Valyuta.com

İcbari tibbi sığorta əhalinin sağlamlığının qorunmasına yönəldilmiş sosial layihədir

İcbari tibbi sığorta əhalinin sağlamlığının qorunmasına yönəldilmiş sosial layihədir

Bu günlərdə Bakıda “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçirildi.
Tədbirdə İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda çıxış etdi. İcbari tibbi sığortanın Azərbaycan dövləti tərəfindən əhalinin sağlamlığının qorunmasına yönəldilmiş sosial layihə olduğunu diqqətə çatdıran A.Nəsirov pilot layihənin həyata keçirildiyi müddətdə stasionara gəlişlərin sayının 28, cərrahiyyə əməliyyatlarının sayının 50 faiz artdığını, 2017-ci ildə 375 xəstənin ürək-damar problemləri ilə əlaqədar əməliyyat olunduğunu dedi. 2016-cı il ilə müqayisədə 2017-ci ildə evə yazılan xəstələrin çarpayıda keçirdiyi gecələrin sayının 11,3-dən 5,3-ə endiyini, əhalinin sağlamlığı ilə əlaqədar mövcud maliyyə yükünün baza zərfi çərçivəsində 100% azaldığını bildirdi.
Departament rəhbəri qeyd etdi ki, tibbi sığorta haqqının muzdlu işçilər üçün əmək haqqından faiz tutulmaqla ödənməsi, digər vətəndaşlar üçün illik 120 manat olması təklif edilib: “Avropa ölkələrində icbari tibbi sığorta xidmətinin göstərilməsi üçün işəgötürən və işçilərdən 5 faizdən 15 faizədək icbari tibbi sığorta haqqı tutulur. Azərbaycanda isə ilkin mərhələdə bu vəsaitin 3 faizə yaxın (işçi və işəgötürən birlikdə) olması, bunun 2 faizinin işçinin, 1 faizinin isə işəgötürənin payına düşməsi təklif edilir. Bu vəsait səhiyyə xidmətlərinin səviyyəsinin artmasına, tibb işçilərinin iş şəraitinin yaxşılaşdırılmasına, əmək haqlarının yüksəlməsinə imkan verər. Hazırda icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilir. 18 yaşınadək uşaqların, əyani təhsil alan tələbələrin, pensiyaçıların, sosial müavinət və ünvanlı sosial yardım alanların, hamilələrin sığorta haqqı dövlət tərəfindən ödəniləcək”.
İTSA-nın Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov “İcbarı tibbi sığorta sistemi, təminat və istisna zərfləri” mövzusunda məruzə etdi. O, pilot layihənin tətbiq olunduğu Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında rəsmi qeydiyyatda olan şəxslərin və həmin inzibati ərazilərdə məskunlaşmış məcburi köçkünlərin baza zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə etdiyini, baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin isə müəyyən edilmiş tariflərə uyğun ödənişli əsaslarla həyata keçirildiyini vurğuladı. İcbari tibbi sığortanın baza zərfinə 1829 tibbi xidmətin daxil olduğunu deyən V.Qurbanov onun tətbiqi zamanı ilkin səhiyyə xidməti sahəsində 18, təcili və təxirəsalınmaz tibbi yardım sahəsində 6, ambulator sahədə 480, stasionar sahədə 677, laborator sahədə 459, fizioterapiya sahəsində 23, həyati vacib sahədə 166 adda xidmət göstərilməsinin nəzərdə tutulduğunu bildirdi.
Agentliyin Səhiyyə işinin təşkili departamentinin Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova “İcbari tibbi sığorta çərçivəsində ailə həkimi institutunun inkişafının yeni mərhələsi” mövzusunda danışdı. Qeyd etdi ki, ilkin səhiyyə xidmətinin təşkilinin əsas prinsipləri tibbi xidmətlərin əhali üçün əlçatanlığının təmin edilməsi, keyfiyyətli tibbi xidmətlərə bərabər çıxış imkanlarının yaradılması, tibbi xidmətlərə çəkilən xərclərin səmərəliliyinin artırılmasıdır. Ş.İsmayılova icbari tibbi sığorta sistemində ailə həkiminin rolunu xüsusi vurğuladı və onun fəaliyyət istiqamətlərindən danışdı.
Tibb müəssisələri və regionlarla iş şöbəsinin müdiri Sadıq Mədətov “Pilot ərazilərdəki tibb müəssisələrində çalışan tibb işçilərinin icbari tibbi sığorta sisteminə münasibəti” mövzusunda çıxış etdi. O, icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafında rolundan, tibb işçilərinin nüfuzunun, sosial rifahının və peşəkarlığının artırılması üçün atılan addımlardan danışdı.
S.Mədətov layihə çərçivəsində həkimlərin, orta və kiçik tibb işçilərinin əmək haqlarının artırıldığını da dedi: “Pilot ərazilərdə əmək haqqı fondu ümumilikdə 1,6 dəfə artıb. Təkcə 2017-ci ildə həkimlərin maaşı 3 dəfə, orta tibb işçilərinin əmək haqları isə 60 faiz artıb”. O, keçirilən sorğu nəticəsində həkimlərin və orta tibb işçilərinin işdən məmnunluğunun və onların icbari tibbi sığortanın tətbiqinə münasibətinin müsbət olmasının müəyyənləşdirildiyini söylədi.
Yevlax Rayon Mərkəzi Xəstəxanasının həkim-oftalmoloqu Güləndam İsgəndərova və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkim-nefroloqu Allahverdi Alıyev “İcbari tibbi sığortanın əhalinin sağlamlığına təsiri” mövzusunda məruzələrdə çıxış etdilər.
Agentliyin Hüquq departamentinin rəhbəri Aysel İbayeva “Azərbaycanda icbari tibbi sığorta sisteminin yaradılmasına dəstək göstərilməsində Avropa Birliyinin Tvininq layihəsi və normativ tənzimlənmə sahəsində görülmüş işlər” barədə məlumat verdi. O, “İcbari tibbi sığorta haqqında” yeni qanun layihəsinin hazırlandığını, orada sığorta haqlarının yığımı, baza zərfinin əhatə dairəsi, tariflərin müəyyənləşdirilməsi, sığorta ödənişlərinin həyata keçirilməsi qaydaları, tibb müəssisələrinin statusu və rolu, tərəflərin hüquq və öhdəlikləri kimi mühüm məsələlərin öz əksini tapacağını bildirdi.
Avropa İttifaqının “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” Tvininq layihəsinin rezident müşaviri Qediminas Çerniauskas “Avropa ölkələrində icbari tibbi sığorta sistemi” mövzusunda məruzəsində bu sahədə bir sıra Avropa dövlətləri ilə ölkəmiz arasında müqayisəli təhlillər apardı. O, səhiyyənin maliyyələşdirilməsi islahatı uğurlu olarsa, Azərbaycanın 3-4 il ərzində səhiyyə xidmətlərinin həcmini iki dəfəyə qədər artırma potensialı olduğunu dedi: “Azərbaycan hər xidmət üçün ümumi səhiyyə xərclərini 50 faiz azaltmaq imkanına malikdir. Belə ki, hökumət və pasiyentlər üçün bir dəfə həkimə müraciət və bir dəfə xəstəxanada müalicə 2018-ci ilin xərcləri ilə müqayisədə 2022-ci ildə iki dəfə az ola bilər”.
Mütəxəssis ictimaiyyəti məlumatlandırmaq baxımından mətbuat işçilərinin qarşısında duran vəzifələrdən də danışdı.
İTSA-nın Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda məqalə, “İcbari tibbi sığorta həyatımda nəyi dəyişəcək?” və ya “İcbari tibbi sığorta nədir?” mövzularında sosial videoçarx müsabiqələrinin şərtləri barədə təlim iştirakçılarına ətraflı məlumat verdi.
Tədbirdə ailə həkimi və icbari tibbi sığortanın üstünlüklərini nümayiş etdirən videoçarxlar göstərildi və iştirakçıları maraqlandıran suallar agentliyin nümayəndələri tərəfindən cavablandırıldı.
Səhiyyə mütəxəssislərinin, həkimlərin, pilot layihənin həyata keçirildiyi rayonlardan və kütləvi-informasiya vasitələrindən 40 nəfərə qədər nümayəndənin iştirak etdiyi təlimin sonunda KİV nümayəndələrinə sertifikatlar təqdim olundu.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova