Valyuta.com

Azərbaycanda gözün buynuz qişasının transplantasiyasına start verildi

Azərbaycanda gözün buynuz qişasının transplantasiyasına start verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ildə imzaladığı Fərmana əsasən, gözün buynuz qişasının Azərbaycana idxalına və ölkəmizdə buynuz qişa transplantasiyası əməliyyatının aparılmasına icazə verən Qanun qəbul edilib. Bu il oktyabr ayının 4-dən etibarən isə Səhiyyə Nazirliyinin dəstəyi ilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində (MOM) artıq belə əməliyyatların həyata keçirilməsinə başlandı.
Bu barədə Mərkəzdən bizə verilən məlumata görə, hazırda Azərbaycanda 3000 nəfərdən artıq xəstənin buynuz qişa köçürülməsinə ehtiyacı var, onların 20%-ni uşaqlar, 80%-ni isə böyüklər təşkil edir. Təbii ki, ilkin mərhələdə bu qədər insanın arasından təcili ehtiyacı olan xəstələrin əməliyyat edilməsi nəzərdə tutulur.
Azərbaycanda gözün buynuz qişasının transplantasiyasını həyata keçirtməyə icazəsi olan həkimlər – Cəmil Həsənov, Fərəh Abduləliyeva, Fidan Ağayeva, Emil Hüseynov və Xəlil Hüseynov müxtəlif ölkələrdə bu sahə üzrə müvafiq təkmilləşmə kurslarında iştirak ediblər və bu gün kifayət qədər yüksək səviyyəli mütəxəssis sayılırlar. MOM-dan bildirilir ki, artıq Milli Oftalmologiya Mərkəzində təcrübəli cərrahlar Cəmil Həsənov, Fərəh Abduləliyeva, Fidan Ağayeva və Emil Hüseynov tərəfindən 12 pasiyent üzərində bu əməliyyat uğurla icra olunub.
Məlumatda qeyd edilir ki, transplantasiya üçün ölkəmizə gətirilən toxumalar Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə bağlanmış müqavilə əsasında, Amerika Göz Bankı Assosiasiyası (AGBA) tərəfindən akkreditasiya olunmuş Göz Bankı vasitəsi ilə tədarük edilir və bunu təsdiqləyən sənədin olması mütləqdir. Ölkəmizə gətirilən hər toxumanın üzərində donora və toxumaya aid lazımi məlumatların, eyni zamanda, həyata keçirilməsi zəruri hesab edilən laborator analizlərin nəticələrinin və s. yer aldığı sənədlər var. Həmçinin buynuz qişanın konservasiyası, xarici ölkədən transportasiyası, saxlanması kimi mühüm detallar AGBA standartlarına tam uyğundur.
Mütəxəssislər bildirirlər ki, buynuz qişa toxumasının köçürülməsi tələb olunan xəstəliklər müxtəlifdir: keratoektaziyalar, distrofiyalar, xoradan sonra perforasiyalar, anadangəlmə və ikincili bulanmalar. Transplantasiya əməliyyatı zamanı xəstənin buynuz qişası donorun sağlam buynuz qişası ilə əvəz edilir. Bu cərrahi əməliyyat digər konservativ və cərrahi müalicə növləri perspektivsiz olan hallarda təyin edilir. Pasiyent əməliyyatdan öncə hərtərəfli oftalmoloji, laborator, kardioloji və digər müayinələrdən keçir və hər hansı əks göstəriş olmadıqda buynuz qişa köçürülməsi üçün gözləmə siyahısına salınır. Əməliyyat zamanı cərrah-transplantoloq buynuz qişanın vəziyyətindən asılı olaraq cərrahi əməliyyat növünü (dəlib-keçən, ön və ya arxa təbəqəli) seçir və buna uyğun əməliyyat edir. Buynuz qişa damarsız toxuma olduğuna görə, onun transplantasiyasından sonra sistem-immunosupressiv müalicənin aparılması zərurəti yoxdur.
Milli Oftalmologiya Mərkəzindən həmçinin bildiriblər ki, ölkəmizdə gözün buynuz qişası transplantasiyasının aparılmaması səbəbindən indiyədək xəstələr İrana, Rusiyaya, Türkiyəyə getmək məcburiyyətində qalırdılar. İndi isə səhiyyə naziri Oqtay Şirəliyevin bu cərrahi əməliyyatın yenidən Azərbaycanda icra olunması üçün göstərdiyi dəstək nəticəsində artıq vətəndaşlarımız gözlərini əməliyyat etdirmək üçün başqa ölkələrə üz tutmayacaqlar. Ölkəmizdə gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının uzun fasilədən sonra yenidən həyata keçirilməsi Azərbaycanda tibb elminin inkişafı yolunda mühüm bir hadisədir.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Oktyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova