Valyuta.com

“Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək”

“Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək”

Avropa İttifaqının bu adda tvinninq layihəsinin açılış mərasimi keçirilib

“İcbari tibbi sığorta sisteminin bütün dünyada qəbul edilmiş fəaliyyət prinsipi ondan ibarətdir ki, iqtisadi cəhətdən fəal əhali sığorta haqqını özü ödəyir, iqtisadi cəhətdən qeyri-fəal əhalinin sığorta haqqını isə dövlət ödəyir. Toplanan sığorta haqları icbari tibbi sığortanın tətbiqini həyata keçirən qurumun hesabına yığılır. Xəstəliyi olanlar orada cəmlənən həmin vəsaitdən istifadə etməklə müalicə ala bilirlər və bu qayda ilə adamlar bir-birlərinə qarşılıqlı yardım etmiş olurlar. Yəni əhalinin işləyən, gəliri olan qrupu bəzi həssas qruplara dəstək olur.

Təklifimiz budur ki, aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr və bu kimi əhali qrupları icbari tibbi sığorta ödənişlərindən azad edilsin. Bu da o deməkdir ki, heç kəs tibbi müayinələrdən keçməkdən çəkinməyəcək və bir-birinə yardım etmək ənənəsi daha da güclənəcək, pulsuzluq, maddi çətinlik onların öz sağlamlıqlarının qayğısına qalmasına mane olmayacaq. Bütün bunların nəticəsində sağlam nəsil formalaşacaq”.
AZƏRTAC-ın verdiyi xəbərə görə, bu fikirləri Avropa Qonşuluq Siyasəti çərçivəsində icbari tibbi sığorta sahəsi üzrə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və Avropa İttifaqının bu sahədə mövcud təcrübəsinə uyğunlaşdırılması məqsədilə həyata keçirilən "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsinin açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev səsləndirib. Onun dediyinə görə, hazırda həmin layihənin reallaşdırıldığı Mingəçevir şəhərində və Yevlax rayonunda rəsmi qeydiyyatda olanlara baza zərfinə daxil olan 1829 tibbi xidmət pulsuz göstərilir. Baza zərfi bütün mövcud tibbi xidmətlərin 70 faizini əhatə edir. Yaşayış yeri üzrə pilot ərazilərdə qeydiyyata alınmış sığortaolunanların ödənişsiz tibbi xidmətlə təmin edilməsi 100 faizə çatdırılıb. Ambulator xidmətlərin 19 faiz artması da uğur kimi qiymətləndirilir.
Direktorun verdiyi məlumata görə, layihə Azərbaycanda səhiyyə sisteminin maliyyələşdirilməsi prosesinin təkmilləşməsinə xidmət edəcək: “Layihənin məqsədi icbari tibbi sığorta haqlarının yığılması, səhiyyə xidmətlərinin satın alınması ilə səhiyyə xərclərinin planlaşdırılması, icrası və monitorinqinin aparılmasında institusional potensialın gücləndirilməsidir”.
Açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev çıxışında bildirib ki, Fransada və Litvada qabaqcıl tibbi sığorta agentlikləri fəaliyyət göstərir. Qeyd edib ki, Fransa icbari tibbi sığortaya XX əsrin ortalarında, Litva isə 20 il əvvəl keçib və hər iki ölkənin təcrübəsində öyrənilməli cəhətlər çoxdur. Ona görə də ümid etmək olar ki, qarşıdakı iki il ərzində həmin ölkələrlə bu sahədə əməkdaşlıq çox fayda verəcək.



Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafından danışan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın fikrincə, təqdim olunan tvinninq layihəsi Azərbaycanın icbari tibbi sığorta ilə bağlı həyata keçirdiyi islahatlara dəstək verəcək.
Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov çıxışında söyləyib ki, icbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşdirilməsi sisteminin iqtisadi səmərəlilik baxımından daha optimal yollarının axtarılıb tapılmasına yardımçı olacaq.
Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva bildirib ki, icbari tibbi sığortanın həyata keçirilməsi əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq, tibb işçilərinin maddi rifahının yaxşılaşdırılmasına xidmət edəcək. O vurğulayıb ki, pilot layihənin nəticələrinin təhlili əsasında səhiyyə sistemində yeni maliyyələşmə mexanizminin tətbiq olunması ölkədə səhiyyənin inkişafına zəmin yaradacaq.
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov icbari tibbi sığortanın icrası sahəsində görülən işlər barədə məlumat verib.
Fransanın Azərbaycandakı səfiri Orelia Buşez və Litva səfirliyinin rəhbərinin müavini Daliya İqnataviçiute isə Azərbaycanın onların ölkələri ilə bu sahədə əməkdaşlığından məmnunluqlarını ifadə ediblər və həmin əlaqələrin genişləndirilməsi üçün mümkün olan bütün səyləri göstərəcəklərini söyləyiblər.
Açılış nitqlərindən sonra üzv dövlətlər və benefisiar dövlət tərəfdən olan layihə rəhbərləri Mişel Villak və Aysel İbayeva layihənin məqsədi, fəaliyyətləri və gözləntiləri barədə çıxış ediblər. Onlar layihənin həyata keçirildiyi müddətdə üç əsas nəticəyə – icbari tibbi sığortanın tətbiqi üçün hüquqi və maliyyə əsaslarının yaradılmasına, eləcə də informasiya texnologiyaları çərçivəsinin inkişaf etdirilməsinə nail olunacağını vurğulayıblar.
Layihənin panel sessiyasında üzv və benefisiar dövlətlərdən olan Andrey Tretyak, Mindauqas Strimskix və Klara Leymoni layihənin icrası prosesi, gözlənilən çətinliklər, ölkəmizin səhiyyə sahəsində mövcud siyasəti, aparılan islahatlar və icbari tibbi sığortanın pilot layihəsi barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, bu il avqustun 20-də icrasına başlanılan layihə 2019-cu ilin avqustunadək davam edəcək.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova