Valyuta.com

Ölkəmizdə qanın bədxassəli xəstəliklərinin sağalması artıq mümkündür

Ölkəmizdə qanın bədxassəli xəstəliklərinin sağalması artıq mümkündür

“Qanın bədxassəli xəstəlikləri müasir təbabətin ən aktual problemlərindən biridir. Bu aktuallıq onların mürəkkəbliyi, sosial əhəmiyyəti, geniş yayılması, ağır klinik gedişi və xəstəlikdən ölüm səviyyəsinin yüksək olması ilə əlaqədardır. Bütün bədxassəli patologiyalardan ölüm hallarının 6-10 faizini, uşaq və gənc yaşlarda isə hətta 50 faizə yaxını məhz qanın bədxassəli xəstəlikləri təşkil edir və bu, yüksək göstərici sayılır. Çox narahatedici amillərdən biri də odur ki, leykozlar, yoluxucu xəstəliklərlə yanaşı, 15 yaşa qədər uşaqlar arasında ölümün əsas səbəbləri sırasında ilk yerləri tutur”.
Bu haqda bizə müsahibəsində B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun (ETHTİ) direktoru Zöhrə Əlimirzəyeva məlumat verdi.
- Son illər ölkə başçısının təşəbbüsü və bilavasitə rəhbərliyi ilə səhiyyə sahəsində çox önəmli qanunvericilik aktları, dövlət proqramları və digər mühüm sənədlər qəbul edilib. Səhiyyənin ən aktual problemləri üzrə dövlət proqramlarının icrası əhalinin sağlamlığının mühafizəsi ilə əlaqədar mühüm vəzifələrin uğurla yerinə yetirilməsinə imkan yaradıb.
Qeyd edim ki, səhiyyə sistemində qəbul olunmuş dövlət proqramlarından dördü hematologiyaya aiddir. Bunlar talassemiya və hemofiliya ilə mübarizəyə, qanın donorluğu, qan komponentlərinin və qan xidmətinin inkişafına, ən nəhayət, onkohematoloji xəstəliklərlə mübarizəyə dair proqramlardır.

- Bu proqramlar sayəsində qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə nələrə nail olunub?

- Son illər hematoloji yardım göstərən tibb müəssissələrinin maddi-texniki bazası möhkəmləndirilib, müasir tibbi avadanlıqlarla təchiz edilib, kadr potensialı gücləndirilib. Nəticədə, qanın bədxassəli xəstəliklərinin diaqnostikası və müalicəsində xeyli irəliləyişlər əldə olunub. Bu xəstəliklərin müasir diaqnostikasının əsasını təşkil edən leykemik hüceyrələrin immunofenotipik, sitogenetik və molekulyar-genetik müayinə üsullarının tətbiqi belə xəstələrdə hədəf müalicənin aparılmasına imkan yaradır.
Hazırda Səhiyyə Nazirliyinin rəhbərliyi altında Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda onko-hematoloji xəstəliklərin diaqnostikası beynəlxalq standartlara uyğun aparılır. Leykoza gətirib çıxaran pozulmaların həm hüceyrə (sitokimyəvi), həm xromosom (sitogenetik), həm də gen səviyyəsində (polimeraz zəncirvari reaksiya) müəyyənləşdirilməsi və hüceyrələrin immunofenotipik müayinəsi tətbiq edilir.
Bundan əlavə, “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində ötən il immunohistoloji müayinələrin həyata keçirilməsi məqsədilə yeni laboratoriya yaradılıb. Ən müasir avadanlıq və reaktivlərlə təhciz olunmuş bu laboratoriyada aparılan immunohistokimyəvi müayinələrin köməyi ilə qanın bədxassəli xəstəliklərinin tam diferensial diaqnostikası, hədəf terapiyanın monitorinqi və xəstəliyin proqnozu müəyyən edilir. Artıq leykozların diaqnostikası məqsədi ilə xəstələrin digər ölkələrə getməsinə ehtiyac qalmır. Qeyd edim ki, laboratoriyada çalışan mütəxəssislərimiz Belarus, Rusiya, Almaniya və Türkiyənin qabaqcıl tibb müəssisələrində təkmilləşdirmə kursları keçiblər.
Bir sözlə, tədbirlər proqramında qarşıya qoyulmuş əsas vəzifələr – qanın bədxassəli xəstəlikləri üzrə registrin yaradılması, xəstəliyin diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin ixtisas səviyyəsinin artırılması, maarifləndirmə işlərinin gücləndirilməsi, metodik vəsait və elmi ədəbiyyatların hazırlanması və s. Səhiyyə Nazirliyinin bilavasitə rəhbərliyi ilə ETHTİ tərəfindən lazımi səviyyədə yerinə yetirilir.

- Dövlət proqramı xəstələrin dərman preparatları ilə təminatını da nəzərdə tuturmu?

- Hazırda institutumuzda 2573 nəfər hemoblastozlu xəstə, o cümlədən 313 uşaq qeydiyyatdadır. Dövlət proqramı çərçivəsində onlar 29 adda sitostatik, 7 adda ən yeni nəsil innovasion dərman preparatları, kolonostimuləedici, eritropoezi stimullaşdıran dərmanlarla təmin edilirlər. Bu preparatların köməyi ilə xəstələrə dünyada qəbul olunmuş müasir protokollara uyğun müalicə tətbiq etmək mümkün olub.
Onu da qeyd edim ki, onkohematologiya təbabətin ən çox maliyyə vəsaiti tələb edən sahələrindən biridir və hazırda ölkəmizdə bu vəsait dövlət hesabına ödənilir.

- Onkohematoloji xəstəliklər dedikdə, ilk ağıla gələn kimyaterapiya olur. Bu xəstəliklərin müalicəsində alternativ vasitələr varmı?
- Əslində, onkohematoloji xəstəliklərin bir çox növlərinin müalicəsi təkcə kimyəvi preparatlarla deyil, elmdə və şiş xəstəliklərinin müalicəsində yeni istiqamət olan target, yəni hədəfə molekulyar istiqamətlənmiş preparatlarla aparılır. Target terapiya şiş hüceyrəsinin böyüməsində və inkişafında iştirak edən spesifik molekullara birbaşa təsir göstərməklə şiş hüceyrələrinin yayılmasını və inkişafını dayandıran (blokada edən) preparatlarla müalicə deməkdir. Belə müalicə növü xərçəngin digər müalicə üsullarından (kimyəvi və şüa müalicəsi də daxil olmaqla) daha effektivdir. Ən başlıcası isə, hədəf terapiyası şiş hüceyrələrinin özündə olan konkret molekullara qarşı yönəldiyinə görə, orqanizmin sağlam hüceyrələrinə daha az təsir edir. Digər toxumalar kimi, şiş hüceyrələrinə də yaşamaq və çoxalmaq üçün oksigen vacibdir. Target preparatlar isə bədxassəli şiş toxumasında mikrodamarların inkişafını dayandırır, şiş hüceyrələrinə gələn oksigenin, beləliklə, birincili şişin və metastazların qarşısını alır.
Bu preparatların əksəriyyəti həb formasında buraxılır, bu da xəstələrə stasionarda yatmadan, öz işlərinə davam edərək müalicə almağa, xəstəliyi uzun müddət nəzarətdə saxlamağa şərait yaradır.
Mütəxəssislər hesab edirlər ki, molekulyar istiqamətlənmiş terapiya yaxın gələcəkdə onkohematoloji xəstəliklərin tam sağalmasına imkan verən yolun başlanğıcıdır.

- Əvvəllər qanın bədxassəli xəstəlikləri əlacsız sayılırdı...

- Amma son 10 ildə şiş xəstəliklərinin sosial əhəmiyyətinin artması və şiş əleyhinə mübarizədə real uğurların əldə edilməsi bu fikirləri alt-üst edir, insanlarda əsaslı ümid yaradır. Belə ki, hazırda inkişaf etmiş ölkələrdə qanın bədxassəli xəstəliklərinin patogenezinin və şiş hüceyrələrinin bioloji xüsusiyyətlərinin öyrənilməsi istiqamətində qazanılan nailiyyətlər, diaqnostika və müalicənin nəticələrinin qiymətləndirilməsində yeni metodların tətbiqi, yeni dərman preparatlarının və müalicə üsullarının istifadəsi bu ağır xəstəlikdən əziyyət çəkənlərlə bağlı proqnozun əhəmiyyətli şəkildə dəyişməsinə gətirib çıxarıb. Əgər əvvəllər qanın bədxassəli xəstəlikləri mütləq ölümlə nəticələnən patologiyalar kimi qiymətləndirilirdisə, qazanılan uğurlar indi onlara münasibəti tamamilə dəyişib. Artıq onlar sağalması mümkün olan xəstəliklərə aid edilir.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova