Valyuta.com

Qusardakı “Şəfa” Mərkəzində istirahət edin!

Qusardakı “Şəfa” Mərkəzində istirahət edin!

Səhiyyə işçiləri üçün istirahət günə 11 manat 80 qəpiyə başa gəlir, dəyərin qalan 80 faizini Səhiyyə İşçilərinin Həmkarlar İttifaqı ödəyir
Yay fəsli gələr-gəlməz insanların, xüsusən ilboyu çalışan, fiziki və zehni yorğunluğu canında hiss edən hər kəsin fikrindən tək şey keçir – istirahət etmək, şəhərin səs-küyündən qısa müddətlik də olsa, qaçıb sakit bir yerdə dincəlmək, təmiz havada olmaq və s. Təbii ki, bu cür istirahətə daha çox ehtiyacı olanların ön sıralarında insanların sağlamlığının keşikçiləri – həkimlər də dayanır. Sevindirici haldır ki, son illər təkcə həkimlərin iş şəraitinin yaxşılaşdırılması, ixtisaslarının, bilik və bacarıqlarının artırılması istiqamətində deyil, həm də onların istirahətinin yüksək səviyyədə təşkili sahəsində də xeyli işlər görülür. Bir müddət öncə istifadəyə verilən, Azərbaycanın əsrarəngiz təbiətə malik gözəl bir guşəsində – Qusar rayonunda, ekoloji cəhətdən təmiz ərazidə yerləşən “Şəfa” İstirahət Mərkəzi bunun ən gözəl örnəyidir.
Oxucularımızın böyük əksəriyyətinin tibb işçilərindən ibarət olduğunu və artıq istirahət mövsümünün başladığını nəzərə alaraq, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı (SİHİ) Respublika Komitəsinin sədri Emin Əfəndiyevlə “Şəfa” İstirahət Mərkəzinin fəaliyyəti barədə söhbət etdik.

- Emin müəllim, belə bir istirahət ocağını yaratmaq fikri necə meydana çıxdı?
- SİHİ Respublika Komitəsinin Rəyasət Heyəti səhiyyə sahəsində çalışan çoxsaylı həmkarlar ittifaqları üzvlərinin arzu və təkliflərini nəzərə alaraq, onların ailə üzvləri ilə birlikdə kütləvi istirahətini təşkil etmək məqsədilə belə bir Mərkəzin tikilməsinə qərar verdi.
Qusar Rayon Mərkəzi Xəstəxanası yeni binaya köçdükdən sonra – 2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Səhiyyə Nazirliyinin köməkliyi, Əmlak Komitəsinin qərarı ilə köhnə xəstəxananın binası və ərazisi Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə verildi. Nəticədə, tibb işçiləri və onların ailə üzvlərinin istirahətinin yüksək səviyyədə təşkili məqsədilə SİHİ Respublika Komitəsinin büdcə vəsaiti hesabına bu Mərkəz tikildi. Bu istirahət ocağı yerləşdiyi məkan, bölgənin sağlamlaşdırıcı iqlimi baxımından da əvəzolunmazdır. Hər cür şəraiti, rahat dincəlmək üçün bütün imkanları olan “Şəfa” İstirahət Mərkəzində konfrans və idman zalı, yeməkxana, uşaq meydançası, 3 ədəd üstü bağlı talvar var, inzibati bina, qazanxana, su anbarı, digər yardımçı otaqlar tikilib, lazımi infrastruktur yaradılıb. Burada istilik sistemi də quraşdırılıb, ona görə Mərkəz həm qış, həm də yay kurortu kimi fəaliyyət göstərir, bir sözlə, ilboyu qonaq qəbul edir.

- “Şəfa”nın istifadəyə verilməsindən bir ildən çox vaxt keçib. Sizcə, artıq hansısa nəticələrdən danışmaq olarmı? Mərkəzin fəaliyyəti səhiyyə işçilərini qane edirmi?
- Öncə qeyd edim ki, Mərkəz səhiyyə naziri Oqtay Şirəliyevin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin, Qusar rayon İcra Hakimiyyətinin başçısı və digər rəsmi şəxslərin iştirakı ilə 26 dekabr 2015-ci ildə açılıb. Ancaq tam gücü ilə 2016-cı ilin may ayından fəaliyyətə başlayıb. O dövrdən indiyədək burada 4500 səhiyyə işçisi və onların ailə üzvləri istirahət edib.
Mərkəzin fəaliyyətinin onları qane etməsinə gəlincə, deyə bilərəm ki, səhiyyə işçilərinin “Şəfa”da istirahət zamanı səsləndirdikləri fikirlər, “Ürək sözləri kitabçası”na yazdıqları rəylər burada dincəlməkdən məmnun qaldıqlarını düşünməyə əsas verir. Bu da təbiidir, çünki burada çox gözəl, müasir şərait yaradılıb. Mərkəzin ərazisində yerləşən bütün binalar müasir işıqlandırma və havalandırma sistemi, lift, sürətli internetlə təmin olunub. Yataq və istirahət korpusunda hər nömrədə kondisioner, soyuducu, rəqəmsal televizor, elektrik çaydanı, çay dəsti var. Dəhlizlərdə də istirahət üçün müvafiq şərait yaradılıb, yumşaq mebellər, su sərinləşdirici aparat qoyulub. Mərkəzdə VİP nömrələr də fəaliyyət göstərir.
İstirahətə gələnlərə gündə üç dəfə keyfiyyətli yeməklər verilir. Onlar üçün milli mətbəxin dadlı təamlarından hazırlanır. İstirahət mərkəzində yaşayış korpusu ilə yeməkxana arasında qədim el-oba atributlarından təşkil edilmiş ekzotik guşə düzəldilib. İstirahətin səmərəliliyini artırmaq məqsədi ilə Mərkəzdə fitnes zalı, fizioterapevtik müalicə kabineti, inhalyasiya və s. xidmətlər də yaradılıb.
İki hektar ərazisi olan istirahət mərkəzinin perimetri boyu həmişəyaşıl ağaclardan yaşıllıq zolağı salınıb, bağda minə yaxın müxtəlif növ dekorativ ağac, kol, ölkənin müxtəlif bölgələrindən gətirilmiş külli miqdarda gül-çiçək, bəzək bitkiləri əkilib.

- “Şəfa” eyni vaxtda nə qədər qonaq qəbul edə bilir? Göndərişlərin müddəti nə qədərdir?
- Üçmərtəbəli Mərkəzdə eyni vaxtda 100 nəfərin istirahət etməsi mümkündür. Nömrələr bir, iki və üç otaqlıdır. İstirahət mərkəzində bütün xidmətlər nəzərə alınmaqla 1 nəfərin 1 günlük istirahətinin qiyməti ƏDV ilə birlikdə 59 manat təsdiq olunub. Səhiyyə işçiləri isə göndərişin ümumi dəyərinin 20 faizini – bir gün üçün 11 manat 80 qəpik ödəməklə istirahət edə bilirlər. Göndərişin ümumi dəyərinin qalan 80 faizi isə SİHİ Respublika Komitəsinin büdcə vəsaiti hesabına ödənilir.
İstirahət mərkəzi iyunun 1-dən oktyabrın 1-dək 7 günlük göndərişlərə əsasən hər gün, qalan müddətlərdə isə həftə sonu 3 günlük fəaliyyət göstərir. İstirahət mərkəzində yerli sakinlərdən ibarət 40 işçi çalşır.
“Şəfa” Qusar İstirahət Mərkəzindən “Şahdağ” Turizm Kompleksinə, Qubaya, Nabran çimərliklərinə turist gəzintiləri də təşkil edilir. Bayram günlərində bayram süfrələri açılır, canlı musiqili konsertlər verilir, idman yarışları və digər maraqlı mədəni kütləvi tədbirlər keçirilir.

- Emin müəllim, “Şəfa” İstirahət Mərkəzində xidmətlər genişləndirilirmi? Hansısa yeniliklər nəzərdə tutulurmu?
- Təbii ki, Mərkəz fəaliyyətə başlayandan sonra işimizi bitmiş hesab etməmişik. İmkanlarımız daxilində səhiyyə işçilərinin istirahətinin yüksək səviyyədə təşkili üçün durmadan çalışırıq. Yaxın gələcək üçün planlarımız isə fitnes və bilyard zallarının, sauna və tibb otaqlarının, uşaq hovuzunun, artezian quyusunun istifadəyə verilməsidir. Həmçinin istirahət mərkəzinin yay və qış çayxanasının tikintisinə başlanıb.
Sonda onu da qeyd edim ki, Qusardakı “Şəfa” İstirahət Mərkəzinin 2 hektar torpaq sahəsi və ərazidə yerləşən bütün binalar özəlləşdirilib, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin mülkiyyətidir və səhiyyə işçilərinə xidmət göstərir.
Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





May -2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova