Valyuta.com

Erkən diaqnostika insan həyatını xilas edə bilər

Erkən diaqnostika insan həyatını xilas edə bilər

O, “İgid əsgər, möhkəm dayan”, “Cənab leytenant”, “Vətən çağırır”, 20 Yanvar şəhidlərinin xatirəsinə “Qərib karvan”, Milli Ordunun ilk batalyonu haqqında “Birinci batalyon” kimi vətənpərvərlik ruhunda onlarla mahnının musiqisinin və sözlərinin müəllifi olaraq tanınır. Müsahibələrini də əksər hallarda Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, AYB Hərbi vətənpərvərlik komissiyasının sədri, “Qızıl qələm” mükafatı laureatı kimi verib. Biz isə bu ənənəni pozaraq, Müdafiə Nazirliyi Tibb İdarəsinin və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı, Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə dair ilk hərbi-tibbi arxivin yaradıcısı Şahin Əbilovla 30 ilə yaxın həkim təcrübəsi olan, ultrasəs müayinəsi (USM) mütəxəssisi kimi söhbət etdik.
- Ultrasəs müayinəsi təkcə diaqnostik deyil, həm də profilaktik məqsədlə həyata keçirilən ən müasir müayinə metodlarından biridir. Səhhətindən şikayəti olanlar da, sağlamlığından arxayın olmaq istəyənlər də bu müayinədən keçə bilərlər.
USM qeyri-invaziv müayinədir, həkimin təyinatına əsasən mütəmadi, müəyyən fasilələrlə həyata keçirilə bilər. Məsələn, hamilə qadınlarda dölün düşmə təhlükəsi, ürək döyüntüsündə zəifləmə və ya hansısa qüsuru varsa, o, dinamik müayinəyə cəlb olunur. Belə göstəriş olmadıqda isə qadın hamiləliyin hər trimestrində planlı şəkildə ultrasəs müayinəsindən keçir. Bu zaman təkcə dölün vəziyyəti deyil, eyni zamanda, ananın daxili orqanlarının, xüsusən də böyrəklərinin müayinəsi aparılır. Çünki hamiləliyin son aylarında eklamsiyalar, böyrək çatışmazlığı, nefropatiyalar müşahidə oluna bilir. Bu nöqteyi-nəzərdən profilaktik müayinələr zəruridir.
Qeyd edim ki, ultrasəs müayinəsi öd kisəsi, böyrəklər, sidik kisəsinin daş xəstəlikləri, eləcə də qaraciyər, öd kisəsi, böyrəklər, qalxanvari vəzi və süd vəzisinin böyüməsi proseslərində, hər hansı orqanın ölçülərinin kiçilməsi, bərkiməsi, diffuz qalınlaşması, həcminin dəyişməsində diaqnostik baxımdan əvəzsiz metod sayılır.

- Bilirik ki, hamiləliyin erkən dövründə qadınlar daha çox uşağın cinsiyyətini öyrənmək məqsədilə ultrasəs həkiminə müraciət edirlər. Və heç kimə sirr deyil ki, Azərbaycan selektiv abortların sayı yüksək olan ölkələr sırasındadır. Bu barədə fikirlərinizi öyrənmək maraqlı olardı.
- Bu, mentalitetlə əlaqədar olan məsələdir. Doğrudur, mən dəqiq statistik göstəriciləri bilmirəm. Amma Səhiyyə Nazirliyinin, mütəxəssislərin xəbərdarlıqlarına baxmayaraq, bu cür müayinələr gündən-günə artır. Mənim oğlum 12 yaşındadır və indiyədək 2 məktəbdə oxuyub. Müşahidələrimə əsasən deyə bilərəm ki, hər iki məktəbdə qızların sayı oğlanlardan azdır. Bu, həqiqətən də, həyəcanverici situasiyadır. Əlbəttə ki, mən qız və oğlan uşaqları arasında fərq qoyulmasını anormal hal hesab edirəm.

- Milli Məclisin yaz sessiyasında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi planlaşdırılır. Layihəyə əsasən, uşağın cinsinə görə ultrasəs müayinəsinin edilməsi və selektiv abortların aparılması qadağan olunur. Qadağaları pozanlara qarşı isə həm inzibati, həm də cinayət məsuliyyətinin tətbiqi nəzərdə tutulur. Sizcə, bu, real vəziyyətin dəyişməsinə kömək edəcəkmi?
- Belə bir qanunun qəbul olunmasını müsbət hal kimi qiymətləndirmək olar. Amma qısa zamanda müsbət nəticə əldə etmək bir az çətin görünür. Çünki insanların bu sahədə dünyagörüşünü dəyişmək lazımdır. Bunun üçün kütləvi informasiya və digər vasitələrlə əhali arasında, xüsusilə bölgələrdə ciddi maarifləndirmə işləri aparılmalı, mədəni səviyyə yüksəlməlidir. Bu cür insanlar qəbul etməlidirlər ki, önəmli olan uşağın cinsi yox, onun sağlamlığıdır. Yoxsa bəzən “niyə mənim oğlum olmamalıdır?!” deyə üsyan edənlərin qarşısını inzibati, hüquqi qaydada qadağaların tətbiqi ilə almaq mümkün olmayacaq. Çalışmaq lazımdır ki, bu problemin ortaya çıxmasına səbəb olan həkimlər də, valideynlər də yanlış yolda olduqlarını şüurlu şəkildə dərk etsinlər.

- Siz necə, pasiyentləriniz təkid edərsə, uşağın cinsinə görə ultrasəs müayinəsi həyata keçirirsiniz?
- Ultrasəs həkimi kimi məni tanıyanlar, pasiyentlərim bilir ki, 30 illik fəaliyyətim müddətində çalışmışam ki, hamilə qadınları uşağın cinsini müəyyənləşdirmək məqsədilə müayinə etməyim. Hətta buna görə məndən inciyənlər, küsənlər də olub. Bu məsələdə mövqeyim qətidir. Müayinəyə gələn hamilə qadınlara da əvvəlcədən xəbərdarlıq edirəm ki, əgər uşağın cinsiyyəti ilə maraqlanırlarsa, baxmayacağam. Ancaq o vaxt uşağın cinsiyyətini deyə bilərəm ki, artıq onu abort etmək olmaz.

- Son dövrlər hamilə qadınlar adi USM ilə yanaşı, doppler ultrasəs müayinəsindən də keçirlər. Bu nə dərəcədə zəruridir?
- Doppler müayinəsi hamiləliyin təxminən 22-ci həftəsindən sonra həyata keçirilir. Bu müayinə üsulunun diaqnostika baxımından imkanları xeyli genişdir. Doppler müayinə edilən damar yatağının qan dövranını, anormal bir müqavimətlə qarşı-qarşıya olub-olmadığını təyin edir. Doppler USM təkcə hamiləlikdə deyil, aşağı və yuxarı ətrafların damarlarına, daxili orqanların qan dövranına baxmaq üçün də geniş istifadə olunur.
Qeyd edim ki, hazırda səhiyyəmizdə doppler USM ilə yanaşı, döldə exokardioqrafiya da geniş vüsət alıb. Bu müayinə metodu ilə dölün ürəyinin vəziyyəti, orada olan qüsurlar, çatışmazlıqlar və s. aşkarlanır. Bu, Azərbaycan səhiyyəsinin son illərdə qazandığı önəmli nailiyyətlərdən biri hesab olunur.

- Azərbaycan bu gün ultrasəs müayinəsi sahəsində inkişaf etmiş ölkələrlə müqayisədə hansı mövqedədir?

- Son illər səhiyyənin digər sahələri kimi, bu istiqamətdə də çox böyük işlər görülüb, savadlı mütəxəssislər yetişib. USM həkimlərimizin qoyduğu diaqnozlar dünyanın inkişaf etmiş ölkələrinin klinikalarında da təsdiqlənir. İstər dövlət, istərsə də özəl tibb müəssiələri ən müasir aparatlarla təchiz olunub. Həkimlərimiz mütəmadi olaraq kurs keçir, elmi konfranslarda iştirak edir, elmi yeniliklərlə tanış olur, özlərini inkişaf etdirirlər. Demək olar ki, mövqeyimiz heç bir ölkədən geridə deyil.

- Sizin də qeyd etdiyiniz kimi, son illər xarici ölkələrdə, xüsusən Türkiyədə təhsil alan gənc kadrlarımızın sayı ilbəil artır. Onlar başqa dildə təhsil aldıqları üçün bəzən həkimlərimizlə qarşılıqlı anlaşılmazlıq yaranır. Məsələn, uzman həkimin ultrasəs müayinəsindən sonra yazdığı göstəriş kağızını digər həkimin oxumaqda çətinlik çəkməsi kimi hallara rast gəlinir.
- Bəli, təəssüf ki, belə hallar baş verir. Əvvəllər sovet tibb təhsili deyilən bir məktəb var idi, ultrasəs müayinəsi də bir protokol əsasında həyata keçirilirdi. İndi bu sistem dağılıb. Hansısa dövlətdə, çox vaxt Türkiyədə təhsil alanlar orada öyrəndiklərini, başqa ölkənin protokolunu gətirib burada tətbiq edirlər. Mən buna mənfi yanaşıram. Bizim öz dilimiz, öz səhiyyəmiz, qəbul etdiyimiz protokolumuz var. Məsələn, yazırlar ki, “lezyon izləndi”. Niyə öz ana dilimizdə işlənən “törəmə” sözünü yox, “lezyon” sözünü yazırsınız?! Düşünürəm ki, bu, cəmiyyəti çaşdırmaq üçündür. Əvvəllər özlərini savadlı təqdim etmək istəyənlər rus dilində danışırdı, indi də yaxşı mütəxəssis olduğunu diqqətə çatdırmaq arzusunda olanlar türkcə danışır, yazır. Siz nə İranda, nə Gürcüstanda, harada təhsil almasından asılı olmayaraq, ana dilindən başqa dildə yazan həkim görə bilməzsiniz. Düşünürəm ki, hər bir şəxs öz təmsil olunduğu ölkəyə hörmət etməlidir. Bu, həkimlik fəaliyyətindən əlavə, həm də hər kəsin vətəndaşlıq borcudur. Vahid protokola əməl edilməlidir, bütün göstərişlər də ana dilində yazılmalıdır.

- Sonda insanlara məsləhətiniz?
- Bilirsiniz ki, praktik olaraq, tam sağlam insan yoxdur. İstər yaşla, istər keçirdiyi xəstəliklərlə, həyat tərzi ilə əlaqədar olaraq, insan orqanizmində bu və ya digər patoloji, funksional dəyişikliklər baş verə bilir. Ona görə insanlar öz sağlamlıqlarını qorumaq naminə, şikayətləri olmasa belə, 6 ayda, ən az ildə bir dəfə çekap müayinədən keçsinlər. Hər kəs nəzərə almalıdır ki, erkən diaqnostika sizin həyatınızı xilas edə bilər.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





May -2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova