Valyuta.com

Ümumdünya Anesteziologiya günü qeyd olundu

Ümumdünya Anesteziologiya günü qeyd olundu

İnsanların böyük əksəriyyəti ağrıya qarşı həssasdır. Təcili tibbi yardıma, xüsusilə operativ müdaxiləyə ehtiyac yarananda həssaslığın itirilməsi həlledici əhəmiyyət daşıyır və qaçılmaz olur.
Hələ qədim zamanlardan müxtəlif bitkilərin ağrıkəsici, yuxugətirən və sakitləşdirici təsiri məlum idi və bəzi həkimlər onları bu məqsədlə istifadə edirdilər. Bununla belə, əsrlər boyu əksər cərrahi müdaxilələr ağrısızlaşdırma olmadan aparılıb. Cərrahiyyə əməliyyatı zamanı keyləşdirmə üçün süni anesteziyanı ilk dəfə amerikalı diş həkimi və cərrahı Tomas Morton tətbiq edib. O, 1846-cı il oktyabrın 16-da efir narkozu altında əməliyyat keçirərək, boyun nahiyyəsindəki şişi çıxarıb. Bu, ümumi narkozun ilk nümayişi olduğuna görə, indi məhz oktyabrın 16-sı dünyada Ümumdünya Anesteziya günü kimi qeyd olunur.
Bu tarix münasibətilə Bakı Sağlamlıq Mərkəzində keçirilən tədbiri mərkəzin direktoru, tibb üzrə fəlsəfə doktoru Hikmət Həsənov açaraq, son illər səhiyyə sahəsində, o cümlədən anesteziologiyada əldə edilən uğurlardan danışıb.
Toplantıda mərkəzin Anesteziologiya-reanimatologiya şöbəsinin müdiri Fəzilə Xalıqova ölkəmizdə anesteziologiyanın inkişaf tarixinin qısa xülasəsini verərək xatırladıb ki, Azərbaycanda anesteziologiya-reanimasiya xidmətinin təşkili ötən əsrin 60-cı illərinə təsadüf edir: “O vaxt 1 nömrəli Kliniki Xəstəxanada anestezioloq-reanimatoloq ştatı fəaliyyət göstərib, bir neçə il sonra isə ayrıca şöbə yaradılıb. 1974-cü ildə Tibb Universitetində Anesteziologiya-reanimatologiya kafedrası açılıb və bu sahədə ilk ixtisaslı kadrlar hazırlanmağa başlanılıb. Həmin illərdə cəmi 6 nəfər ixtisaslı kadr var idisə, indi onların sayı 1200-dən artıqdır”.
Şöbə müdiri qeyd edib ki, indi onun çalışdığı mərkəzdə Anesteziologiya şöbəsi 4 əməliyyatxana, 6 çarpayılıq ayıltma otağı, 12 çarpayılıq reanimasiya bölməsi, 2 çarpayılıq boksdan ibarətdir və onların hər biri ən müasir tibbi avadanlıqlarla təchiz edilib.
Sonra mərkəzin ayrı-ayrı bölmələrinin müdirləri xidmət sahələrində həyat keçirilən əməliyyatlar, tətbiq olunan anesteziyanın keyfiyyəti barədə məlumat veriblər. Qeyd edilib ki, Bakı Sağlamlıq Mərkəzi ən son texnologiyalara əsaslanan avadanlıqlarla təchiz olunub. Müraciət edən xəstələrin əməliyyata qədərki bütün prosedurları ardıcıllıqla keçirildiyi üçün əməliyyatlar uğurla başa çatır.
Mərkəzin Doğum şöbəsinin Anesteziologiya-reanimatologiya bölməsinin müdiri Rauf Yaradanovun verdiyi məlumata görə, səhiyyə ocağı fəaliyyətə başlayandan indiyə qədər şöbədə 2101 əməliyyat aparılıb. 135-i ginekoloji, 1966-sı mamalıqla əlaqədar olan bu əməliyyatların 18 faizi ümumi, 82 faizi regionar narkozla icra edilib.
Müəssisənin Yenidoğulmuşlar şöbəsinin bölmə müdiri Gilə Nəcəfova isə dünyaya yeni gələn körpələrə və analarına göstərilən xidmət, aparılan əməliyyatların yüksək səviyyəsi barədə məlumat verib, bunu əks etdirən statistik göstəriciləri və faktları misal çəkib.
Tədbirdə Səhiyyə Nazirliyinin anesteziologiya-reanimatologiya üzrə baş mütəxəssisi Aydın Qədirov Azərbaycanda səhiyyə sahəsində davamlı inkişafdan, maddi-texniki bazanın yenilənməsi, kadr hazırlığı üzrə görülən ardıcıl tədbirlərdən danışıb. Onun sözlərinə görə, son 10 ildə ölkəmizdə anesteziologiya-reanimatologiya sahəsində çox böyük nailiyyətlər əldə olunub. Bu gün respublikada elə bir tibb mərkəzi yoxdur ki, orada anesteziologiya-reanimatologiya şöbəsi olmasın.
A.Qədirov onu da qeyd edib ki, həkimlik çox çətin və məsuliyyətli peşədir, cərrahi əməliyyatlarda hər zaman risk mövcuddur: “Bu riski artıran ilkin səbəblərdən biri xəstələrin öz sağlamlıqlarına diqqət etməməsidir. Təəssüflə deyə bilərik ki, bir çox hallarda xəstələr əməliyyat olunmaq üçün gecikmiş mərhələdə müraciət edirlər. Beləliklə, erkən və vaxtında müdaxilə edildikdə daha rahat və təhlükəsiz müalicə oluna bilən xəstəlik ağırlaşır, proses gecikdiyinə görə yanaşı xəstəliklər də çox olur. Fəsadlaşandan sonra istər anestezioloq, istərsə də cərrah üçün belə əməliyyatı aparmaq asan başa gəlmir. Əməliyyat zamanı belə xəstədə hansısa fəsad yarandıqda isə bunun günahını anestezioloqda görürlər. Halbuki əminliklə deyə bilərəm ki, ölkəmizdə bu sahədə yüksək səviyyəli xidmət göstərilir”.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova