Valyuta.com

Ümumdünya Görmə günü qeyd edildi

Ümumdünya Görmə günü qeyd edildi

“Bu gün ölkəmizdə 40 minə yaxın gözdən əlil xəstə var. Onların 8 minə yaxını uşaqlardır. Oftalmoloqların dediyinə görə, vaxtında müayinə və müalicələrə cəlb edilsələr, belə xəstələrin 80 faizini sağaltmaq mümkündür”.
Bunu Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il oktyabrın ikinci cümə axşamı qeyd edilən Ümumdünya Görmə günü münasibətilə keçirilmiş mətbuat konfransında söyləyib. İctimaiyyətin diqqətini kor, görmə pozuntusu və görmə zəifliyi olanların problemlərinə yönəltmək üçün təqvimə salınan həmin günlə əlaqədar olaraq, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə adıçəkilən Cəmiyyətin birgə təşkil etdiyi tədbirdə birliyin sədri toplantıdan sonra keçiriləcək görmə əlillərinin tibbi müayinə aksiyasını cəmiyyətin bu həssas təbəqəsinə olan qayğı nümunəsi kimi qiymətləndirib.
Mətbuat konfransında Milli Oftalmologiya Mərkəzinin əməkdaşı Yazgül Abdıyeva çıxış edərək bildirib ki, dünya əhalisinin təxminən 300 milyonu görmə zəifliyi ilə üzləşir, 40 milyon nəfərə yaxın insan görmə qabiliyyətini tamamilə itirib, 246 milyon nəfərdə isə yüngül və ağır görmə pozuntusu var: “Xroniki korluğa aparan əsas səbəblər sırasına katarakta, qlaukoma, sarı nöqtənin degenerasiyası, buynuz qişasının tündləşməsi, traxoma və uşaqlarda A vitaminin çatışmazlığı daxil edilir. Dünyada yaşla və nəzarətsiz diabetlə əlaqədar göz nurunun itirilməsi daha geniş yayılıb. Belə ki, görmə problemindən əziyyət çəkənlərin əksəriyyətini yaşı 50 və daha yuxarı olanlar təşkil edir. Hazırda dünyada 2020-ci ilə qədər görmə problemi ilə üzləşənlərin və korluğun qarşısını 80 faiz azaltmaq uğrunda mübarizə aparılır. Görmə problemləri ilə əlaqədar ölkəmizdə qəbul edilən proqramlar da əhalinin bu sahədə sağlamlıq vəziyyətinin yaxşılaşmasına yönəldilib”.
Y.Abdıyeva hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş, Qafqazda ən böyük oftalmoloji müəssisə olan Milli Oftalmologiya Mərkəzinin bu sahədə apardığı işlər və gördüyü tədbirlər barədə məlumat verib. O, 2005-ci ildən Mərkəzdə yaradılan səyyar klinikanın fəaliyyətindən də danışıb: “İndiyədək bu klinikada 21 645 xəstə müayinə olunub və 2,5 min xəstə üzərində uğurlu əməliyyatlar aparılıb. Səyyar klinikanın əməkdaşları həm paytaxtdakı bağça və məktəblərdə, ayrı-ayrı müəssisələrdə, həm də bölgələrdə, xüsusilə ucqar yaşayış məntəqələrində müayinələr həyata keçirirlər”.
Gözdən Əlillər Cəmiyyətində mətbuat konfransından sonra təşkil edilən səyyar yoxlama zamanı 100-dən çox xəstə oftalmoloji müayinədən keçirilib, 20-dən çox xəstəyə görmə qabiliyyətini yaxşılaşdırmaq üçün eynəklər verilib.
Qeyd edək ki, Ümumdünya Görmə günü çərçivəsində bir çox ölkələrdə göz xəstəlikləri ilə əlaqədar maarifçilik və profilaktika tədbirləri aparılır, oftalmoloq müayinəsindən keçmək imkanı yaradılır. Mütəxəssislərin fikrincə, vaxtaşırı həkim müayinəsindən keçmək və xəstəliyin erkən aşkarlanması sayəsində görmə ilə əlaqədar daha ciddi problemlərin qarşısını almaq mümkündür.
Azərbaycanda oftalmoloji müayinə aksiyalarının miqyasını böyütmək, daha çox insanı bu müayinələrlə əhatə etmək məqsədilə Ümumdünya Görmə günü ilə əlaqədar keçirilən tədbirlərin zaman hüdudları genişləndirilib və “Görmə həftəsi” kimi qeyd olunub.
Milli Oftalmologiya Mərkəzinin həkim heyəti Nərimanov rayonunda yerləşən 5 saylı sağlamlıq imkanları məhdud uşaqların internat məktəbində olub, orada təhsil alan gözdən əlil uşaqları oftalmoloji müayinədən keçirib, aşkar edilən müxtəlif patologiyalarla əlaqədar tövsiyələrini veriblər.
Naxçıvanda keçirilən analoji aksiya zamanı Muxtar Respublika Xəstəxanasında, həmçinin məktəblərdə şagirdlər arasında oftalmoloji baxış təşkil olunub, eləcə də şəkərli diabet xəstələrində lazer koaqulyasiya əməliyyatları icra edilib.
Mərkəzin həkimləri Gəncə şəhərində, Masallı rayonunda, eləcə də paytaxtın Şağan qəsəbəsində də müayinə tədbirləri aparıblar. Noyabrın əvvəllərində isə Şəmkir və Tovuz rayonlarında oftalmoloji müayinələr nəzərdə tutulur.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova