Valyuta.com

Bakıda Beynəlxalq vaxtından əvvəl doğulmuşlar günü qeyd olundu

Bakıda Beynəlxalq vaxtından əvvəl doğulmuşlar günü qeyd olundu

“Hər il dünyada təxminən 15 milyon uşaq vaxtından əvvəl dünyaya gəlir. Statistikaya görə, uşaq ölümü hallarının təxminən yarısı vaxtından əvvəl doğulanların payına düşür. Azərbaycanda uşaqların 10 faizi erkən doğulur. Belə körpələrin, ümumiyyətlə, ana və uşaqların sağlamlıqlarının qorunması Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir”.
Bu haqda K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Səadət Ələsgərova Beynəlxalq vaxtından əvvəl doğulmuşlar günü ilə bağlı bizimlə söhbətində məlumat verdi. Bu günün 2009-cu ildən qeyd edildiyini, 2011-ci ildən isə rəsmi status aldığını xatırladan Səadət xanım əsas məqsədin vaxtından əvvəl doğuşların təhlükəsi və fəsadları, profilaktikası və hamiləliyin tam vaxtında başa çatdırılmasının əhəmiyyəti haqqında ictimaiyyəti məlumatlandırmaqdan ibarət olduğunu dedi. Artıq 3 ildir ki, ölkəmizdə də Beynəlxalq vaxtından əvvəl doğulmuşlar gününün qeyd edildiyini vurğuladı.
Baş həkim son zamanlar bütün dünyada vaxtından əvvəl doğulan körpələrin sayında artım müşahidə olunduğunu bildirdi. 2018-ci ilin 9 ayı ərzində Elmi Tədqiqat Pediatriya İnstitutuna ölkəmizin müxtəlif bölgələrindən 487 erkən doğulmuş uşağın gətirildiyini diqqətə çatdırdı: “Vaxtından əvvəl doğulanlar dedikdə, hamiləliyin 22-37-ci həftəsində olan körpələr nəzərdə tutulur. 2015-ci ildən ölkəmizdə diridoğulmanın yeni meyarlarının tətbiqinə başlanıb. Əvvəlki meyarlara görə, hamiləliyin 28-ci həftəsindən tez doğulan körpələr uşaq kimi qeydiyyata alınmırdı, onlar “gecikmiş düşük” sayılırdı. Hamiləliyin 28-ci həftəsində doğulan, bədən kütləsi 1 kq-dan çox olan və həyat əlamətləri görünən körpələr diridoğulmuş uşaq hesab edilirdi.
2014-cü il oktyabrın 26-da Azərbaycan Respublikası Nazirlər Kabineti ölkəmizdə “Diridoğulmanın beynəlxalq meyarları” haqqında Qərar qəbul etdi və 2015-ci il yanvarın 1-dən Azərbaycanın bütün tibb müəssisələrində onun tətbiqinə başlandı. Beynəlxalq tələblərə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olan bu yeni meyarlara görə, diridoğulma hamiləliyin 28-ci deyil, 22-ci həftəsindən hesablanır, həmin vaxta qədər dölün tələf olması abort kimi qəbul edilir. Bununla yanaşı, beynəlxalq qaydalara uyğun olaraq, yeni doğulan körpənin çəkisi 500 qram və daha artıqdırsa, nəfəs alma, ürək döyüntüsü, göbək bağının döyünməsi və əzələlərin hərəkəti kimi həyat əlamətlərindən hər hansı biri müşahidə edilirsə, o, diridoğulmuş uşaq sayılır və tibb işçiləri tərəfindən ona lazımi yardım göstərilir. Həmin əlamətlər olmadıqda isə körpə ölü doğulmuş sayılır. Uşağın çəkisi nə qədər az olarsa, onun yaşama şansı da az olur.
Hamiləliyin 32-ci həftəsinə qədər olan doğuşlar neonatal xəstəliklərin və neonatal ölümlərin əsas səbəblərindən sayılır. Vaxtından əvvəl doğuşlar əsasən çoxdöllü hamiləliklər, bətndaxili infeksiyalar, hamilələrin ekstragenital patologiyaları (diabet, yüksək arterial təzyiq, ürək və böyrək xəstəlikləri), irsi faktorlar və s. səbəblərdən baş verir. Antenatal qulluğun səviyyəsindən də çox şey asılıdır. Ona görə də qadın məsləhətxanalarında bununla bağlı lazımi işlər görülməlidir. Ölkəmizdə hamilə qadınların qeydiyyatının aparılması onların ciddi nəzarətdə saxlanılmasına imkan verir. Səhiyyə Nazirliyi antenatal qulluq üzrə milli klinik protokola ciddi riayət olunmasını tələb edir”.
Baş həkim hazırda ölkəmizdə yenidoğulmuşların diaqnostikası və müalicəsi sahəsində 10 il əvvəlki vəziyyətlə müqayisədə çox böyük irəliləyişlərin olduğunu dedi: “Diridoğulmanın yeni meyarlarının tətbiqi çox məsuliyyətli məsələ idi. Ona görə də Səhiyyə Nazirliyi yeni meyarlara keçməzdən əvvəl uzun illər hazırlıq gördü: Bakı şəhərində və regionlarda perinatal mərkəzlər tikildi, istifadəyə verildi, vaxtından əvvəl doğulan uşaqlara qulluq göstərilməsi üçün maddi-texniki baza yaradıldı, tibb müəssisələri lazımi dərman preparatları ilə, ən müasir tibbi avadanlıqlarla təmin olundu. Bu sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində işlər də davam etdirilir. Məhz tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi sayəsində, vaxtından əvvəl doğulan körpələrin 50 faizi sağ qalır. Bu cür uşaqlar inkişaf edərək, təxminən 2 yaşına kimi öz yaşıdları ilə bir səviyyəyə çatırlar.
Qeyd edim ki, son 10 ildə uşaqların sağlamlığının qorunması ilə bağlı çoxsaylı dövlət proqramları da qəbul edilib, həyata keçirilib. Hazırda “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı” icra olunur”.
Səadət Ələsgərova Beynəlxalq vaxtından əvvəl doğulmuşlar günü ilə bağlı Elmi Tədqiqat Pediatriya İnstitutunda tədbirin keçirildiyini də dedi. Toplantıda Səhiyyə Nazirliyindən, müxtəlif tibb müəssisələrindən, kütləvi informasiya vasitələrindən nümayəndələrin, son iki ildə bir çox doğum evlərində dünyaya gələn, sonradan ET Pediatriya İnstitutunda müalicə olunan körpələrin və onların valideynlərinin iştirak etdiyini bildirdi. O məlumat verdi ki, körpələrə göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi və onların sağlamlıqlarının mühafizəsi sahəsində atılan addımlardan danışılan tədbirdə Səhiyyə Nazirliyinin neonatologiya üzrə baş mütəxəssisi Rüstəm Hüseynov yenidoğulmuşlarla bağlı yaşanan problemlərdən bəhs edib, dünyada və ölkəmizdə belə bir günün qeyd edilməsinin əhəmiyyətindən söz açıb.
Sonra tədbirin səbəbkarları olan balaca qonaqlara hədiyyələr təqdim edilib. Sonda vaxtından əvvəl doğulmuşlar gününün rəmzi rəngi olan bənövşəyi şarlar havaya buraxılıb.
Baş həkim bu günün simvolunun bənövşəyi rəng seçilməsinin heç də təsadüfi olmadığını vurğuladı. Bildirdi ki, buna səbəb vaxtından əvvəl doğulmuş uşaqların dərisinin bənövşəyi rəngdə olmasıdır. Tibbi müdaxilə və həkimləri səyləri onları bu rəngdən xilas edir və həyata qaytarır.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova