Valyuta.com

Ümumdünya Xərçənglə Mübarizə Günü

Ümumdünya Xərçənglə Mübarizə Günü

“Hər il yer üzündə 14 milyona yaxın insanda xərçəng xəstəliyi yaranır. Proqnozlara görə, yaxın 20 ildə xərçəngə tutulmuş xəstələrin sayı 70 faiz artacaq. Dünyada ölüm hallarının səbəbləri sırasında xərçəng xəstəliyi ikinci yerdədir. Belə ki, ölümlərin altıda bir hissəsi xərçəng xəstəlikləri ilə bağlıdır. 2015-ci ildə bu xəstəlikdən ölənlərin sayı 8,8 milyon nəfər olub. Əhalinin gəlirləri aşağı və orta səviyyədə olan ölkələrdə xərçəngdən ölüm göstəricisi daha yüksəkdir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ümumdünya Xərçənglə Mübarizə Günü münasibətilə yaydığı məlumatda deyilir. 2005-ci il fevralın 4-də Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən təsis edilmiş bu günün məqsədi dünyanın diqqətini müasir sivilizasiyanın ən qorxunc xəstəliklərindən biri sayılan xərçəngə, onun aşkarlanması, müalicəsi və aradan qaldırılması yollarına çəkməkdir. Həmin gün ÜST və Xərçəngin Öyrənilməsi üzrə Beynəlxalq Agentlik xəstəliyi yüngülləşdirmək tədbirləri barədə informasiyanın yayılmasında Beynəlxalq İttifaqa dəstək olur.
2016-2018-ci illərdə Ümumdünya Xərçənglə Mübarizə Günü “Biz bacararıq. Mən bacararam” şüarı altında keçirilir.

Alkoqol xərçəng yaradır

ÜST-nin məlumatında bildirilir ki, onkoloji xəstəlik hallarının üçdə bir hissəsi qeyri-sağlam həyat tərzi, düzgün olmayan qida rasionu, çəki artıqlığı, fiziki fəallığın olmaması, siqaret çəkmə və alkoqollu içkilərə aludəlik nəticəsində yaranır.
Rusiyada və bəzi başqa postsovet ölkələrində qaraciyər xərçəngi, habelə baş və boyun nahiyəsində şişlər daha geniş yayılıb. ÜST-nin dərc etdiyi tədqiqatın nəticələrinə görə, alkoqol düşkünlüyü xəstəliyin ən azı 7 növünə - bağırsaq, süd vəzisi, qida borusu, udlaq, qaraciyər, ağız boşluğu və boğaz xərçənginə səbəb ola bilər. Təşkilatın ekspertləri alkoqol istehlakının ən yüksək səviyyəsinin Avropa regionunda müşahidə olunduğunu da bildirirlər: “Alkoqollu içkilərin əsas kanserogen komponenti onların bütün növlərinin tərkibinə daxil olan, toxumaların zədələnməsinin əsas səbəbi olan etanol spirtidir. Etanol həm də qadın hormonlarına təsir göstərir, süd vəzisi xərçənginin inkişafı riskini artırır. Belə ki, qadın gündə dörd bokal şərab içərsə, onun süd vəzisinin xərçəngi xəstəliyinə tutulma riski 50 faiz, 8 bokal içərsə, 130 faiz yüksəlir. Spirtli içkilərin təhlükəsiz istifadəsinin dəqiq müəyyən olunmuş aşağı həddi yoxdur. Bu isə o deməkdir ki, hətta kiçik dozada alkoqol qəbul edilməsi də xərçəngin inkişafına təhlükə yaradır. İçki içməklə yanaşı, siqaret çəkmək də toxumaların zədələnmə səviyyəsini hədsiz çoxaldır.
Ümumiyyətlə isə, xərçəngə yoluxma hallarının 40 faizə qədərinin qarşısını almaq mümkündür. Sağlam həyat tərzi, xəstəliyin əksər növlərində erkən diaqnostika, düzgün müalicə tədbirləri ona qalib gəlməyə kömək edə bilər”.

Xərçəng çarəsiz xəstəlik deyil


Xərçəng Əleyhinə Beynəlxalq İttifaqın üzvü olan Milli Onkologiya Mərkəzi (MOM) əvvəlki illərdə olduğu kimi, bu il də Ümumdünya Xərçənglə Mübarizə Günü ilə bağlı çoxsaylı maarifləndirmə tədbirləri təşkil edib. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə Gəncə şəhərində Gəncə Mall ticarət mərkəzi və Gəncə ASAN xidmət mərkəzində, Bakı şəhərində Gənclik Mall ticarət mərkəzi, 1 və 3 nömrəli ASAN xidmət mərkəzlərində keçirilən builki maarifləndirmə aksiyalarında Onkologiya Mərkəzinin həkimləri də iştirak ediblər.
Gəncə şəhərində təşkil olunmuş aksiyada MOM-nin baş həkimi, Səhiyyə Nazirliyinin onkologiya üzrə baş mütəxəssisi Azad Kərimli çıxış edərək, Azərbaycanda xərçəngə tutulma hallarının digər ölkələrin statistik göstəriciləri ilə eyni olduğunu bildirib. Baş həkim hazırda ölkəmizdə xərçənglə mübarizə üçün hər cür şəraitin yaradıldığını, xərçəng xəstəliyinin müayinəsi və müalicəsini həyata keçirəcək savadlı kadrların olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanda tətbiq edilən müayinə və müalicə metodları dünyanın bir sıra qabaqcıl ölkələrində aparılan üsullarla eynidir. A.Kərimli bunlarla yanaşı, xərçəngin müalicəsində uğur qazanılması üçün xəstəliyin növünün, pasiyentin hansı mərhələdə müraciət etməsinin, onun ailə vəziyyətinin böyük rol oynadığını deyib: “Xərçəng çarəsiz xəstəlik deyil. Əgər I və II mərhələdə aşkarlanarsa, xəstəliyin tam sağalmasına nail olmaq mümkündür. Bunun üçün insanlar sağlamlıqlarının qeydinə qalmalı, xərçəng xəstəliyi, onun yaranması yolları və ilkin əlamətləri haqqında zəruri biliklərə malik olmalı, vaxtında lazımi müayinələrdən keçməlidirlər. Hazırda ölkəmizdə tibbin inkişafı, səhiyyəmizin səviyyəsi xərçəngin ilkin mərhələlərdə sağaldılmasına, xəstəliyin qarşısının alınmasına imkan verir”.
Sonra Azad Kərimli aksiyada iştirak edən qadınlara ev şəraitində özlərini müayinə edə bilmələri ilə bağlı, eyni zamanda, diqqət yetirilməsi vacib olan digər hallar barədə faydalı məsləhətlər verib.

Onkoloji Klinikada Ümumdünya Xərçənglə Mübarizə Günü

Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında da Ümumdünya Xərçənglə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib. Toplantıda klinikanın direktoru, akademik Əhliman Əmiraslanov bu günün əhəmiyyətindən danışıb, rəhbərlik etdiyi klinikanın yaranması, fəaliyyəti və burada aparılan əməliyyatlar haqqında məlumat verib. Müəssisədə onkoloji xəstələrin müayinə və müalicəsinin aparıldığını, yüksək ixtisaslı həkimlər tərəfindən hər növ şiş əməliyyatlarının icra olunduğunu vurğulayıb.
Tibb müəssisəsinin baş həkimi, dosent Nəsimi Qasımov son həftə ərzində Onkoloji Klinikada icra olunan əməliyyatlar haqqında geniş məlumat verib.
Tədbir cari məsələlərin müzakirəsi ilə davam etdirilib.шаблоны для dle 11.2





Oktyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova