Valyuta.com

Azərbaycan səhiyyəsinə həsr olunan ömür

Azərbaycan səhiyyəsinə həsr olunan ömür

Azərbaycanın səhiyyə ictimaiyyətinə ağır itki üz verib. Ölkəmizin tanınmış səhiyyə xadimi, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Abbas Soltan oğlu Vəlibəyov 2018-ci il aprelin 8-də, ömrünün 71-ci ilində qəflətən vəfat edib.
Öz səmərəli fəaliyyəti ilə ölkəmizdə səhiyyənin inkişafına sanballı töhfələr vermiş Abbas Vəlibəyov 1947-ci ildə Bərdə şəhərində doğulmuşdu. 1965-ci ildə Bakıdakı 175 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya-gigiyena fakültəsinə daxil olmuşdu. 1971-ci ildə ali təhsilini başa vuran gənc mütəxəssis Azərbaycan Mülki Aviasiya idarəsində həkim-epidemioloq kimi çalışmağa başlamışdı. 1974-cü ildən etibarən isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə öz ixtisası üzrə irəli çəkilmiş, burada əvvəl həkim-inspektor, sonralar Sanitariya-Epidemiologiya Baş İdarəsində rəis müavini və rəis vəzifələrində işləmişdi.
1988-ci ildə Abbas Vəlibəyov Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru vəzifəsinə təyin edilib. 1990-cı ildən etibarən üç il ərzində həm Azərbaycan Respublikası səhiyyə nazirinin müavini, həm də Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru vəzifələrini icra edib. 1993-cü ildən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru təyin olunub. 1999-cu ildən ömrünün sonuna kimi isə səhiyyə nazirinin müavini, Azərbaycan Respublikası Baş Dövlət Sanitar həkimi vəzifəsində çalışıb.
Abbas müəllim öz sahəsini çox yaxşı bilən, səhiyyə təşkilatçılığı üzrə yüksək peşəkarlığa malik mütəxəssis idi. O, 1976-1977-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Moskva şəhərində keçirilən Səhiyyə təşkilatçılarının beynəlxalq kursunu bitirmiş, sosial təbabət və səhiyyənin təşkili ixtisası üzrə mütəxəssis diplomu almış ilk və yeganə azərbaycanlı, sosial gigiyena və səhiyyənin təşkili üzrə ali dərəcəli həkim idi.
Abbas Vəlibəyovun sosial gigiyena üzrə yüksək bilikləri və təşkilatçılıq qabiliyyəti Azərbaycanın hüdudlarından kənarda da tanınır və qəbul olunurdu. O, Ümumdünya Səhiyyə Təşkilatının İlkin tibbi-sanitar yardım üzrə Alma-Ata Bəyannaməsini imzalayanlardan biri idi. O həmçinin Ümumittifaq Epidemioloqlar, Mikrobioloqlar və Parazitoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin, eləcə də Ümumittifaq Gigiyenist və Sanitar Həkimləri Elmi Cəmiyyətinin İdarə heyətlərinin üzvü seçilmişdi. 1980-ci ildə Abbas müəllim SSRİ Səhiyyə Nazirliyinin əmri ilə “Səhiyyə əlaçısı” döş nişanı ilə mükafatlandırılmışdı. Onun professional keyfiyyətlərini, yüksək peşəkarlığını belə bir fakt təsdiq edir ki, hələ sovet dönəmində Abbas Vəlibəyov SSRİ-də tətbiq olunan sanitar-epidemioloji xidmət modelini yaradanlardan biri olub. Bu gün də bir sıra postsovet ölkələrində, o cümlədən Azərbaycanda bu xidmət müəyyən dəyişikliklərlə, həmin model əsasında fəaliyyət göstərir.
Abbas Vəlibəyov 1981-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü olaraq, respublika səhiyyəsinin idarəetməsində yaxından iştirak etmişdi. Bu gün Azərbaycanın səhiyyə sistemində əldə edilmiş uğurlarda, xüsusən ictimai səhiyyə, sanitar-epidemioloji salamatlıq sahələrində qazanılmış nailiyyətlərdə, ölkəmizdə epidemioloji sabitliyin yaradılmasında onun çox böyük xidmətləri olmuşdu.
Yeni Azərbaycan Partiyasının üzvü olan Abbas Vəlibəyovun Vətən qarşısında xidmətləri, ölkəmizdə vətəndaşların sağlamlığının qorunması sahəsində dəyərli fəaliyyəti Azərbaycan dövləti tərəfindən daim yüksək qiymətləndirilib. O, 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar həkim” fəxri adına layiq görülüb, 2013-cü ildə “Tərəqqi” medalı ilə, 2017-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Abbas müəllimin şəxsiyyəti haqqında danışarkən onun idarəetmə xüsusiyyətlərini, insani keyfiyyətlərini vurğulamadan keçmək mümkün deyil. Onunla bir yerdə çalışanlar Abbas müəllimin ciddi, tələbkar, özü peşəkar olduğu kimi, işçilərindən də professionallıq tələb edən, amma eyni zamanda həm də ədalətli, qayğıkeş rəhbər olduğunu söyləyirlər.
Abbas müəllim zahirən çox ciddi, hətta zəhmli insan idi. Lakin az adam bilirdi ki, bu görünüş altında kövrək qəlbli, həssas ürək sahibi gizlənir. Belə bir misal var ki, istedadlı insan hər bir sahədə istedadlı olur. Abbas müəllim həkim, səhiyyə təşkilatçısı kimi istedadlı şəxs idi, amma onun yaradıcı insan kimi də çoxlarına bəlli olmayan bir sıra istedadı var idi. Onunla təxminən eyni illərdə Tibb İnstitutunda təhsil almış həmkarları yaxşı xatırlayırlar ki, həmin vaxtlar bu ali məktəbin Rafiq Babayevin rəhbərliyi altında “Eskulap” vokal-instrumental ansanblı yaradılmışdı. Abbas Vəlibəyov tək bu institutda deyil, ümumiyyətlə, Azərbaycanda incəsənət aləmində tanınan, yaxşı mənada geniş səs-küyə səbəb olmuş həmin qrupun fəal üzvü – bas gitaristi idi.
Musiqiyə bu marağı Abbas müəllimi bütün həyatı boyu müşayiət edib. Çox sonralar da o, musiqi sahəsində fəaliyyətini davam etdirib, mahnılar bəstələyib. Onun bəstələdiyi mahnılar Azərbaycanın tanınmış ifaçılarının repertuarını bəzəyib.
Abbas müəllim şeir də yazırdı. Bir sıra mahnılarının sözlərinin müəllifi də özü idi. Onun vaxtilə Mübariz Tağıyevin ifasında dillər əzbəri olmuş “Xatirə” mahnısının bu sətirləri bu gün Abbas müəllimsiz qalan dünyada, onun özü haqqında necə də həzin səslənir:
“Nə qədər sərt olsa dalğalar,
Qayalara çırpınıb geri dönər.
Yolları kəsibdir intizar,
Sənsiz qalan sevgim bir ümid dilər.
Sən hardasan, mən harda, xəyal qanadlı quşdur,
Ruhuma dönməyin də mənim üçün uçuşdur.
Bir daha görüşmərik, sevdanı apar, apar,
Gedərsən, xəyalımda xatirən qalar”...
шаблоны для dle 11.2





İyul 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova