüsusilə şəkərli diabeti olan uşaqların keyfiyyətli tibbi yardım almasına dəstək göstərir. 2004-cü ildən etibarən “Diabetli uşaqlara qayğı” layihəsi çərçivəsində, bu xəstəlikdən əziyyət çəkən uşaqların insulin preparatları və şpris-qələmlərlə təmin olunması üçün mütəmadi yardım göstərilib. Fondun dəstəyi ilə həmçinin sosial qayğıya ehtiyacı olan, şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlar üçün psixo-sosial reabilitasiya təşkil olunur”. S.Məmmədov bildirdi ki, bu gün ölkəmizdə uğurla həyata keçirilən iqtisadi və sosial siyasət nəticəsində diabet xəstəliyindən əziyyət çəkən hər bir şəxsin tələb olunan xidməti alması sevindirici haldır və vətəndaşlarımıza göstərilən qayğının sübutudur.
Danimarkanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Svend Ollinq isə 160 ölkədə keçirilən tədbirin əhəmiyyəti və ölkəmizdə şəkərli diabet xəstələrinə göstərilən dövlət qayğısı barədə danışdı. O qeyd etdi ki, hazırda dünyada hər 10 nəfərdən biri diabet xəstəsidir və onların yarısı bundan xəbərsizdir. Səfir bildirdi ki, bu xəstəlik nəticəsində hər il dünyada 2 milyondan çox insan həyatını itirir. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı təcili tədbirlərin görülməsini vacib hesab edir.
Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev Ümumdünya Diabetlə Mübarizə Gününün 1991-ci ildən dünyanın 145 ölkəsində qeyd edildiyini söylədi. Bildirdi ki, bu günün belə xüsusi vurğulanması təsadüfi deyil: “Dünyada çox geniş yayılmış şəkərli diabet bu gün müasir müalicə tədbirləri nəticəsində həyat tərzinə çevrilir. Bununla belə, real təcrübə göstərir ki, diabetin çox ciddi fəsadları olur. Bu xəstəlik dünyada çox sürətlə artan xəstəliklər arasındadır. ÜST-nin verdiyi məlumata görə, 20-25 il əvvəl yer üzündə diabet xəstəsi olan 30 milyon nəfər qeydiyyatdan keçmişdisə, indi bu rəqəm rəsmi statistikaya görə 200, qeyri-rəsmi statistikaya görə 400 milyon nəfərdən artıqdır. 2045-ci ildə isə ona mübtəla olanların sayının 620-630 milyon nəfərə çatacağı gözlənilir”.
Nazir müavini ötənilki statistikaya görə, ölkəmizdə 243 min diabet xəstəsinin olduğunu, bu ilin səkkiz ayında isə həmin rəqəmin daha 20 min nəfər artdığını bildirdi. Postsovet məkanında Azərbaycanın şəkərli diabetlə mübarizə üzrə qanun qəbul edən ilk ölkə olduğunu nəzərə çatdıran E.Ağayev hazırda Azərbaycanda bır sıra xəstəliklərin müalicəsinin dövlət proqramları ilə maliyyələşdirildiyini, onlardan birinin də şəkərli diabet xəstəliyi ilə bağlı olduğunu dedi: “2006-cı ildən sonra şəkərli diabetlə bağlı 3 dəfə dövlət proqramı qəbul edilib. 2016-2020-ci illər üzrə sonuncu proqram çərçivəsində hazırda Azərbaycanda şəkərli diabet xəstələri dövlət qayğısı ilə əhatə olunub. Gələn ilin büdcəsində belə xəstələrin müalicəsi üçün 8 milyon manatdan artıq vəsait ayrılıb”.
Elsevər Ağayev qeyd etdi ki, ölkəmizdə insulindən asılı 1600-dən çox uşaq var: “Uzun illərdir ki, belə uşaqlara Heydər Əliyev Fondu tərəfindən qayğı göstərilir. Mən Azərbaycanda bu proqramların həyata keçirilməsində müstəsna xidmətləri olan Heydər Əliyev Fonduna, onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya səhiyyə ictimaiyyəti adından təşəkkür edirəm”.
Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev gələn il səhiyyə üçün ən yüksək büdcənin nəzərdə tutulduğunu vurğuladı. O, Danimarkanın “Novo Nordisk” şirkətinin ölkəmizdəki nümayəndəliyinin xəstəliyin profilaktikası və dərman təminatı sahəsində gördüyü işləri, hökumət, parlament və özəl sektor arasındakı münasibətləri təqdir etdiyini dedi. M.Quliyev bildirdi ki, birgə fəaliyyət şəkərli diabetə qalib gəlməyə və insanların daha sağlam həyat tərzi keçirməsinə imkan yaradacaq.
Deputat vurğuladı ki, əhalinin sağlamlığına xüsusi önəm verən Azərbaycan dövlətində bir sıra xəstəliklərin müalicəsi 16 proqram üzrə dövlət büdcəsindən maliyyələşdirilir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra səhiyyəyə ayrılan büdcə vəsaitinin gələn il ən yüksək səviyyədə olması nəzərdə tutulub. Belə ki, 2019-cu ildə səhiyyə sahəsinə ayrılan xərclər bu ilin müvafiq xərclərindən 309 milyon manat, yəni 32 faiz çoxdur. Burada çox böyük pay şəkərli diabet xəstələrinin müalicəsinə və xəstəliyin profilaktikasına yönəlib. 2018-ci illə müqayisədə büdcədə 8,5 milyon manatlıq artım nəzərdə tutulur. Biz hesab edirik ki, bu, kifayət deyil, növbəti illərdə də artım olacaq. Amma ötən illərlə müqayisədə təxminən 30 faiz artımın olması bizim birgə fəaliyyətimizin uğurudur”.
Danimarkanın “Novo Nordisk” şirkətinin korporativ vitse-prezidenti Emil Larsen təmsil etdiyi qurumun dünyanın yeddinci, Skandinaviya ölkələrinin isə ən böyük əczaçılıq şirkəti olduğunu, dünyada 27,7 milyon diabet xəstəsinin dərmana ehtiyacını ödədiyini bildirdi. Qeyd etdi ki, onların 200 min nəfəri Azərbaycandan olan xəstələrdir: “Şəkərli diabetin müalicəsində ən yeni texnologiyalardan istifadə edən “Novo Nordisk" bir əsrə yaxın tarixi olan şirkətdir, dünyada şəkərli diabetlə yaşayan milyonlarla insana və gələcəkdə bu xəstəliyə tutulmaq riski olanlara dəstək göstərir. Dərman istehsalında qabaqcıl şirkətlərdən olan “Novo Nordisk” eyni zamanda şəkərli diabetlə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına da töhfə verir. Altı min nəfərə yaxın işçisi olan şirkətimiz tədqiqat və araşdırmalarla məşğuldur. Bir yeni dərman molekulunun istehsalı üçün 10 ilə yaxın vaxt tələb olunur. Şəkərli diabet xəstələrinin müalicəsində yalnız bir dərmanla kifayətlənmək mümkün deyil”. Emil Larsen heç də hamının müayinə edilmədiyini və əhalinin böyük bir qisminin öz xəstəliyindən xəbərdar olmadığını vurğuladı.
“Xüsusi xəstəliklər üzrə xeyriyyə fondu”nun prezidenti Fatemeh Haşemi və İtaliya parlamentinin üzvü Roberto Pella öz ölkələrində şəkərli diabetə qarşı aparılan mübarizə tədbirləri barədə danışdılar.
Tədbir çərçivəsində İtaliyanın Barometer Diabet Müşahidə Fondu, Respublika Endokrinoloji Mərkəzi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi arasında əməkdaşlıq haqqında sənəd imzalandı.
Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova 15 yaşına qədər diabetli uşaqlar arasında keçirilən “Diabet nəzarətdə, uğur irəlidə” müsabiqəsinin yekunları haqqında məlumat verdi.
Sonda “Azerbaijan Changing Diabetes Awards 2018” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova