Valyuta.com

Ümumdünya Hepatit günü

Ümumdünya Hepatit günü

Ümumdünya Səhiyyə Assambleyasının qərarı ilə 2010-cu ildən etibarən iyulun 28-i Ümumdünya Hepatit günü kimi qeyd edilir. Bu günün məhz iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən və ona qarşı birinci vaksini yaradan, bu nailiyyətinə görə Nobel mükafatı alan professor B.Blumberqin anadan olduğu tarixlə bağlıdır.
Bütün dünyada hepatit viruslarına qarşı profilaktika və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edən Ümumdünya Hepatit günü ilə əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün ölkələri milyonlarla insanın həyatını xilas etmək üçün hepatitin diaqnostikası və müalicəsinin keyfiyyətini yüksəltməyə çağırıb.
Son vaxtlar sürətlə artan xəstəliklərdən olan hepatitin A, B, C, D, F və digər növləri var. Bunlardan B və C virus hepatitlərinin müalicəsi daha çətindir. Dünya üzrə 200 milyondan çox xəstənin hepatit C ilə yoluxduğu aşkar edilib. ABŞ-da hər il həyata keçirilən 500 qaraciyər köçürülməsi əməliyyatının təxminən 30-35 faizə qədəri xroniki hepatit C xəstələrinin payına düşür.
BMT-yə üzv dövlətlər tərəfindən imzalanmış Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq, hepatitə yoluxanların sayının 2030-cu ilədək 90 faiz azaldılması əsas hədəf seçilib.
Hepatit xəstəliyinin müayinə və müalicəsi sahəsində ölkəmizdə də mühüm işlər görülür. O cümlədən, hepatit viruslarına yoluxanların diaqnozlarının qoyulması, qeydiyyatlarının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təşkili üçün tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyində hepatitlərin profilaktika, diaqnostika və müalicəsinin təşkili üzrə xüsusi komissiya da yaradılıb.

Yoluxma vaxtında aşkarlansa, hepatitdən sağalmaq olar

Azərbaycanda hepatit infeksiyalarının yayılması orta səviyyədədir. Müqayisə üçün, hepatit B-yə yoluxma İtaliyanın cənubunda 8, Rusiyada və Qazaxıstanda 10, Misirdə 18 faiz, ölkəmizdə isə 2 faiz təşkil edir. Hepatit C-yə yoluxma faizi isə daha aşağı - 1,95 faiz səviyyəsindədir. 25 il əvvəl yoluxmanın 3,5 faiz təşkil etdiyini nəzərə alsaq, son illər bu sahədə aparılan tədbirlərin səmərə verdiyini demək mümkündür. Azərbaycanda 2006-cı ildən aparılan vaksinasiya, xəstəliyin diaqnostika, müayinə və müalicəsi üzrə görülən işlər, eləcə də antiepidemioloji tədbirlər bu sahədə vəziyyətin yaxşılaşmasına səbəb olub.
Bu barədə Səhiyyə Nazirliyinin B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyasının sədri, professor Murad Məmmədov Ümumdünya Hepatit günü ilə əlaqədar Kliniki Tibbi Mərkəzdə jurnalistlər üçün keçirilən mətbuat konfransında danışıb.
Tədbirdə son illər hepatit virusunun bütün növlərinə yoluxma, xəstələnmə göstəriciləri və bu sahədə görülən tibbi tədbirlər barədə dolğun və ətraflı məlumat verilib. Qeyd olunub ki, ölkəmizdə hepatit C virusunun müalicəsinə 1992-ci ildə interferon preparatları ilə başlanılıb, 1999-cu ildə yeni preparatlarla davam etdirilib. 2013-cü ildən tətbiq edilən ən müasir preparatlar isə xəstələr arasında 95 faizdən artıq sağalmaya səbəb olur. Hazırda qeydiyyatdan keçən yeni preparatlar hepatit xəstələrinin sağalıb həyata qaytarılmasında xüsusilə böyük rol oynayır. Nəticədə, hepatit B virusu ilə xəstələnənlər arasında ölüm səviyyəsi 1 faizə düşüb. Hepatit C virusuna yoluxanlar arasında ölüm faizi bundan da aşağıdır.
Komissiya sədri bildirib ki, vaxtında aparılan müalicə tədbirləri yoluxmanın fəsadlaşmış formaya – qaraciyər sirrozuna və xərçəngə çevrilmə ehtimalının qarşısını alır. ÜST-nin məlumatları da bunu təsdiqləyir. Vaxtilə hepatitlərdən ölüm göstəricisi statistikada 7-ci yerdə idisə, indi 10-cu yerə düşüb. Hazırda ölkəmizdə hepatitin ayrı-ayrı növlərinə yoluxmuş 7 043 xəstə var və onların müalicəsi üçün tədbirlər görülür.
Kliniki Tibbi Mərkəzin Hepatit şöbəsinin müdiri Ziyafət Tağıyeva bu ilin altı ayı ərzində xəstəxanaya 838 nəfər qəbul edildiyini, onlardan 171-nin hepatit B, 502-nin hepatit C, 7-nin hepatit A, 9-nun isə hepatit D virusuna yoluxduğunu bildirib. Şöbə müdiri qeyd edib ki, yoluxanların 55 faizini kişilər təşkil edir. Xəstələrdən 33-nün vəziyyəti ağır kimi qiymətləndirilir.
Z.Tağıyeva təəssüflə söyləyib ki, xəstələr onların həyatına daxil olan bu “səssiz qatil”dən vaxtında xəbər tuta bilmirlər. Xüsusilə rayonlardan gətirilən xəstələr əksər hallarda terminal və ağır vəziyyətlərdə olurlar.
Sonra mətbuat konfransında jurnalistlərin sualları cavablandırılıb.

Sabunçuda hepatitlə bağlı müzakirələr aparılıb

Sabunçu rayonunda Ümumdünya Hepatit gününə həsr edilən tədbir keçirilib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rayon bölməsi tərəfindən təşkil olunan toplantıda AzQAC-ın İcmaya əsaslanan sağlamlıq proqramının əlaqələndiricisi Mətanət Qaraxanova bu günlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə qlobal miqyasda tədbirlərin keçirildiyini vurğulayıb. Bildirib ki, bu sahədə uğur qazanmaq üçün cəmiyyətin bütün üzvləri səfərbər olmalıdır. O, dünyada hepatit viruslarına yoluxma, xroniki hepatitlər, müayinə və müalicə ilə bağlı statistik göstəriciləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İSİM-in əməkdaşı, həkim Hafiz İbrahimov hepatit virusları və onların fəsadları ilə bağlı ətraflı məlumat verib.
Yerli idarə, təşkilat, təhsil müəssisələri kollektivlərinin, ictimaiyyət nümayəndələrinin, gənclərin iştirak etdiyi tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Respublika Diaqnostika Mərkəzində ödənişsiz kampaniya

Ümumdünya Hepatit günü ilə əlaqədar olaraq Respublika Diaqnostika Mərkəzində (RDM) beşgünlük aksiya keçirilib. Kampaniyada iştirak edənlər ödənişsiz həkim-hepatoloq konsultasiyasından, endirimli laborator müayinələrdən faydalanıblar.
Ümumdünya Hepatit günündə RDM-də bu Mərkəzin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyinin və M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsi ərazi ilk partiya təşkilatının təşəbbüsü ilə tədbir də keçirilib.
Toplantıda çıxış edən M.Ə.Rəsulzadə bələdiyyəsi ərazi ilk partiya təşkilatı gənclər birliyinin sədri Ayla İbrahimova ÜST-nin hepatit viruslarının yayılmasının qarşısının alınmasına və onunla mübarizəyə yönəldilmiş fəaliyyətindən danışıb.
RDM-in həkim-qastroenteroloq-hepatoloqu, Türkiyə Qastroenteroloji Dərnəyinin fəxri üzvü Cəmil Kamilli hepatit virusları və onların əlamətləri, yoluxma yolları, diaqnostikası, müalicəsi, profilaktik tədbirlər haqqında məlumat verib.
Digər çıxış edənlər tədbirin əhəmiyyətini vurğulayıb, belə maarifləndirici aksiyaların davamlı keçirilməsinin vacibliyini qeyd edib, gəncləri bu işdə fəal olmağa çağırıblar.
Aksiya çərçivəsində C.Kamilli M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan gəncləri ödənişsiz müayinə edib.

Bakı sərnişin vağzalında hepatit virusunun ilkin müayinəsi aparılıb


Ümumdünya Hepatit günü münasibətilə Bakı dəmiryol vağzalında, könüllülük prinsipi əsasında, təmənnasız olaraq, B və C hepatit viruslarınin ekspres metodla təyini aparılıb.
Referans Klinik Laboratoriya Mərkəzinin, LOR hospitalının və “Azərbaycan Dəmir Yolları” QSC-nin dəstəyi ilə keçirilən, əhalinin maariflənməsi və öz sağlamlığı barədə məlumatlı olması məqsədi daşıyan aksiya çərçivəsində 100-ə yaxın vətəndaşda B və C hepatit viruslarının olub-olmaması ekspres metodla təyin edilib.шаблоны для dle 11.2





Aprel 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova